Əsas Səhifə > Partiya, Güney Press > "Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"
"Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"21-02-2019, 08:24 |
2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla yadda qaldı. Ölkə prezidentinin şəhid ailələri ilə görüşü, daha sonra şəhid ailələrinə 11 min manat vəsaitin ödənilməsinə başlanması müsbət bir tendensiyanın başlanğıcı oldu. Şamaxıda baş verən zəlzələnin ardından prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu rayona səfəri, sakinlərlə səmimi görüşlər, zərərçəkənlərə yeni evlərin tikilməsi ilə bağlı göstəriş verilməsi də cəmiyyət tərəfindən müsbət qarşılandı. Bunun ardından minimum əmək haqqı kəskin artaraq, 180 manata qaldırıldı. Pensiyalarla bağlı da oxşar addım atıldı, martın 1-dən əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılacaq. Bu ay ərzində dövlət başçısının yaddaqalan addımlarından biri də Beyləqan rayonuna səfəri, orada əhali ilə keçirdiyi səmimi görüşlər, bu rayonla bağlı verilən qərarlar oldu. Bundan başqa, prezidentin Sumqayıta gəlişi də isti görüntülərlə yaddaqalan oldu. Siyasi təhlilçilər bütün bunları ciddi açılım kimi dəyərləndirirlər. Bu kurs və atılan məlum addımlar hakimiyyət-müxalifət dialoqunu, yeni münasibətlər sisteminə keçidi də aktuallaşdırırmı? Qeyd edək ki, Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoq, aktual mövzuların bir araya gələrək müzakirə edilməsi təcrübəsi var. Son illərdə bu təcrübənin ən parlaq və geniş müstəvini əhatə edən nümunəsi kimi 2015-ci il parlament seçkiləri öncəsi hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərləri arasında ard-arda keçirilən görüşləri xatırlamaq kifayətdir. Hər kəsin müsbət qiymətləndirdiyi o zamankı dialoq prosesi nədənsə sonradan dayandı. VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, həqiqətən də hakimiyyət İlham Əliyevin timsalında siyasi dinamiklik nümayiş etdirir: “Belə davranış mövcud komanda üçün xarakterik deyil. Bir sıra daxili və xarici reallıqlar belə addımları şərtləndirir, fikrimcə. Səbəbin nə olmasından asılı olmayaraq, baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır. Amma bununla yanaşı, diqqətli olmaq zəruridir. Belə yumşalmalar ictimai diqqəti azdırmaq üçün də ola və müvəqqəti xarakter daşıya bilər. Bütün güzəştlərin mabədi siyasi islahatlar olmalıdır. Çünki digər geriləmələrin daimiliyini siyasi sistem müəyyən edir. Orada dəyişim olmasa, transformasiya aldadıcı ola bilər. Siyasi dəyişikliklər isə bir neçə addımda görünə bilər. Misal üçün, dialoq, Seçki Məcəlləsinin dəyişikliyi, seçkidə siyasi iradəni nümayiş edəcək mövqe və sair. İnanmaq istəyirəm ki, atılan addımların ardınca bu addımlar da olacaq". AĞ Partiyanın sədri Tural Abbaslı da bildirdi ki, iqtidarın siyasətini nisbətən dəyişmək xətti tutduğu görünür. Bu dəyişim cəhdləri hələlik özünü ancaq əhali ilə birbaşa təmasda və əhalinin sosial problemlərinin həllində göstərir: “Biz bir müxalifət partiyası olaraq təbii ki, bu yöndə olan müsbət addımları təqdirəlayiq hesab edirik. Eyni zamanda bu tədbirlərin qısa bir müddətə hesablanmış kiçik siyasi addımlar deyil, köklü sosial, iqtisadi, siyasi islahatların başlanğıcı olmasını arzulayırıq. Təəssüf ki, sosial, iqtisadi sahədə edilən nisbi açılımlar hələlik siyasi səhnədə özünü göstərmir. İstər siyasi məhbuslar, istər azad mətbuat, istər sərbəst toplaşma azadlığı, istərsə də siyasi partiyaların fəaliyyətlərini stimullaşdıracaq addımlara, islahatlara ehtiyac var. Bütün bu sadaladığım sahələrdə müsbətə doğru açılımlar və islahatlar olmasa, digər sosial, iqtisadi açılımların faydası az olar. Əgər hakimiyyət bu və ya digər səbəbdən islahatlara qərar veribsə, bu, tam və köklü edilməlidir, siyasi sahəni də əhatə etməlidir. Təbii ki, burada hakimiyyətlə müxalifət arasında normal, sivil ölkələrdə olduğu kimi dialoq qurulmalıdır. Siyasi münasibətlər sistemində dəyişikliklər edilməli və partiyaların ölkə həyatındakı rolu artırılmalıdır. Sözün həqiqi mənasında çoxpartiyalı sistemin mövcudluğu təmin olunmalıdır”. AMİP katibi Əli Orucov da qeyd etdi ki, İlham Əliyev bir sıra sosial-iqtisadi problemlərin çözülməsi ilə bağlı əməli addımlar atmaqdadır. AMİP bunu təqdir etməklə bahəm, prosesin davamlı olmasını, siyasi sferanı da əhatə etməsini istəyir: “Nəzərə almaq lazımdır ki, iqtidarın vəzifəsi xalqa xidmət etmək, ona layiqli həyat şəraiti təmin etmək, dövləti normal idarə etməkdir. Bunu ölkə rəhbəri də açıq bəyan edir. Mən prezidentin son dönəmlərdəki fəaliyyətini kölgəyə salmaq niyyətində olmasam da, hesab edirəm ki, siyasi sistemdə də islahatlar olandan sonra bunları köklü islahatlar kimi qiymətləndirmək daha düzgün olacaq. Çünki ölkədə həm də siyasi və idarəetmədə, siyasi institutlarda ciddi problemlər qalmaqdadır. Bunlar bir-birini tamamlamasa, paralel getməsə, sosial-iqtisadi sahədə də arzu edilən ciddi uğurlar qazanmaq mümkün olmaz. Ölkədə siyasi dialoq, qarşılıqlı hörmət və etimad mühiti yaradılmalıdır. Başladılan islahatları davamlı, daha dərin qatlara aparmaq, eləcə də hakimiyyət daxilindəki bəzi mürtəce qüvvələrin müqavimətini dəf etmək üçün mütərəqqi qüvvələrə, konstruktiv müxalifət düşərgəsinin yardımına ehtiyac duyulacaq. Bu zərurətdir. Ona görə də iqtidar-müxalifət dialoqu qaçılmazdır. Əslinə qalsa, iqtidar-müxalifət dialoqu mütəmadi olmalıdır”. Geri qayıt |