Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycana qarşı süni təzyiqlərin olması ölkə daxilində kimlərin marağındadır, bunu bilmirik”

“Azərbaycana qarşı süni təzyiqlərin olması ölkə daxilində kimlərin marağındadır, bunu bilmirik”


18-01-2019, 09:40
“Azərbaycana qarşı süni təzyiqlərin olması ölkə daxilində kimlərin marağındadır, bunu bilmirik”
Yanvarın sonunda Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında iştirak etmək üçün Strasburqa yola düşəcək. Sessiyada həbsinin bitməsinə az qalmış yeni ittihamlarla üzləşən gənc blogger Mehman Hüseynovun məsələsi də gündəmdə olacaq.

Bununla bağlı AŞ PA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna geniş müsahibə verib. S.Seyidov açıqlamalarında narahatçılığını ifadə edib. O, gənc bloggerlə bağlı məsələnin əsl mahiyyətini geniş və ətraflı bütün beynəlxalq strukturlara, o cümlədən Avropa Şurasına çatdırdıqlarını bildirib. Seyidov AŞ-də Azərbaycana qarşı qüvvələrin öz rolunu oynadıqlarını da qeyd edib.

Sitat: “Məni daha çox narahat edən Azərbaycana qarşı çox düşünülmüş, təsadüfi olmayan prosesin həyata keçirilməsidir. Bunun arxasında müxtəlif maraqlı qüvvələr var. Son hadisələr buna dəlalət edir ki, Azərbaycanla bağlı hər hansı məsələ gündəmdən çıxan kimi başqası gündəmə gətirilir. Xüsusilə İlqar Məmmədov azadlığa çıxandan sonra beynəlxalq qurumların gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yox idi. İndi yenə bu məsələlər beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq. Təbii ki, bu məsələlərlə bağlı ünsiyyətdə olmaq çox çətindir. Bu yaxınlarda nümayəndə heyətimiz Strasburqa gedəndə bunların hamısı ilə rastlaşacağıq, fikirlər dinləyəcəyik. Bu, o qədər də asan deyil”.

S.Seyidov onu da vurğulayıb ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlıq etməyə başlayanda bu cür məsələlər ortaya çıxır.

“AŞ PA-nın qış sessiyasında Azərbaycanla bağlı problemlərin, xüsusən də insan haqları və Mehman Hüseynovla bağlı konkret məsələlərin qaldırılacağına görə gərginsinizmi, narahatsınızmı?” sualına nümayəndə heyətimizin rəhbəri bu cür cavab verib: “Təbii, narahatam. Əminəm ki, belə də olacaq. Ancaq cavab verməyə sözümüz var. Əlimizdə sənədlər, əsaslar aparırıq. Hüquq-mühafizə orqanlarının arayışları var, qeyri-dövlət təşkilatlarının, Azərbaycandakı diplomatik korpusun, ombudsmanın, həbsxanadakı insanların özlərinin fikrilərini aparırıq. Bütün sənədlər əlimizdədir. Bu baxımdan biz həqiqəti, reallığı Avropa deputatlarına, bununla maraqlananlara çatdıracağıq. Amma mən bilirəm ki, bizə, Azərbaycan nümayəndə heyətinə təzyiqlər, ittihamlar, suallar olacaq”.

