Əsas Səhifə > Partiya, Güney Press > “Avropa Şurası heç bir mənası qalmayan quruma çevrilib, onun təmsilçisi ilə hansısa görüşün mənası yoxdur”

“Avropa Şurası heç bir mənası qalmayan quruma çevrilib, onun təmsilçisi ilə hansısa görüşün mənası yoxdur”


9-07-2019, 08:36
“Avropa Şurası heç bir mənası qalmayan quruma çevrilib, onun təmsilçisi ilə hansısa görüşün mənası yoxdur”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ötən həftə Bakıya səfəri çərçivəsində bir neçə müxalifət partiyasının liderləri ilə də görüşüb. Müsavat Partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Müsavat başqanı Arif Hacılı, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, REAL Partiyası Məclisinin sədri Azər Qasımlı, Liberal Partiyasının sədri Əvəz Temirxan iştirak edib. Görüşdə Azərbaycanda siyasi partiyaların durumu, siyasi məhbuslar və digər məsələlərin müzakirə olunduğu bildirilir.

Stefan Şennak Azərbaycana səfəri zamanı müxalifətdən öncə ölkə rəhbərliyi, Milli Məclisin deputatları, QHT təmsilçiləri, media rəhbərləri ilə də görüşüb, “Turan” agentliyinə baş çəkib.

Həmməruzəçinin səfəri iyulun 4-də başlayıb.

AŞ PA məruzəçisi yuxarıda adıçəkilən müxalifət təmsilçilərindən başqa heç bir müxalif partiya təmsilçisi ilə görüşməyib. İllər öncə bu tipli səfərlər zamanı görüş keçirilən partiya sədrlərindən bəzilərinin bu dəfə siyahıya salınmaması birmənalı qarşılanmayıb.

Həmin partiyaların məsələyə münasibətini öyrəndik.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, AŞ PA məruzəçisinin onu görüşə dəvət etməməsindən nə narahat, nə də narazı deyil. Çünki Avropa Şurası heç bir mənası qalmayan quruma çevrilib. Onun təmsilçisi ilə hansısa görüşün də mənası yoxdur: “Azərbaycan Avropa Şurasında 19 ildir fəaliyyət göstərir. Azərbaycanda demokratiyanın vəziyyəti ölkəmiz Avropa Şurasına üzv olmamışdan öncə nisbətən yaxşı sayılırdısa, Avropa Şurasına daxil olduqdan sonra demokratiya get-gedə tamamilə tənəzzül etdi. Avropa Şurası, onun Parlament Assambleyası Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə heç bir təsir göstərə bilməyib. Bu qurum faktiki olaraq təsirsiz, dişsiz, mənasız bir quruma çevrilib. Ona görə də onun nümayəndəsinin keçirdiyi görüşlər də formal xarakterli, heç nəyə təsir etməyəcək görüşlərdir. Avropa Şurası öz üzərinə düşən heç bir vəzifəni yerinə yetirmir. Bir zamanlar AŞ PA-nın Azərbaycan üzrə məruzəçisi Andres Qross demişdi ki, Avropa Şurası başdan-ayağa rüşvətə bulaşıb. Bu təşkilat özünü dünyada nüfuzdan salmış təşkilatdır. Avropa Şurasının, AŞ PA-nın nə Azərbaycan, nə iqtidar, nə də müxalifət üçün heç bir xeyri yoxdur. Məruzəçi Bakıda 4-5 partiya təmsilçisi ilə görüşüb guya bütün siyasi qüvvələrlə maraqlandıqlarını, əlaqə yaratdıqlarını göstərmək istəyir. Bütün bunların Azərbaycanda gedən proseslərə heç bir təsiri yoxdur. Belə bir reallıq ortada olduğu halda bizimlə görüşün keçirilib-keçirilməməsi bizi maraqlandırmır”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, xarici dövlət və beynəlxalq təşkilatların protokol məsələsi ciddi problemdir. Beynəlxalq korpusun fəaliyyəti mütləq qiymət almalıdır: “Bu barədə mən tutarlı cavab hazırlayıram. Ölkə siyasi qüvvələrinə təsnifat tətbiqinin şəffaf meyarları olmalıdır. Təəssüf ki, onlar da iqtidar kimi sərfəli və qeyri-faydalı müxalifət bölgüsünü həyata keçirirlər. Bu status-kvo dağıdılmalıdır. Biz baş verənlərdən narahat deyilik. Bu xalqın da müxalifəti formalaşmalıdır, nəhayət. Bir halda ki, siyasi mübarizədə 3 tərəfdən ikisinin müxalifət institutları mövcuddur, xalqın müxalifəti nədən olmasın? O işlə məşğuluq. Xalqa 30 illik oyunları, həqiqətləri izah etdikdən, onu təşkilatlandırdıqdan sonra beynəlxalq korpus da, iqtidar da müxalifətin ünvanını tanıyacaq”.

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, Qərb diplomatlarının və Qərbi təmsil edən rəsmi şəxslərin Azərbaycanda müxalifət düşərgəsi ilə görüşlərindəki seçimin hansı kriteriyalarla müəyyənləşdirilməsini bilmir: “Düşünürəm ki, bu seçimlər obyektiv, ədalətli, doğru seçim deyil. İddia etmirəm ki, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəşisinin adları sadalan partiyalarla görüşməsində hansısa düzgün olmayan seçim var. Həmin siyasi qüvvələr Azərbaycan siyasətində rolu və yeri olan partiyalardır. Amma AMİP-in bu görüşdən kənarda saxlanılması, protokola salınmaması ciddi yanlışlıqdır. Çünki AMİP ölkənin aparıcı partiyalarından biri olaraq ən mütəşəkkil, ölkənin əksər bölgələrini əhatə edən stukturlaşmiş siyasi partiyasıdır. Və bu partiyasısız ölkə gündəmini müzakirə etmək qərbli rəsmilərin Azərbaycandakı duruma tam ciddiyyəti və peşəkarcasına yanaşmadığının göstəricisi sayıla bilər. Ümid edirəm ki, gələcəkdə bu cür yanaşmalara son veriləcək. Siyasi partiyalarla görüş ”quş qoymaq" xatirinə görüş olmamalıdır".

Geri qayıt