Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimli cəbhəçilərin və xalqın gözünü ”mazol" edib"

“Əli Kərimli cəbhəçilərin və xalqın gözünü ”mazol" edib"


5-09-2019, 08:24
“Əli Kərimli cəbhəçilərin və xalqın gözünü ”mazol" edib"
Son illərdə müxalif siyasi təşkilatların mübarizəsinin hədəfləri fərqlidir. 90-cı illərdə müxalif partiyalar yalnız hakimiyyətə gəlməyi, liderlər prezidentliyi hədəf götürmüşdülər. O dövrdə azadlıq, xalqın sosial güzəranı, ədalətli cəmiyyət uğrunda mübarizədən daha çox, siyasi rəqabət müşahidə edilirdi.

Partiyaların didişməsi, seçkiqabağı blokların yaranması, ölü doğulan birliklərin parçalanması və s. müxalifət arsenalında adi hallar idi.

Liderlər bir-birinə güzəştə getmirdilər, hər partiya öz elektoratına səslənirdi, yalnız iqtidara gəlməkdən danışırdılar.

Lakin son illərin müxalifətinin leksikonunda hakimiyyətə gəlmək, liderlərin çıxışlarında prezidentliyə iddialı olmaq barədə bəyanatlara rast gəlinmir. İndi bəzi müxalifət qüvvələri seçkiləri boykot, bəziləri parlamentdə təmsil olunmağı hədəf seçib, bir hissəsi siyasi məhbusların azad edilməsi uğrunda piar qurub.

Özünü “ana müxalifət” sayanların mübarizəsi isə “əsl müxalifət” kimdir müstəvisindədir, “hansı təşkilatın aksiyası daha kütləvi keçdi” davasıdır.

Bütün bu müzakirələr də istər-istəməz bir çoxlarında müxalifətin məqsədlərinə dair şübhələr oyatmağa başladıb.

Bəziləri isə “Müxalifətin hədəfi nədir? Hakimiyyət, yoxsa gündəmdə qalmaq?” kimi suallara cavab axtarırlar.

Maraqlıdır ki, belə suallara cavab axtarışında olan insanlara elə müxalif düşərgədə də rast gəlmək mümkündür.

Bəs müxalifət təmsilçiləri özləri bu barədə nə düşünür?

AĞ Partiya lideri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, 90-cı illərin əvvəli bu müxalifət müstəqillik şüarları ilə mübarizəyə başlamışdı, sonra iqtidara da gəldi:

“Amma bəlli hadisələrdən sonra müxalifətə keçməli oldular və müxalif mövqedə hər seçkidən-seçkiyə, hər mərhələdə çoxlu səhvlərə yol verdilər.

Tural Abbaslı: “2005-ci ildən müxalifətdaxili mübarizə start götürdü, kim əsas liderdir, kimin aksiyada adamı çox oldu...”

Təbii ki, hakimiyyətin sərt siyasəti də onların zəifləməsinə ciddi təsir elədi. 2005-ci ildən isə müxalifətdaxili mübarizə start götürdü. “Kim əsas liderdir”, “kimin aksiyada adamı çox oldu” və s. mübahisələr başladı".

Partiya başqanı hesab edir ki, bu müxalif qüvvələr xalq içində etimadını itirib və yeni siyasətçilər meydana çıxara bilməyiblər: “Sadəcə, varlıqlarını qorumağa çalışırlar. AĞ Partiya isə iqtidara gəlməyi, hakimiyyətdə olarkən Qarabağ problemini həll etməyi, ölkənin sosial-iqtisadi problemlərini yoluna qoymağı, demokratik mühit yaratmağı hədəfləyib. Bunun üçün ilk növbədə xalqın rəğbətini qazanmaq lazımdır”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin bildirdiyinə görə, siyasi partiyaların əsas hədəfi iqtidara gəlmək olmalıdır.

Onun sözlərinə görə, əksər partiyalar seçkiqabağı bunun üçün ilk növbədə seçki mühitinin demokratikləşməsi uğrunda mübarizəyə başlayır:

“Lakin seçki praktikasında irəliləyiş yoxdur. Amma bu gün sosial dəyişikliklərdə müxalifətin mübarizəsinin payı var. İqtidar özü də dəyişikliklər arzulayır. Sadəcə, müxalifətin hazırda mübarizəsi insan haqları üzərində daha çox fokuslanıb, nəinki hakimiyyətə gəlmək.

