Əsas Səhifə > Partiya, Güney Press > “Boykot mübarizədə effektiv yol deyil”
“Boykot mübarizədə effektiv yol deyil”11-09-2019, 07:57 |
Seçki öncəsi adətən siyasi düşərgədə ikitirəlik yaranır. Seçkidə iştirak tərəfdarları ilə, boykotçular arasında fikir müxtəlifliyi, söz atışması müşahidə edilir. Hər iki tərəf öz mövqeyinin daha doğru olduğunu sübut etməyə səy göstərir. Məlumdur ki, bu il ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri cari ilin 27 dekabrında baş tutacaq. Seçkilərə qısa zaman qalmasına baxmayaraq, siyasi arenada elə də ciddi aktivlik müşahidə olunmur. Bir sıra siyasi təşkilatlar “boykot” çağırışları edir. Bu günə qədər keçirilən seçkilərdə boykot taktikası heç bir halda effektiv olmayıb. Bu, boykotdan danışanların aktiv boykot taktikasına malik olmaması, sadəcə, bunu aksiya xətrinə edildiyi ilə əlaqələndirilir. Ona görə də real durumun seçkidə iştirak olduğu vurğulanır. Maraqlıdır, bu dəfə müxalifət nə düşünür? Hazırkı durumda seçkidə iştirak, yoxsa boykot vacibdir? “Seçkidə iştirak vacibdir” Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, əgər hər kəs ölkədə demokratik dəyişiklik istəyirsə, seçkidə iştirak daha məqbuldur: “Siyasi partiysların ən önəmli işi seçkilərdə iştirakdır. Seçkidə qalib də ola bilərsən, məğlub da. Udmaq yaxşıdırsa, uduzmaq da dünyanın sonu demək deyil. Seçkidə iştirak xalqla təmasda olmaq, siyasi proseslərdəki aktiv iştirak etmək, öz siyasi platformanı cəmiyyətə çatdırmaq imkanıdır. Ümidsiz yaşamaq olmaz. Nikbin olmaq və seçkiyə qatılmaq lazımdır. Boykot taktikası seçib, çəkilib qıraqda durmaq elə hakimiyyətin “dəyirmanına su tökmək”dir. Bundan öncəki seçkilərdə boykot taktikası seçənlər sonradan addımlarının səhv olduğunu anladılar. Seçkini boykot etməklə alternativ fikrin qarşısını kəsmək doğru deyil. Biz müxalifət partiyası olaraq bütün seçkilərdə iştirakın tərəfdarıyıq. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Partiya olaraq seçkilərə hazırıq. Çalışacağıq ki, namizədlərimiz bu seçkidə uğur qazansın”. “Təşviqat fürsətindən istifadə etməliyik” Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə hesab edir ki, seçkiləri boykot etmək dövlətə, xalqa edilmiş ən böyük yanlışdır: “Biz seçkilər yolu ilə hakimiyyətin müxtəlif qollarında təmsilçiliyimizi təmin etmək niyyətindəyik. Seçkilərdə iştirak etmək, seçilmək, vətəndaşda seçki vərdişi yaratmaq hakimiyyətə gedən yolun qısalmasıdır. İllərdir müxalifət seçkini boykot etməklə, əslində, hakimiyyəti meydanda tək saxlayıb, vətəndaş üçün alternativ namizədlər təqdim etməyib və beləliklə də, hakimiyyətin işini asanlaşdırıb. Halbuki zaman-zaman seçkilərdə iştirak etsəydi, seçicini seçkiyə cəlb etmiş olsaydı, bu gün ölkənin durumu da fərqli olardı. Müxalifətin seçiciylə görüşməsi, özünü tanıtması üçün ən optimal yol seçkilər, seçkiqabağı təşviqat prosesidir. Seçkilərdə iştirak etməmək, vətəndaşı seçkidən uzaqlaşdırmaq dövlətə də, millətə edilən ən böyük yanlışlardan biridir. Bu hakimiyyəti dəyişməliyik, dəyişmək üçün isə mütləq seçkilərdə iştirak etmək, vətəndaşlarla canlı ünsiyyətə girmək, efir zamanı almaq, ölkənin bütün dairələrinə tanınmaq lazımdır. Məqsədimiz seçkidə minimum 900 bələdiyyə subyekti üzrə namizədlərlə iştirak etməkdir. Seçki Məcəlləsinə uyğun olaraq, pulsuz efir vaxtı almaqdır. Buna partiyanın potensialı çatır. Bir daha təkrar edirəm, təəssüf ki, digər müxalif partiyalar