Əsas Səhifə > Partiya, Güney Press > “Axı bu adamlar satqın olmayıb, vətənə xəyanət etməyib...”

“Axı bu adamlar satqın olmayıb, vətənə xəyanət etməyib...”


2-08-2019, 08:39
“Axı bu adamlar satqın olmayıb, vətənə xəyanət etməyib...”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, DTK arxivləri açılsa, bir çox siyasilər xalq içinə çıxa bilməz.

Zaman-zaman gündəmə gələn DTK arxivlərinin açılması məsələsinə toxunan ADP lideri “Cümhuriyyət” qəzetinə bildirib ki, sənədlər açılsaydı, bu gün cəmiyyətdə öndə olan bir çoxları çıxış etməzdilər.

Onun sözlərinə görə, ərazilərimizin itirilməsi və azad edilməməsində günahı olanlar Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edənlərdir: “Bu gün də onlar ictimai-siyasi səhnədə təmsil olunurlar”.

S.Cəlaloğlu hesab edir ki, sənədlər açılarsa, xalq dostunu və düşmənini tanıyar. Bəzi postsovet ölkələrində DTK arxivləri açılıb. Məsələn, Latviyanın mitropoliti keşiş Aleksandrın kimliyi üzə çıxıb. Azərbaycanda arxivlərin açılması tərəfdarı olanlar var. Lakin nə Elçibəy hakimiyyəti dövründə, nə sonrakı illərdə arxivlər açılıb.

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, bu mövzuda dəfələrlə münasibətini açıqlayıb.

Onun fikrincə, qanuna əsasən, 75 il sonra sənədlər açıla bilər: “Lakin ilk növbədə xüsusi komissiya yaradılmalıdır, sonra arxivlər açılmalıdır. Sənədləri necə gəldi ictimaiyyətə yaymaq olmaz. Amma bu sənədlərin açılmamasının dövlətçiliyə ciddi təhlükəsi yoxdur. Onlar sovet dövründə agentura şəbəkəsi olublar, o rejimdə tarixin arxivində qaldı. Ona görə DTK sənədlərinin açılması heç nəyə yaramır. Lakin bunun zərəri var. Çünki bu gün xüsusi xidmət orqanlarının agentura şəbəkəsi pis vəziyyətə düşə bilər, xüsusi xidmət orqanına çətinlik yaranar. İstənilən şəxs deyə bilər ki, mənə qarantiya vermirsiniz, 75 il sonra adım açıqlana bilər. Buna görə həmin şəxs xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyəcək”.

İ.İsmayıl Latviya ilə Cənubi Qafqaz ölkəsini bir cərgəyə qoymağı doğru hesab etmir: “Əgər bilsəniz ki, babanız o dövrdə agentura şəbəkəsinin üzvü olub, onlara işləyib, yəqin ki, pis olarsınız. Vətəndaşlar arasında bir inamsızlıq yarana bilər. Axı bu adamlar satqın olmayıb, vətənə xəyanət etməyib, sadəcə, rejim tələb edib ki, qonşudan informasiya gətir. Biz indi bilməliyik ki, kim hara işləyib? Bu, onda xüsusi xidmət orqanı olmadı axı?! Nə Mossad, nə MİA 6 bu günə kimi əməkdaşını açıqlayıb.

Mən kimlə işləmişəm onu cəmiyyətə açıqlamalıyam? Əgər bilsəniz ki, filankəs Moskva KQB-sinə işləyib, bundan nə qazanacaqsan?"

İ.İsmayıl S.Cəlaloğlunun “arxivlər açılsa, siyasilər el arasına çıxa bilməz” fikrinə belə şərh verdi: “O deməkdir ki, məqsəd siyasi rəqibləri ortadan götürməkdir. Bununla nəyə nail olmaq istəyirsən? Xüsusi xidmət orqanı yazıçı, şair, Nobel mükafatı laureatı ilə işləyib. Onların arasında bəstəkarı da olub. Hətta ”JEK" işçisi ola bilər.

Hansısa partiya sədri o dövrdə işləyibsə, bu gün onun fəaliyyətini çıxdaş etmək olmaz. Sən dövlət naminə işləyirsən, dövlətə xəyanət eləmirsən".

Geri qayıt