Bu gün müxalifətin seçim imkanları məhduddur. Ona görə kimsə onların işini siyasi fəaliyyət, kimsə mübarizə kimi qiymətləndirə bilər".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu hesab edir ki, siyasi partiya formalaşanda onun hədəfləri olur: “Hazırkı real müxalifətin məqsədi seçki ilə iqtidara gəlməkdir. Amma illərdir ki, Azərbaycanda müxalifət namizədləri seçkiyə buraxılmır, müxalif fəallar işə götürülmür, təqib edilir. Yəni ölkədə siyasət məhv olub və belə olan halda müxalifət partiyaları duruş gətirməyə çalışırlar”.

Xəzər Teyyublu: “Bu gün müxalifətdə çulğalaşma, birləşmə meyilləri görünmür”

X.Teyyublunun fikrincə, müxalifətin niyyəti hakimiyyətə gəlməklə xalqa xidmət mandatını qazanmaq olmalıdır: “Müxalifətin məqsədi parlamentdə yer tutmaqdır, seçkiləri udmaqdır. Amma bu gün müxalifətdə çulğalaşma, birləşmə meyilləri görünmür. Əgər hədəflərə nail olmaq istəyiriksə, demokratik seçki mühtiinə nail olmaq üçün birləşməliyik”.

Siyasi analitik Natiq Miri 90-cı illərin müxalifətini bugünkü müxalifətdən hədəflərdə yox, fəaliyyət formasında fərqləndirir.

Onun fikrincə, müxalif qüvvələrin 2019-cu ildə hədəfləri dəyişməsə də, əvvəlki gücə malik deyillər. N.Mirinin sözlərinə görə, müxalifət yürüşlərə on minlərlə elektorat çıxara bilirdisə, bu gün mümkün deyil.

Natiq Miri: “Müxalifətdə mübarizə daha çox birincilik uğrunda gedir, Əli Kərimli cəbhəçilərin və xalqın gözünü ”mazol" edib"

Politoloq zənn edir ki, bu gün bütün müxalifətin 10 min etirazçını meydana çıxarmaq imkanı problemdir. O, hesab edir ki, müxalifətin bu vəziyyətə gəlib çıxmasında hakimiyyətdəki qüvvələrin də rolu az deyil, zaman-zaman həbslər öz təsirini göstərib:

“Ancaq görünən ondan ibarətdir ki, müxalifətdə mübarizə daxildə gedir, daha çox birincilik uğrunda rəqabət aparılır, partiyaların daxili idarəetməsində demokratiya problemləri mövcuddur. Partiya liderinə qarşı çıxanın aqibətinin nə olacağını hamımız yaxşı bilirik. Bu baxımdan müxalif təşkilatlar daxili demokratiyanı gücləndirməlidirlər”.

Siyasi şərhçi düşünür ki, 90-cı illərdə bu müxalif partiyalar cəlbedici idisə, indi itirilmiş cazibəni bərpa etməli, ciddi fəaliyyət proqramı olmalıdır:

“Lakin əsasən də AXCP və Müsavatın hər hansı fəaliyyət proqramı yoxdur, rayon təşkilatları fəaliyyətsizdirlər. Çünki fəaliyyət imkanları məhdudlaşıb. Eyni zamanda 90-cı illərin siyasi təfəkkürü dəyişməyib. Partiyalar nəzərə almalıdırlar ki, mühit dəyişdikcə təşkilatlarda yenilənmələr olmalıdır. Biz bunu müşahidə etmirik. Ona görə cəmiyyətdə dinamiklik yaranmır. Onlar cəmiyyətə yeni fikir verə bilmirlər deyə toplum müxalifətin ardınca getmir. On illərdir ki, eyni liderləri görürük, təkrar sözləri eşidirik, bütün bunlardan cəmiyyət doyub.

Əli Kərimli cəbhəçilərin və xalqın gözünü “mazol” edib. O, əvvəllər də dağıdıcı fiqur olub, indi də eyni missiyanı davam etdirir. Bu amillər dəyişmədikcə, müxalif təşkilatlar yenilənməyəcək".
“Yeni Müsavat”

Geri qayıt