seçkiləri boykot etdiyi üçün, seçkilərə qatılmadığı üçün hakimiyyət də seçki zamanı seçkiyə qatılan yeganə partiya olaraq partiyamıza qarşı basqılar həyata keçirərək seçkidən uzaqlaşdırmağa cəhd edir. Halbuki müxalifət olaraq hər kəs bir nəfər kimi seçkidə iştirak etsə, iqtidarın işi çətinləşər, etiraz səsləri çoxalar, hakimiyyət müəyyən güzəştlərə getmək məcburiyyətində qalar. Xalqa sosial-siyasi-iqtisadi cəhətdən haqqını verməyi arzulayan hər bir siyasi institut bu fürsətləri əldən verməməlidir”. “Boykot mübarizədə effektiv yol deyil” Ağ Partiyanın sədri Tural Abbaslı da seçkidə iştiraka tərəfdarı olduqlarını, boykotun effektiv yol olmadığnı deyir: “Hər bir partiyanın işi seçki yolu ilə hakimiyyətə gəlməkdir. Odur ki, bu suala ilk cavab müsbət olmalıdır. Yəni hər bir siyasi qurum hər yeni seçkini özü üçün yeni şans hesab etməlidir. Ancaq təəssüf ki, Azərbaycan reallıqlarında seçki başqa anlama gəlir. Zaman-zaman siyasi partiyaların dilindən boykot çağırışları eşidilir. Bütün bunlara baxmayaraq, biz Ağ Partiya olaraq, ümumiyyətlə, boykot siyasətinin tərəfdarı deyilik. Düşünmürük ki, hazırkı vəziyyətdə seçkiləri boykot edərək iqtidara real təsir imkanları əldə etmək mümkün olsun və onu nəyəsə vadar edə biləsən. Biz prosesdə iştirak edərək içəridən hadisələrə təsir etməyin tərəfdarıyıq.Yəni seçkidən kənarda qalaraq onun ədalətli keçirilməsinə nail olmaq mümkün deyil. Seçkidə iştirak edərək iqtidarı nəyəsə məcbur etmək mümkündür. Odur ki, biz, hətta, siyasi həyata heç bir real təsir imkanları olmayan bələdiyyə seçkilərində də iştirakın tərəfdarıyıq və iştirak edəcəyik. Sadəcə, bu seçkilərə partiyanı enerji və resursları çox israf etmək niyyətində deyilik. Yeni gənc üzvlərimizin seçki bilik və bacarıqlarının formalaşması üçün bu fürsətdən istifadə edəcəyik. Güman edirəm ki, nə vaxtsa, bələdiyyələr Azərbaycanın sosial-siyasi həyatında ciddi rol oynamağa başlayacaq və biz də o zaman bu seçkilərə lazımı diqqəti ayıracağıq”. “Kənarda qalmaq düzgün deyil” Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da seçkidə iştirakı vacib hesab edir: “Əslində, bunun konkret cavabı yoxdur. Çünki seçkidə iştirak tərəfdarlarının da, digərlərinin də arqumentləri kifayət qədər güclüdür. Amma hesab edirəm ki, seçkidən kənarda qalmaq düzgün deyil. Çünki siyasi partiyaların ilk növbədə vəzifəsi seçkidə iştirak etmək, seçki institutlarının formalaşmasına, təkmilləşməsinə nail olmaqdır. Cəmiyyəti seçkilərdə fəal iştiraka təşviq etməkdən ibarətdir. Hazırda ölkədə seçki institutları tamamilə sıradan çıxarılıb. Bizdə seçkilər nəzarət altında keçirilir. Ona görə də seçicilərdə də, siyasi partiyalarda da seçkidə iştiraka maraq qalmır. Amma gözləməli deyilik ki, kimlərsə gəlib bizim əvəzimizə ölkədə demokratik seçki mühiti yaratsın. Ona görə də cəmiyyəti də, siyasi qüvvələri də təmərküzləşdirib ölkədə normal seçkilərə nail olmaq lazımdır. Partiya olaraq əvvəlcədən də bəyan etmişik ki, AMİP seçkilərdə iştirakı daha məqbul sayır. Ölkədəki problemlərin həlli də, narazılıqların aradan qaldırılması da bilavasitə şəffaf seçkilərdən keçir. Hər halda, biz bu prosesə qeyri-rəsmi başlamışıq. Regionlarda artıq namizədlərin müəyyənləşdirilməsi, seçki kampaniyasını təşkil edəcək könüllülər və maliyyənin cəlb edilməsi kimi məsələlər müzakirə edilir. Amma konkret qərar seçkidən qabaq partiyanın müvafiq qurumlarından veriləcək”. Geri qayıt |