Əsas Səhifə > Partiya, Güney Press > Proporsional seçki sisteminin bərpası yenidən gündəmdə

Proporsional seçki sisteminin bərpası yenidən gündəmdə


12-09-2019, 08:27
Proporsional seçki sisteminin bərpası yenidən gündəmdə
Ötən həftənin sonunda Müsavat Partiyasının qərargahında Müsavat, AXCP, REAL Partiyası və bir qrup ictimai təşkilatın təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masada vətəndaşların seçkilər prosesinə etimadını qaytarmağın mexanizmlərindən biri kimi proporsional seçki sisteminin bərpasının vacibliyi bəyan edilib. Hakimiyyətə bu addımı atmaq çağırışı səslənib. Bundan əvvəl də bir sıra partiyalar proporsional seçki sisteminin bərpası üçün hakimiyyətə yazılı təkliflər paketi ünvanlayıblar. Hələ ki bu təkliflər və çağırışlar müsbət nəticə verməyib. Lakin hakim partiyanın təmsilçiləri zaman-zaman açıqlamalarında bildiriblər ki, gələcəkdə nə vaxtsa proporsional seçki sisteminin bərpası istisna deyil.

Müxalifət düşərgəsi isə proporsional seçki sisteminin majoritar sistemdən üstünlüklərinin olduğunu əsas gətirir və bu məsələdə israrlı mövqelərindən geri durmur.

Bu barədə “Yeni Müsavat”a şərhində ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev bildirdi ki, proporsional seçki sistemi çoxpartiyalı dövlət sistemini stimullaşdıran əsas şərtlərdən biridir. Proporsional seçki sistemi ilə parlamentə seçilən şəxslər bir siyasi komanda kimi dövlət quruculuğunda fəal iştirak edir.

Bu komandanın hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq ölkədə islahatların bilavasitə həyata keçirilməsi və ya həyata keçirilməsi təklifləri ilə çıxış etməsi üçün imkanlar əldə olunur. Eyni zamanda siyasi partiyalara cəmiyyətdə ehtiyac daha da artır: “Demokratik cəmiyyət quruculuğuna yeni başlayan postsosialist ölkələrində proporsional seçki sistemi tətbiq olunur. Beynəlxalq birliyin də bu seçki sistemini tələb etməsinin səbəblərindən biri çoxpartiyalı sistemin formalaşıb güclənməsində bu seçki sisteminin ciddi əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Demokratik ölkələrin mütləq əksəriyyətində yalnız proporsional seçki sistemi mövcuddur. Azərbaycan ilk növbədə hələ postsovet məkanında və Şərqi Avropa ölkələrinin təcrübəsindən istifadə edərək demokratiyaya doğru inkişafa nail olmağa çalışmalıdır. Postsovet ölkələri dedikdə mən Ukraynanı, Gürcüstanı, Baltikyanı respublikaları nəzərdə tuturam. Proporsional sistem demokratiyanın atributlarından biridir, partiyaların inkişafına stimul verir. Majoritar sistemdə isə partiya inkişaf edə bilmir. Diqqət edirsinizsə, Azərbaycanda siyasi partiyaların zəifləməsi, siyasi sistemdə mövqelərinin azalması daha çox məhz proporsional seçki sisteminin ləğvindən sonra sürət götürdü”.

Həmsöhbətimiz onu da dedi ki, proporsional qaydada seçilmək millət vəkilinə daha çox hüquq verir. Proporsional seçki sistemi həm demokratikləşmənin inkişafı, həm də siyasi inkişaf və partiyaların siyasi həyatda iştirakı baxımından vacibdir: “Çoxpartiyalı siyasi sistemlərdə baş aktyor partiyalardır, şəxslər deyil. Majoritar sistemdə isə fərdi keyfiyyətlər əsas götürülür ki, bunun da ümummilli məsələlərə elə də aidiyyəti yoxdur. Bütün bunları nəzərə alsaq, bəlli olur ki, siyasi partiyaların proporsional seçki sisteminin bərpasını istəməsi tamamilə məntiqlidir”.

Qeyd edək ki, Azərbaycanda hazırda proporsional seçki sistemi mövcud deyil. Azərbaycan Konstitusiyasına görə, parlament və bələdiyyə seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin 29 avqustunda keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin ya tamamilə proporsional, ya da həm majoritar, həm də proporsional qaydada keçirilməsi təklifləri vaxtaşırı gündəmə gəlir.

Onu da bildirək ki, seçki sisteminin dəyişdirilməsi yalnız o halda mümkündür ki, qanunvericilikdə dəyişiklik həyata keçirilsin.

Geri qayıt