Əsas Səhifə > Partiya, Güney Press > “Üzvlərin bir qismi Qarabağ Komitəsində ”a yordu-yordu" oyunundan bezdi"
“Üzvlərin bir qismi Qarabağ Komitəsində ”a yordu-yordu" oyunundan bezdi"18-02-2019, 08:27 |
Ötən həftənin diqqəti cəlb edən hadisələrindən biri də Qarabağ Komitəsinin daxilində yaşananlar oldu. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun istefası ilə başlanan istefalar Qarabağ Komitəsi içərisində hansısa çox ciddi proseslərin getdiyi mənzərəsini yaradıb. Hətta Komitənin parçalandığı, fəaliyyətinə son verilə biləcəyi kimi söz-söhbətlər də yayılıb. Qarabağ Komitəsində yaşananlarla bağlı suallarımızı qurumun İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruca ünvanladıq. - Əhməd bəy, Qarabağ Komitəsində nələr baş verir? - Qarabağ Komitəsində baş verənlər gözlənilən idi. Çünki dəfələrlə mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edib, “yox” cavabı aldıqdan sonra indi də məhkəmələrə müraciət etməyin mənası yoxdur. Bu cür yanaşma hakimiyyətlə razılaşdırılmış oyuna oxşayır. Hakimiyyət kimlərəsə ölkədə radikal qüvvələrin olduğu görüntüsü yaratmaq istəyir. - Qurumda baş verən son hadisələrdə kənar qüvvənin əli ola bilərmi? - Burada kənar qüvvələrin əli olmasına inanmıram. Sadəcə, üzvlərin bir qismi Qarabağ Komitəsində bu cür “a yordu-yordu” oyunundan bezdi, bir qismi isə hələ davam edir. Ən tez bezən isə İsgəndər Həmidov oldu. - İsgəndər Həmidovun gedişinə sizin münasibətiniz necədir? Qarabağ Komitəsinin parçalanmasını və ya ümumiyyətlə səhnədən getməsini istəyənlər varmı? Son hadisələr parçalanma sayıla bilər? - İsgəndər bəy və qurumu tərk edən digər şəxslər Azərbaycan Xalq Hərəkatının nəzdində Qarabağ Komissiyası yaratmaq niyyətindədir. - Siz də İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatında təmsil olunursunuz. AXH-də yaradılacaq Qarabağ Komissiyasında təmsil olunacaqsınız? - AXH-nin Qarabağ Komitəsində inşallah, iştirak etmək niyyətindəyəm. - Şəxsən siz belə demək mümkünsə, tərəflərdən hansının mövqeyinin haqlı olduğunu düşünürsünüz? Belə anlaşılır ki, siz də İsgəndər Həmidovun mövqeyinə daha çox yaxın mövqedəsiniz? - Mən də hesab edirəm ki, bu vəziyyətdə, bu yanaşma ilə Qarabağ problemi həll edilə bilməz. Ona görə də bu vəziyyəti bilə-bilə Qarabağın azadlığını tələb etmək absurd tamaşadır. Qarabağın azadlığı ölkədə demokratik sistemin yaranmasından keçir. Biz öncə buna nail olmalıyıq. - Bakı Şəhər İcra Hakimiyyəti razılaşmasa, belə mitinqə çıxmağın tərəfindəsiniz? - Mən hakimiyyətin dəyişdirilməsi üçün aksiyaların tərəfindəyəm. “Yeni Müsavat” Geri qayıt |