Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimli bunların əli ilə KXCP-ni dağıtmaq istəyir”

“Əli Kərimli bunların əli ilə KXCP-ni dağıtmaq istəyir”


29-08-2019, 09:03
“Əli Kərimli bunların əli ilə KXCP-ni dağıtmaq istəyir”
Klassik Xalq Cəbhəsi Partiyasında ciddi qalmaqal yaşanır. Bununla bağlı ilkin məlumatı sözügedən partiyanın üzvü Oqtay Gülalıyev verib.

O qeyd edib ki, KXCP- nin avqustun 26-sında keçirilən Ali Məclisin sessiyasına partiya sədrinin gətirdiyi adamlar Ali Məclis üzvü Nisəxanım Vəliyevanı təhqir ediblər, vurmaq üçün ona hücum çəkiblər: “Mirəlioğlu isə tərəfdarlarının cəbhəçi xanıma hücümünu məmnunluqla seyr edərək susub. Sədrə və ona hücum edənlərə sözünü deyən xanım Məclisi tərk edib… Maraqlıdır ki, Nisəxanım Vəliyevanı cəzalandırmaq üçün Mirəlioğlunun Ali Məclisin sessiyasına dəvət etdiyi adamlardan biri nəinki Ali Məclisin, heç partiyanın da üzvü deyil. Xeyli vaxtdır ki, Mirəlioğlunu və KXCP- ni təhqir edərək təşkilatdan gedib. Vəliyeva xeyli vaxtdır Mirəlioğlunun faliyyətini, hakimiyyətlə əməkdaşlığını kəskin tənqid edir. Dünənki Ali Məclisdə insidentin baş verməsinin səbəbi də bu olub… Görün, Mirəlioğlu nə günə qalıb ki, onu tənqid edənlərə cavab verməyə üzü yoxdur, cəsarəti çatmır. Digər tərəfdən nə günə qalıb ki, vaxtilə onu təhqir edən adamla ittifaqa girib xanımların üstünə hücum çəkir…

Qurban Məmmədovun efirinə çıxan Mirmahmud Mirəlioğlu Azərbaycan xanımlarına müraciət edərək onları birliyə çağırır. Amma partiyasının Ali Məclisinin üzvü xanımı təhqir etdirib onu döydürmək istəyir. Mən qeyri-səmimiliyin bu həddini, zirvəsini görməmişdim. Mən Nisəxanımı müdafiə edirəm, hər kəsi də onu müdafiə etməyə çağırıram”.

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün KXCP funksionerləri ilə əlaqə saxladıq. Partiyanın funksioneri Xəzər Teyyublu bildirdi ki, hazırda istirahətdədi, Bakıda olmadığı üçün Ali Məclisin iclasına qatılmayıb: “Bu səbəbdən də heç nə deyə bilmərəm. Şahidi olmadığm hadisə ilə bağlı nəsə deməyim doğru çıxmaz”.

Firuz İbrahimov: “Əli Kərimli bunların əli ilə KXCP-ni dağıtmaq istəyir”
KXCP Ali Məclisinin sözügedən toplantısında iştirak edən Ali Məclisin üzvü Firuz İbrahimov “Bakı-Xəbər”ə yayılan məlumatın həqiqət olmadığını bildirdi: “Bütün bunların arxasında bir qrup dayanır. Həmin qrupa Oqtay Gülalıyev rəhbərlik edir. Nisəxanım Vəliyevanı da salıblar öz təhsirlərinin altına. Bir nəfər də var, Elşən Əlisoy. Onu da partiyadan uzaqlaşdırmışıq. Bütün günü partiyanın əleyhinə təbliğat aparırlar. Gərək həqiqəti deyək ki, Nisəxanım Vəliyeva çox əqidəli xanım olub. Hər zaman partiyanın maraqlarını qoruyub. Bu xanımı da Oqtay Gülalıyev qoşdu özünə. Xanım partiya Ali Məclisinin üzvü ola-ola bütün günü sosial şəbəkələrdə partiya rəhbərlərliyini söyüb, təhqir edir. Belə olmaz axı. Sən partiyanın üzvüsənsə, özü də rəhbər qurumda təmsil olunursansa, belə hərəkətlər etməməlisən. Dəfələrlə ona xəbərdarlıq edilsə də, xeyri olmadı. Sonuncu iclasda onu heç kim döyməyib. Əksinə, o bizim üstümüzə hücum çəkib, bizi təhqir edib. Həmin anın videogörüntüləri var. Buyursun versin məhkəməyə, orda sübut edim ki, kim kimə hücum çəkib. Nisəxanım Vəliyeva bilirdi ki, onun məsələsi Ali Məclisdə müzakirə edilə bilər. Şəxsən mən həmin məsələni qaldırmağa hazırlaşırdım. Bu səbəbdən də aranı qatdı ki, partiyadan xaric olunmaq məsələsi müzakirə olunmasın. Hamısı Oqtay Gülalıyevin oyunlarıdı. Oqtay Gülalıyev partiya rəhbərliyində təmsil olunurdu, ancaq qəribə mövqe tutdu. KXCP Milli Şuradan aralananda gedib oturdu Əli Kərimlinin yanında. İndi də sanki bizim yox, Əli Kərimlinin partiyasının üzvüdür. Elə bil ki, Əli Kərimlinin əlində ona qarşı hansısa kompromat var. Ona görə onun tabeliyində olan adam kimi hərəkət edir. Onun hadisə ilə bağlı təhrif edib yazdığı yazıya baxın. Aydın şəkildə görünür ki, Əli Kərimlinin planı əsasında hərəkət edir. Əli Kərimli bunların əli ilə KXCP-ni dağıtmaq istəyir. Elə vəziyyət yaradıblar ki, partiyanın 5 rayon təşkilatının işi getmir. Gələn toplantıda mən Oqtay Gülalıyevin partiyadan qovulması məsələsini qaldırcam. Çünki belə işlərlə məşğul olan adama heç sıravi üzv kimi də KXCP-də yer yoxdu. Üzümü ona tutub deyirəm, sözü varsa, kişi kimi gəlib özü desin, qadınları öyrədib üstümüzə göndərməsin”.
Məhəmmədəli QƏRİBLİ

Geri qayıt