Əsas Səhifə > Partiya, Güney Press > “Bəziləri qrant ələ keçirmək üçün bunu fürsət bilib hərəkətə keçirlər...”

“Bəziləri qrant ələ keçirmək üçün bunu fürsət bilib hərəkətə keçirlər...”


14-01-2019, 08:31
“Bəziləri qrant ələ keçirmək üçün bunu fürsət bilib hərəkətə keçirlər...”
Həbsdə olan gənc bloger Mehman Hüseynova qarşı əlavə maddələrlə cinayət işinin açılması məsələsi hələ də gündəmdədir. Son olaraq, onun Azərbaycan KİV-lərinə müraciət etməsi və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada onunla görüşmələri müzakirələrə yol açıb. Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər.

Gənc bloger ətrafında yaranan müəmmalardan biri onun barəsində cinayət işi açılmasına baxmayaraq, hələ də məhkəmə önünə çıxarılmamasıdır. Bu müəmmalı vəziyyətə M.Hüseynovun vəkili Şəhla Hümbətova “Yeni Müsavat”da bu cür aydınlıq gətirdi: “Hazırda istintaq gedir. Qanunvericiliklə bu şəxs barəsində 3 marta qədər qətimkan tədbiri seçilib. İstintaq müddətində o həbsdə qalmalıdır. Ondan sonra hər şey istintaqın gedişindən asılı olacaq. Bəri başdan mən nəsə deyə bilmərəm. Çünki elə bir vəziyyətdir ki, heç kəs heç nə deyə bilməz. Mehman Hüseynovun özü ilə bağlı bütün açıqlamaları onun ailə üzvləri verir. Bizim razılaşmamız belədir”.

Qeyd edək ki, M.Hüseynova əlavə cinayət işi açılan kimi ölkə daxilində və xaricində bəzi qüvvələr dərhal hərəkətə keçib. Bəyanatlar bir-birinin ardınca gəlməyə başlayıb. Xüsusilə, bəzi beynəlxalq qurumlar mövcud vəziyyətdən gen-bol istifadə etməyə cəhdlər edir. Ölkə daxilində də bəzi qüvvələr bunu bir fürsət bilib. Gənc blogerin keçirdiyi ağır günlər, onun gənclik həyatı bir tərəfdə qalıb, fürsətcil qüvvələr bunları unudub öz şəxsi maraqlarını daha çox önə çəkdilər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev məsələnin həll yollarından danışdı: “Mən də həbsdə olmuşam. Allah həbsdə olanların hamısının qapısını açsın. Amma bir şeyi deyim. Mehmanın yaxınlarına da tövsiyə etmişdim ki, ondan bir alət kimi istifadə etməsinlər. Bəziləri qrantlar ələ keçirmək üçün bunu fürsət bilib hərəkətə keçirlər, xaricdən söyüş kampaniyası təşkil olunur. Bunlar yersiz məsələlərdir. Hesab edirəm ki, media kapitanlarının, ziyalıların, Mehman ailəsinin müraciəti əsasında bu məsələni həll etmək lazımdır. Mən də düşünürəm ki, məsələni böyütməyə dəyməz. Mehman bir müddətdir həbsdədir və onun azad edilməsi üçün addımlar atmaq mümkündür.

Mövcud vəziyyətdən beynəlxalq qurumlar, dövlətlər süni şəkildə ajiotaj yaratmağa çalışır. ”Avronest"də elə bir sual qoymuşdum ki, insan hüquqlarını müdafiə edən ATƏT və başqa təşkilatlar nə üçün Kəlbəcərdən girov götürülmüş və zod mədənlərində işlədilən yüzlərlə Azərbaycan qadınının azad edilməsi üçün işlər görmür? Həm girov götürülənlərin sayını, həm də ünvanı göstərmiş, onların azad edilməsini tələb etmişdim. Bununla bağlı heç bir tədbir görmədilər. İndi guya Azərbaycanda bir nəfərin hüquqi pozulub deyə hay-küy salırlar. Əlbəttə, mən ölkəmizdə bir nəfərin belə hüquqlarının pozulmasını istəmirəm. Mehman məsələsindən, eləcə də, digər bu kimi məsələlərdən istifadə etməyə çalışanlara fürsət vermək lazım deyil. Söyüş kampaniyasından, bəzi şəxslərin qrant əldə etmək üçün Mehmanı əldə alət etmələrindən deyil, media kapitanlarının, jurnalistlərin, ziyalıların, lap lazım gələrsə, deputatların müraciəti ilə bu məsələni həll etmək lazımdır".

Geri qayıt