Əsas Səhifə > Partiya, Güney Press > "İndi YAP-da kim razıdır, kim narazıdır, bu onların işidir"
"İndi YAP-da kim razıdır, kim narazıdır, bu onların işidir"16-03-2019, 09:04 |
Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın ilk fəallarından sayılan Maksim Musayevin “Yeni Müsavat”ın ötən sayında gedən müsahibəsi rezonans doğurub. Həmin müsahibədə hakim partiyaya tənqidi fikirlər də yer alıb. Sitat: “YAP-ın daxilindəki problemlər görülən müsbət işlərə ciddi mane olur. Təsəvvür edin ki, məni 18 ildir YAP-ın tədbirlərinə dəvət etmirlər. Bilirlər ki, sərt danışacam. YAP indi dövlət, xalq üçün çalışmayan bir quruma çevrilib. Kommunist Partiyasının 70 il ərzində Azərbaycanda üzvləri 400 mini keçməyib. Onun da 50 mini üzvlüyə namizəd idi. Bunlar deyirlər ki, 700 min üzvümüz var. Əgər bu qədərsinizsə, ölkədə ciddi problemlər varkən niyə səsiniz çıxmır? İşiniz gop etməkdir? Prezident nə üçün ərizələri özü yığmalıdır? O rayonlarda YAP sədrləri, müavinləri yoxdurmu? Hərəsinin altında 4-5 maşını var”. M.Musayevin quruclarından biri olduğu hakim partiya barədə dediklərinə münasibət aldıq. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiya rəhbərliyində təmsil olunmayan şəxslər qarşısında hesabat vermədiklərini söylədi: “Yeni Azərbaycan Partiyası ancaq rəhbərlik qarşısında hesabat verir. Başqasına, o şəxsə nəsə deməyə ehtiyac qalmır. YAP öz fəaliyyəti ilə məşğuldur, işini görür, sədri, ali strukturları və ictimaiyyət qarşısında da mütəmadi olaraq öz hesabatını verir. İndi kim razıdır, kim narazıdır, bu onların işidir. Biz partiya üzvünə aid olmayan məsələlərlə bağlı partiya rəhbərliyində təmsil olunmayan şəxslər qarşısında hesabat vermirik. Bizi ancaq xalq maraqlandırır. Hər kəsin özünün sərbəst fikri var. Partiyamızın 700 min üzvü barədə deyilənlərə gəlincə, qeyd edim ki, YAP-ın 730 min üzvü var”. Geri qayıt |