S.Seyidovun bu narahatlığı diqqət çəkir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında S.Seyidovun narahatlığına səbəb olan məsələlərin gözlənilən olduğunu dedi: “Bizdə bir müddət öncədən məlumat var idi ki, qış sessiyasında nümayəndə heyətimizə təzyiqlər olacaq. Səməd Seyidovun narahatlığını başa düşürəm. Amma bir sual da meydana çıxır. Niyə Azərbaycana bu qədər təzyiqlər olmalıdır? Nə üçün Mehmana ikinci dəfə cinayət işi açılırdı? Bizim siyahıda 26 siyasi məhbusun adı var. Bu məhbusları azad edin. Eyni zamanda islamçıların çoxunun təzədən məhkəməsi olmalı və onlar azad edilməlidir. Azərbaycana qarşı süni təzyiqlərin olması ölkə daxilində kimlərin marağındadır? Bu sualın cavabını hüquq müdafiəçiləri olaraq bilmirik. Bizim Qarabağ məsələmiz var. Çox vacibdir ki, ölkəmizdə siyasi məhbus məsələsi birdəfəlik həll olunsun. Bununla dünyaya göstərə bilərik ki, bizdə siyasi məhbus yoxdur. Həm də millətlə dil tapmaq mümkün olacaq. Bu birlik olmadan Dağlıq Qarabağ məsələsi çözülməyəcək. Azərbaycanda müxalif siyasi liderlər var. Onlar güc tapıb hökumətlə mübarizə apara bilmirlər, siyasi məhbuslar azad olunsalar, mübarizə apara biləcəklər ki? Niyə hər kəsi bizim üstümüzə salırsınız? Leyla Yunus haqqımızda yüzlərlə yazı yazıb. İndi isə kitabı dərc olunub. Bütün hüquq müdafiəçilərinin hökumətə işlədiyini deyir. Axı bu sözləri niyə ondan almalıyıq? Niyə siz Leyla Yunusu azad edib lider etdiniz? Onun bütün dünyada bizi biabır etməsi üçünmü? Hökumətlə işləyirik, amma necə? Siyasi məhbusların məsələsini hökumətlə həll edirik, azad etdiririk. Yüzlərlə haqqı pozulmuş insanlar var. Hər şey təkcə siyasi məhbuslarla bitmir. Bu problemləri həll etmək üçün kimlərlə danışmalıyıq? Azərbaycanda millətlər arasında heç zaman söz-söhbət olmayıb. Amma indi Leyla Yunus orada bir qrup separatçı etniki Azərbaycanın üstünə qaldırıb. Məqsəd ölkəmiz daxilində yaşayan etniklərlə münasibətləri korlamaqdır. Hökumətə müraciətim var. Niyə onları dirildirsiniz? Vətənini sevən Gözəl Bayramlını həbsdə saxlayırsınız, amma satqın Leyla Yunusu azad edirsiniz. Mehman Hüseynovun qardaşı Emin Hüseynov Avropa Şurasını təhqir edir. Şəxsən onun son çıxışları mənə ağır təsir etdi. Qardaşı burada çətin şəraitdədir, hər kəs onun azadlığı üçün çalışır, xarici ölkələrin səfirlikləri gedib onunla görüşür. Amma Emin, sən deyirsən ki, Avropa hökumətlə əlbirdir. Emin Hüseynov, Avropa sənin 500 və ya 750 min vergi borcunu ödəyib, səni Azərbaycandan çıxardı. Səni də türməyə salsalar, qalacaqdın orada. Emilə demişdik ki, Mehmanla işin olmasın, o, türmədə qalmamalıdır. Bizlərin mübarizəsi Azərbaycan dövlətini qorumaqdır. Hökumətə müraciət edirəm ki, artıq bu siyasi məhbus məsələsini bitirin. Siyasi məhbus problemi martadək həll olunmalıdır ki, təpkilərdən azad olaq”.

Hüquq müdafiəçisi S.Seyidovun dediklərinin bu hissəsi ilə razıdır: “Səməd Seyidov deyir ki, Azərbaycan beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığa başlayanda belə məsələlər ortaya çıxır. Bu fikirlərlə tam razıyam. Amma biz də müəyyən addımlar atmalıyıq ki, onlar bunu edə bilməsinlər. Onlara şans verməməliyik. Buraxın siyasi məhbusları, qoyun haqlı tərəfə biz çevrilək”.

Hüquq müdafiəçisi hesab edir ki, AŞ PA-nın qış sessiyasında Azərbaycana qarşı təpkilər olacaq: “Amma böyük bir təzyiqin olacağını düşünmürəm”.

Geri qayıt