Əsas Səhifə > Partiya, Güney Press > "Ola bilər ki, kimlərinsə komitədə QAT-a deyil, Akif Nağının şəxsinə iradları olsun"
"Ola bilər ki, kimlərinsə komitədə QAT-a deyil, Akif Nağının şəxsinə iradları olsun"6-03-2019, 08:33 |
Qarabağ Komitəsi (QK) daxilində yaşanan gərginlik tükənmir. Komitə ilə yolları ayrılmaq üzrə olan və bu səbəbdən qurumun son iki iclasında iştirak etməyən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Yeni Müsavat”ın ötən sayına verdiyi açıqlamada səsləndirdiyi bəzi fikirlər gərginliyi bir qədər də artırıb. QAT sədri açıq şəkildə ötən il 29 sentyabra, yəni QK-nın həmin tarixdə keçirdiyi “Qarabağa azadlıq” mitinqinə qədər olan uğurlarını rəhbəri olduğu təşkilatın ayağına bağlayıb. Sitat: “Mən bir sualın cavabını hələ də tapa bilmirəm ki, bu adamlar nə üçün QAT-ın 25 illik təcrübəsindən, bazasından istifadə etmək istəmədilər. Özləri də bilirlər ki, komitənin 29 sentyabr mitinqinə qədərki uğuru daha çox QAT-ın bazasına söykəndiyimizə görə idi”. QK-nın təsisçilərindən olan, AĞ Partiya başqanı Tural Abbaslı QAT sədrinin dediklərinə bu cür mövqe sərgilədi: “Sözün düzü, mənə tam aydın olmadı ki, Akif bəy ”Mən bir sualın cavabını hələ də tapa bilmirəm ki, bu adamlar nə üçün QAT-ın 25 illik təcrübəsindən, bazasından istifadə etmək istəmədilər" dedikdə nəyi nəzərdə tuturdu. Çünki Qarabağ Komitəsi ilə QAT arasında hər hansı bir qarşıdurma olmayıb və bu gün də yoxdur. Biz komitə olaraq istər QAT-a, istərsə də burada cəmləşən digər partiyalara, təşkilatlara, qazilərə, ziyalılara Qarabağın azadlığa qovuşması naminə bir resurs, baza kimi yanaşmışıq və faydalanmışıq. Qarabağ Komitəsində elə bir mühit formalaşıb ki, burada artıq ayrı-ayrı şəxslər, partiyalar, təşkilatlar önə çıxmır, burada Qarabağ naminə fəaliyyət və fədakarlıq önə çıxır. Odur ki, komitənin fəaliyyətini onun tərkibindəki təşkilatlara pay şəklində bölməyi doğru hesab etmirəm. Konkret olaraq Qarabağ Komitəsinin təsis olunduğu gündən bu günə qədərki uğuru onun üzvlərinin hər birinin mübarizəsinin nəticəsidir. Bu məsələdə kimsə fərqli mövqedə dura bilməz və durmamalıdır da. QAT bu gün də komitənin üzvüdür və fəaliyyətini orada davam etdirir. Ola bilər ki, kimlərinsə komitədə QAT-a deyil, Akif Nağının şəxsinə iradları olsun. Bunu da zaman-zaman onlar səsləndirib və hətta son iclaslardan birində bəziləri bu münasibətə görə istefa verib getdilər. Ancaq Akif bəy bu iradları qətiyyən QAT-a ünvanlanan iradlar kimi təqdim etməməlidir. Mən bilən QAT-ın idarəçiliyində demokratik prinsiplər hakimdir və buna söykənərək oradakı bəzi üzvlər belə Akif bəylə nələrdəsə razı da olmurlar. Yəni demək istəyirəm ki, Qarabağ Komitəsi QAT başda olmaqla, heç kimi və heç bir təşkilatı günahlandırmır və onun resurslarından Qarabağın azadlığı naminə yararlanmağa çalışır. Qarabağ Komitəsi əksinə, sıralarını genişləndirərək qarşısına qoyduğu hədəfə yetişmək üçün tam gücü ilə fəaliyyət göstərir". “Yeni Müsavat” Geri qayıt |