Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda mitinq dövrü bitib”

“Azərbaycanda mitinq dövrü bitib”


14-02-2019, 09:16
“Azərbaycanda mitinq dövrü bitib”
Son aylarda ölkə iqtidarının mitinq müraciətlərinə rədd cavabı verməsi bəzi fikirlərin meydana çıxmasına səbəb olub. Müxalifət təmsilçiləri hakimiyyətin ondan çəkindiyi üçün aksiyaların keçirilməsinə icazə vermədiyi barədə sosial şəbəkələrdə kampaniyalar təşkil edirlər.

Xüsusilə bu hal Milli Şuranın 26 yanvar aksiyasına və Qarabağ Komitəsinin fevralın 16-na planlaşdırdığı “Qarabağa azadlıq!” mitinqinə mənfi cavab verilməsindən sonra daha da artıb. Müxalif camiyə düşünür ki, Milli Şuranın 19 yanvar mitinqinə icazə verən hakimiyyət həmin aksiyaya əvvəlkilərə nisbətən daha çox iştirakçının qatıldığını görərək bu cür qərar verib.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hakimiyyətin mitinqlərdən çəkinmədiyini düşünür: “Çox təəssüflər olsun ki, Azərbaycan dövləti öz vətəndaşlarına, müxalifətə, QHT-lərə, ayrı-ayrı qurumlara demokratik qaydada yanaşanda, onun müraciətlərinə hüquqi, əsaslandırılmış şəkildə cavab verəndə bunu bəziləri sosial şəbəkələrdə "iqtidar bizdən qorxdu" kimi qələmə verirlər, belə qiymətləndirməyə çalışırlar. Əgər dövlətimiz Fransada olduğu kimi mitinqi adamları döyməklə, insanların gözünü çıxarmaqla, 11 nəfəri öldürməklə dağıtsa, o zaman deyəcəklər ki, dövlət güclüdür və ya bizdən qorxmur? Belə olanda razı qalacaqlar? Yaxud Amerikadakı kimi, polis şübhələndiyi adama, onun əmrinə tabe olmayana güllə atıb öldürsə, yaralasa, o zaman da deyəcəklər ki, dövlət güclüdür? Görün necə məntiqsiz yanaşmadır. Hesab etmirəm ki, Azərbaycan iqtidarı adamlardan, mitinqlərdən qorxsun. Prezidentimiz iki gün öncə televiziyaya müsahibə verdi və o müsahibədə də dedi ki, kim bizim haqqımızda nə deyirsə desin, biz hər şeyə, hər deyilənə öz işimizlə cavab vermişik. Azərbaycanda demokratiya, müxalifət var. İnsanlar öz fikirlərini sərbəst ifadə edə bilirlər.

Anlamıram, əgər sənin qəzetin, saytın varsa, o zaman niyə birləşib “Məhsul stadionu”nu doldurmaq istəyirsiniz? Bu, nə yanaşmadır. Əgər sənin söz deməyə, adamlarını başına yığıb fikirlərini onlara çatdırmağa kifayət qədər vasitən varsa, iqtidara müxtəlif mətbuat orqanları vasitəsilə fikirlərini çatdıra bilirsənsə, bundan ötrü yığışmağa nə gərək var? Deməli, hökmən insanlara mane olmaq lazımdır. Orada görünmək partiya rəhbərlərinə lazımdır ki, bunun vasitəsilə qrant alsınlar. İşi-gücü olan adam şənbə-bazar günləri gedib dincələr, ailəsi ilə vaxt keçirər. Mitinqdə haqlı və ya haqsız qışqırıb-bağırmaq, kiməsə böhtan atmaq vaxtı keçmiş mübarizə üsuludur. Hesab edirəm ki, indiki vaxtda Azərbaycanda mitinq keçirməyə, sözünü mitinq formasında deməyə heç bir gərək yoxdur. Əgər kimsə hesab edirsə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı o mitinqdə tribunadan danışmaqla onun dediyi həyata keçəcək yaxud nəsə dəyişəcək, əmin olun ki yanılır. Mən özüm ağdamlıyam, oradan seçilmiş deputatam.

Azərbaycan prezidenti qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışan, o sahədə çox iş görən ikinci şəxs tanımıram. Prezidentimiz qədər özünün bütün qüvvəsini, enerjisini, görüşlərdəki vaxtını, hər anını, dəqiqəsini o münaqişənin həlli üçün sərf edən ikinci bir adam Azərbaycan tanımıram. Mitinq keçirmək istəyən insanlar bunu dərk etməlidirlər. Çıxıb meydana “Ya Qarabağ, ya ölüm!” deyirsən, emosiyanı ifadə edirsən, axı bu münaqişənin həllində heç nəyi dəyişmir. Əksinə, ölkəmizdə sabitlik qalacaqsa, ölkəmiz iqtisadi cəhətdən inkişaf edəcəksə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqın birliyi olacaqsa, bu daha çox münaqişənin həllinə kömək edir. Xalqımıza və dövlətimizə də bu lazımdır. Əgər sənin gücün varsa, danışıqlarda prinsipialsansa, müxtəlif vasitələrdən istifadə edirsənsə, ayrı-ayrı ölkələrin rəhbərləri ilə bu istiqamətdə işlər aparırsansa, mitinqlərə nə gərək var ki? Münaqişənin həllinə bunlar kömək edir. Bu gün mitinq keçirmək əvəzinə hər kəs öz sahəsində elə çalışsın ki, dövlətinin güclənməsinə öz töhfəsini versin. Boş danışıqla, haradasa qışqırmaqla məsələlər həll olunmur. Onun zamanı keçib, 90-cı illərdə qalıb".
“Yeni Müsavat”

Geri qayıt