Əsas Səhifə > Partiya, Güney Press > "Sonadək göstərdilər ki, Azərbaycan vətəndaşları onlar üçün iki yerə bölünür"

"Sonadək göstərdilər ki, Azərbaycan vətəndaşları onlar üçün iki yerə bölünür"


22-03-2019, 10:36
"Sonadək göstərdilər ki, Azərbaycan vətəndaşları onlar üçün iki yerə bölünür"
"Birləşmiş Ərəb Əmirliyindəki səfirliyimizlə bağlı ittihamla dolu yazılar dərc olunur. Sonradan sosial şəbəkədə sözünün etibarlılığına güvəndiyim insanlar bu ittihamların məqsədli xarakterli olduğunu bildirsələr də, ölkə prezidentinin sərəncamı ilə buradakı səfirimizin iki həftə öncə geri çağrıldığını duydum”.

Bunu millət vəkili Fazil Mustafa deyib. O, səfir Daşqın Şikarovla bağlı başqa bir problemə diqqət yetirib.

Deputat deyib ki, BƏƏ-də son dəfəri zamanı buradakı səfirlə bağlı mənfi münasibəti formalaşıb:

"Mart ayının 8-dən Abu-Dabidə və Dubayda Xüsusi yay Olimpiya oyunlarının tədbirlər planı start götürüb və artıq bu gün mart ayının 21-də axşam təntənəli bağlanış olacaq. Xüsusi Olimpiada zehni əngəlli idmançıların bir dünya yarışıdır və burada ölkəmizi 54 idmançı təmsil edir. Hər gün BƏƏ-nin televiziyaları oyunları canlı yayınlayır, nəticələri təkrar-təkrar verir. Burada idmançılarımız üst-üstə 25 medal qazanmışlar və Azərbaycanın idman şərəfini ləyaqətlə qorumuşlar.

Bu uşaqların həm də xüsusi qayğıya ehtiyacı olur və istənilən an xəstələnmə risqi ilə üz-üzə qalırlar. Yarışlarda əksər ölkələrin səfirləri və ya səfirliyin əməkdaşları gəlib iştirak edir, öz komandalarına mənəvi dəstək verirlər. Burada olduğumuz müddətdə Azərbaycan diplomatik korpusundan kimsə bircə dəfə də gəlib maraqlanmadı ki, bəs siz ölkəmiz adına yarışırsınız, hansısa probleminiz olar, hansısa dəstəyə ehtiyacınız olar.

Mən bunları çox müşahidə etmişəm, bir çox ölkələrdəki səfirliklərimizin işi vəzifəli və yaxud imkanlı şəxslərin ticarət mərkəzlərinə, qonaqlıqlara müşayət etməkdən o tərəfə keçmir.Buna da Azərbaycan reallığında bəlkə də normal yanaşardım. Ancaq necə olur ki, Əbu Dabidə yaşayan tanımadığımız azərbaycanlı qadınlar öz övladları ilə birlikdə bayrağımız yelləndirərək komandamıza dəstək verməyə gəlirlər, burada işləyən bəzi azərbaycanlılar idmançılarımıza dəstək üçün əllərindən gələni etməyə çalışırlar, lakin Azərbaycan səfirliyinin bir nümayəndəsi belə öz milli komandası ilə, onun qələbələri ilə telefonla da olsa maraqlanmır?

Ötən gün xəstələnmiş bir idmançı gənci gecə vaxtı buradakı dostlarımızın köməyi ilə xəstəxanaya müayinəyə apara bildik, ancaq heç birimiz bu qədər öz vətəndaşlarına qarşı laqeydlik göstərən səfirliyimizlə əlaqə saxlamağı qətiyyən düşünmədi.

Bu fikirlərimi həm də Birləşmiş Ərəb Əmirliklərində keçirdiyimiz sonuncü günədək yazmağı düşünmədim ki, bəlkə sonluqda öz yanlışlarını anlayaraq hər an mərhəmət gözləyən bu qalib idmançılarımıza Allahın bir quru təbrikini göndərə bilərlər. Həm də Novruz Bayramında bunun anlamı çox fərqli olardı. Təəssüf ki, sonadək göstərdilər ki, Azərbaycan vətəndaşları onlar üçün iki yerə bölünür: maraqlarına uyğun gələnlər və gəlməyənlər! Bununla mən bir millət vəkili olaraq, Xüsusi Olimpiya Komitəsinin vitse-prezidenti olaraq yazmıram, sadəcə bir Azərbaycan vətəndaşı kimi yazıram ki, gələcəkdə bu cür sayğısız davranışlar səfirliklərimiz və konsulluqlarımız üçün vərdişə çevrilməsin. Xüsusilə də 195 ölkədən 7 min idmançının qatıldığı bu möhtəşəm dünya yarışında Türkiyə, Gürcüstan və Ermənistan idmançılarının cəmindən 3 dəfə artıq medal qazanmış Azərbaycan övladlarına qarşı bu münasibəti heç cür göstərmək olmazdı.Bu fakt həm də onu göstərir ki, xarici ölkələrdə azərbaycanlıların diaspora fəaliyyətinə cəlb oluna bilməməsi bilavasitə xaricdə dövlətdən yüksək maaş və imtiyazlar alsa da öz funksional fəaliyyətinə laqeyd yanaşan qurumlarla bağlıdır”.

Geri qayıt