Əsas Səhifə > Partiya, Güney Press > “Sərdar bəy inciyibsə, ondan üzr istəyirəm”

“Sərdar bəy inciyibsə, ondan üzr istəyirəm”


23-01-2019, 08:38
 “Sərdar bəy inciyibsə, ondan üzr istəyirəm”
Yanvarın 19-da “Müxalifətin zirvəsi”nin Azərbaycan Xalq Hərəkatına (AXH) çevrilməsindən sonra yaranan müzakirələr səngimək bilmir. Xüsusilə Ümid, ADP və AXP kimi siyasi qurumların hərəkatın elan olunması ilə bağlı sənədə qol çəkməmələri ciddi suallar doğurub. Bu istiqamətdə fərqli fikirlər səslənir.

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında sənədə qol çəkməsə də, partiya olaraq AXH-nin güclənməsi üçün əllərindən gələni edəcəklərini bildirdi: “Daha böyük işlərdə, məqsəd və məramlarda neqativləri qabartmaq, neqativlərin üzərinə getmək o qədər də fayda verməz. Pozitivlərdən danışmaq daha yerinə düşər. Pozitiv, nikbin olan budur ki, biz əlimizdən gələn nə mümkündürsə, hərəkatda iştirak edən dostlarımız üçün edəcəyik, onlara kömək olacağıq, dəstək verəcəyik. Bəzi məsələlərdə ola bilsin ki, düşüncə və fikirlərimiz, taktiki gedişlərə münasibətimiz fərqlənsin. Amma bu, onlara kömək edəcəyimiz fikrimizi dəyişdirməyə dəlalət etmir. Ona görə nikbinliyə, pozitivliyə köklənək. İsgəndər bəy uzun müddətdir ki, bu işlərin üzərində ciddi əziyyət çəkir. Biz ona uğurlar arzuladıq və dedik ki, Azərbaycanın demokratikləşməsi üçün təkcə Azərbaycan Xalq Hərəkatı deyil, başqa hansı qurum addımlar atacaqsa, biz onlara dəstək verəcəyik. Sənədə imza atmamağımız onun neqativ tərəflərindən olduğu üçün bu neqativ səbəblərin heç birini açıqlamaq istəmirəm. Dostlarımızın işinə pozitiv baxıram. Bu istiqamətdə əlimizdən nə gəlirsə dəstək verəcəyik”.

Gələcəkdə partiyasının sənədə imza atıb-atmayacağı barədə sualımıza Ümid sədri belə cavab verdi: “Gələcək baxımından Ümid Partiyası Azərbaycanın demokratikləşməsi, mənafelərinin qorunması üçün görülən bütün işlərdə iştirakçı olacaq. Eyni zamanda Azərbaycanın mənafeyi, adı harada varsa, partiyamız orada olacaq”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn söhbətin nədən getdiyindən xəbərsiz olduğunu söylədi.

Qeyd edək ki, sənədə imza atmayan partiyalardan olan ADP-nin sədri Sərdar Cəlaloğlu bununla bağlı “Yeni Müsavat”ın ötən sayına açıqlama verib. O, sərt tənqidlər səsləndirib. Sərdar bəy çayxanalarda partiyalara imza atdırıldığını bildirib və bu prosesdən xəbərsiz olduğunu qeyd edib. O, İ.Ağazadə, P.Hüseyn və şəxsinin küsdürülməsi üçün hərəkatda təmsil olunan bəzi şəxslərin əllərindən gələni etdiklərini dolayısı ilə vurğulayıb. ADP sədri onların əleyhinə olanları bolşeviklərlə belə müqayisə edib.

AXH-nin təşəbbüskarı olan sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov S.Cəlaloğlunun ittihamlarına bu cür mövqe sərgilədi: “Sərdar bəyi doğrudan da çox istəyirəm. Çayxanalarda qol çəkmələr hərəkatın atributlarından biridir. Hərəkatlar hər zaman çayxanalarda yaranır, özü də 50 qəpiklik və ya bir manatlıq çayxanalarda. 8, 10 və ya 15 manatlıq çayxanalar bizlik deyil. İnanıram ki, Sərdar bəy sona qədər bizimlə olacaq. Yolumuzu bir addımlamağı biz də çox istəyirik. Ona çox böyük hörmətim var. And olsun Allaha ki, heç kəsi küsdürmək fikrimiz olmayıb. Onların hər birini özümə doğma bilirəm. Unutmaq olmaz ki, hərəkatın öz qayda-qanunları var. 19 yanvarda iclas günü AĞ Partiya rəhbəri Tural Abbaslı da daxil olmaqla, beş nəfər sənədə qol çəkdi. Orada bir-bir insanları dinləyib qol çəkdirmək çətin idi. Ona görə müxtəlif günlərdə görüşlər keçirib, imzalar atdırdıq. Sərdar bəyin narahatlığı varsa, onu bölüşürəm. İclaslarımız canlı yayımda keçirilib. İqbal bəyin qərargahında qol çəkməni hər kəs canlı gördü. İstəyirsinizsə, Tural Abbaslıdan, Hacı Tahirdən, İlyas İsmayılovun partiyasından soruşun. Kimi görürdüksə, ona qol çəkdirirdik. Bunu kimdənsə gizli etmək üçün etmirdik. Əgər Sərdar bəy inciyibsə, ondan üzr istəyirəm”.

Sonda xatırladaq ki, AXH yanvarın 26-da ADP qərargahında möhtəşəm təsis konfransı keçirməyi planlaşdırır. Artıq bu istiqamətdə ciddi işlər getməkdədir.

Geri qayıt