Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərir
Azərbaycan məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərir31-01-2018, 08:59 |
Azərbaycan məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərir və indiyə qədər dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salınıb. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident İlham Əliyevin yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışına münasibət bildirərkən deyib. B.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında prioritet istiqamətləri bir daha qeyd etdi, ölkə iqtisadiyyatının çox sürətli inkişaf dinamikasına diqqəti yönəltdi, qeyri-neft sektorunun inkişafını və ölkədə aparılan islahatların çox böyük uğurla davam etdirildiyini xüsusi vurğuladı. Deputat bildirib ki, bütün işlərin, iqtisadiyyatın inkişafı Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşmasına yönəlib. B.Əliyev vurğulayıb ki, dövlət həmişə qaçqın və məcburi köçkünləri də diqqətdə saxlayıb, onların sosial müdafiəsini gücləndirib və bu il də inzibati binalarda, yataqxanalarda, yarımçıq binalarda, məktəblərdə, sanatoriyalarda yerləşmiş məcburi köçkünlər üçün yeni qəsəbələr, binalar tikiləcək və onlar mənzillə təmin ediləcək: "Bununla da 2018-ci ildə məcburi köçkünlərin demək olar ki, 80-90 faizə qədərinin mənzil şəraiti yaxşılaşdırılacaq". B.Əliyev qeyd edib ki, əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin nəticəsidir: "Bu işlərin hamısı ölkəmizin öz vəsaiti hesabına, heç bir yerdən yardım almadan həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Prezidentin həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir". Geri qayıt |