Əsas Səhifə > Partiya, Güney Press > “Söyüş söyənlər fikrini ifadə edə bilməyən aqressivlərdir”

“Söyüş söyənlər fikrini ifadə edə bilməyən aqressivlərdir”


7-02-2019, 08:24
“Söyüş söyənlər fikrini ifadə edə bilməyən aqressivlərdir”
Son illərdə özünü “radikal müxalifət” adlandıranlar, xüsusilə Avropaya sığınmış bəlli bir kəsim söyüş söyməyi az qala adi hala çevirib. Bir zamanlar Qərb filmlərində, mahnılarında, müəyyən bir zamanda isə Qərb siyasətçilərinin leksikonunda rast gəlinən söyüş indi siyasətə transformasiya olunmaqdadır.

Söyüş tendensiyasında sosial şəbəkələrin xüsusi rolu danılmazdır. Heç bir cəza mexanizmi olmadığına arxayınlaşan insanlar youtube, facebook üzərindən məmurlara, ayrı-ayrı şəxslərə ən ağır hədyanlar, ibarələr yağdırmağa başlayıblar.

Kimlərsə buna “azadlıq” donu geyindirməyə çalışsa belə, əsas amil siyasi mübarizəni mədəni şəkildə aparan siyasətçilərin tədricən meydandan çəkilməsi ilə əlaqəlidir.

Hətta son prezident seçkiləri ərəfəsində YAP-çı deputat Siyavuş Novruzov partiya sədrlərinə səslənərək bildirmişdi ki, biz siyasi mübarizədə heç vaxt onları və ailələrini təhqir eləməmişik, bizi, iqtidarın ən yüksək eşelonunda olan şəxsləri aşağılayanları bir durdurun.

Ola bilsin ki, indi dəbdə olan söyüş mübarizəsi zamanla özü lazımsızlaşacaq və siyasi arenanı tərk edəcək.

İndiki halda isə trendə çevrilmiş proses davam edir, təkcə siyasətdə yox, adi insanlar da hansısa ictimai məsələni müzakirə edəndə bir-birini təhqir etməkdən çəkinmirlər.

Jurnalist-psixoloq Azər Qaraçənli “Yeni Müsavat”a dedi ki, “söyüş və cəmiyyət” yeni mövzu deyil və belə məsələlər onu çox-çox qabaqlar da düşündürüb: “Bu mövzuda şəxsi arxivimdə qeydlərim də var. ”Təkrar biliyin anasıdır" prinsipi ilə həmin qeydlərə qayıtsam, yenə eyni qaydada deyə bilərəm ki, söyüş aqressiyanın bir növüdür.

O, verbal (sözlü) aqressiyalara aiddir və qeybətdən, dedi-qodudan fərqli olaraq birbaşa, açıq-aşkar, əzabverici susqunluqdan fərqli olaraq aktiv, fəal aqressiyadır.

Söyüş həm də xalis aqressiyadır. Yəni zorakılıq naminə zorakılıqdır. Tutaq ki, girovları azad eləməyə çalışan polisin gülləsi də zorakılıqdır, ancaq burada aqressiya məqsəd deyil, vasitədir.

Söyüşdəsə aqressiv davranışın xətər yetirməkdən, insanı yaralamaqdan başqa bir məqsədi yoxdur. Burada aqressiya həm məqsəd, həm vasitədir".

A.Qaraçənlinin zənnincə, söyüş fikir deyil, emosiyadır: “O, sözdən ibarət olsa da, fikri ifadə eləmir. Ona görə də fikrini ifadə eləməyə çətinlik çəkən, yaxud ifadə eləməyə fikir tapmayan adamlar tez-tez söyüşə üz tuturlar.

Deməli, söyüş təkcə aqressiyanın deyil, həm də fikri-fəlsəfi-filoloji problemlərin nəticəsidir. Və söyüşün ictimai polemikalar səviyyəsində artması da cəmiyyətdə öz fikrini ifadə eləməyə çətinlik çəkən aqressiv adamların fəallaşması, sözün kəsərini onun arxasında mənalı fikir dayanmaya-dayanmaya gücləndirmək üsullarının genişlənməsi deməkdir.

Cəmiyyət söyüşə qarşı mübarizəni zorakılığa qarşı mübarizənin tərkib hissəsi kimi aparmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, söyüş də zorun bütün növləri kimi cəmiyyətin müqavimət qabiliyyətini sınağa çəkir və onu zəif görəndə, əlbəttə ki, daha da güclənir, birinin üstünə beşini qoyur".

A.Qaraçənlinin düşüncələrinə görə, söyüş - mənalı fikir söyləməyi bacarmayan insanın öz daxili boşluğuna qarşı qiyamıdır: “İnsan həmişə birinci özünü, öz istedadsızlığını, savadsızlığını, öz mənəvi zəifliyini söyüb sonra başqasını söyür.

İnsanın dilinə gətirdiyi söyüşün şiddəti onun daxilən duyduğu mənəvi zəifliyə qarşı keçirdiyi hiddətə bərabər olur.

Özünü söymədən başqasını söymək insanın imkanı xaricindədir. Çünki insan başqasına üz tutmamışdan əvvəl özünə üz tutur, öz içində söz axtarır, fikir axtarır.

Özü də heç kim, heç kim (!) ən əvvəl söyüş axtarmır. Hamı əvvəlcə sanballı, tutarlı bir fikir axtarır. Və bu axtarışdan əliboş, içinə tüpürüb çıxan adamı tanımaq çətin deyil: o, çöldə də tüpürür.

Bu axtarışdan narazı, acıqlı qayıdan adamların içinə münasibəti çölünə vurur: onlar çox narazı, acıqlı görünürlər. Mən inanıram ki, hər bir söyüşə söyüşsüz, sanballı və sanballı olduğuna görə də sərt olan cavabı vermək mümkündür".

Geri qayıt