Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan da parlamentli idarəçiliyə keçə bilərmi?

Azərbaycan da parlamentli idarəçiliyə keçə bilərmi?


22-01-2018, 08:43
Azərbaycan da parlamentli idarəçiliyə keçə bilərmi?
Bu ilin aprel ayında Ermənistan da Gürcüstan kimi parlamentli üsul-idarəyə keçəcək. Ölkədə əsas səlahiyyətli şəxs prezident yox, baş nazir olacaq. Bəs, Azərbaycanın idarəetmə sistemində dəyişiklik mümkündürmü?

Politoloq Əhəd Məmmədliyə görə, Ermənistanın parlament idarəetmə üsuluna keçməsi demokratik dünyada onları bir addım irəli aparır: “Cənubi Qafqazda Gürcüstan da parlament üsul - idarəsinə keçib. Azərbaycana gəlincə, bu tipli kiçik ölkələrdə parlament idarə üsulunun tərəfdarıyam. Ancaq hazırda bu keçidi məqbul saymıram. Çünki bizim Qarabağ kimi problemimiz var. Bu problem həll olunmayana qədər Azərbaycanda prezident üsul idarəsi qalmalıdır. Fikrimcə Azərbaycan öz ərazi bütövlüyünə qovuşduqdan, tamamilə unitar sistemə keçdikdən sonra gələcəkdə Azərbaycanın parlament idarəetmə üsuluna keçməsinin tərəfdarıyam”.

Politoloq Mübariz Əhmədoğlu isə bildirdi ki, Azərbaycanda dəyişikliyə ehtiyac yoxdur: “Əvvəla, Azərbaycanda çox uzun müddət mərkəzi hakimiyyət güclü olmalıdır. Çünki biz həm millət, həm də dövlət olaraq erməni və gürcülərdən fərqliyik. Eləcə də bizim əhatəmizdə olan dövlətlərlə tarixi münasibətlərimiz də təhrik edir ki, hökmən mərkəzi hakimiyyəti güclü saxlayaq. Ermənilər özlərinə tarix uydursalar da, əslində belə deyil. Hətta uydurduqları tarixlərindən də görürsən ki, hansı iri dövlətin tərkibində olublarsa, onlara yarınıblar. Uzun müddət Ermənistanda dövlət olmayıb. Orada mərkəzi hakimiyyət əvəzinə kilsə fəaliyyət göstərib. Azərbaycan xalqının isə keçdiyi tarix ayrıdır. Elə Karl Marksın Şah İsmayıl Xətai haqqında dediyi sözə baxaq. Deyirdi ki, İsmayıl 16 il hakimiyyətdə oldu, 16 dövləti işğal etdi. Yəni biz imperiyası olan xalqıq. Müasir dövrdə isə Azərbaycanda mərkəzi hakimiyyət bir balaca zəifləsə, ən azı, elə iki qonşumuz bizimlə bağlı planlar üzərində işləyəcək. Şəxsən bizim müsəlman qonşumuzda Azərbaycana qarşı daimi pis niyyətlər mövcuddur. Sadəcə olaraq Azərbaycan xalqının öz tarixinə sadiqliyi, prezidentimizin apardığı siyasət qonşu dövlətlərə pis planlarını həyata keçirməyə imkan vermir. Ermənistan isə bu cür dövlət quruluşuna keçməklə yenə də özünün satılmağa hazır olduğunu, digər iri dövlətlərin əlində alət olmağa hazırlığını nümayiş etdirir. İran gəlib Ermənistanın ərazisində 2 şəhəri qazlaşdırdı. Bir anın içərisində Rusiyanın ”Qazprom" şirkəti İranın pulu hesabına tikilən qaz şəbəkələrini öz balansına keçirdi. İndi idarə üsulunu dəyişirlər ki, belə məqamlarda xalqın adından danışsınlar. Ona görə də deyirəm ki, o xalqın qarşısında dayanan məsələlər, keçdikləri tarix ayrıdır, bizim xalqının məqsədləri başqadır. 10 milyonluq Azərbaycan xalqı, indiki 86.6 min kvadrat kilometr ərazimiz bizim ən minimalımızdır".

Politoloq hesab edir ki, Ermənistanın demokratik dünyasına yaxınlaşmasından söhbət gedə bilməz: “Ancaq ondan danışmaq olar ki, Ermənistanda ”demokratiya kağızı" var. Demokratiyaya qiymət verənlər avropalılardır ki, onların da hər zaman Ermənistana xüsusi münasibətləri olub. Təsəvvür edin ki, Ermənistanda bir vəkilin evinin açarını soyuq silah adı ilə cibində tutub həbs ediblər ki, soyuq silah gəzdirirsən. Ermənistanı diqqətlə izləyən təşkilat rəhbəri olaraq orada necə antidemokratik proseslərin getdiyini çox gözəl bilirəm. İnsan hüquqların pozulması, demokratiya ilə bağlı məsələlərdə Ermənistan regionda ən bərbad vəziyyətdə olan dövlətdir. Məsələ burasındadır ki, Qərb dövlətlərinin Ermənistanın demokratiyaya münasibətini nümunə götürmələri bütün Cənubi Qafqazda demokratik mühiti pisləşdirən haldır. Əgər obyektiv yanaşaydılar, Cənubi Qafqazın digər dövlətlərində də demokratik vəziyyət indikindən yaxşı olardı. Gürcüstanda da mətbuat azadlığı prizmasında nə qədər böyük məsələlər var ki, həllini gözləyir. Ona görə də bu, ümumi sözdür ki, parlament idarəetmə üsulu olan dövlət demokratiyaya daha yaxındır. Guya hesab edirlər ki, burada hər şeyi parlamentdə müzakirə edirlər. Ancaq parlamentdə istənilən məsələni də müzakirə etmək olar. Götürək 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsini. O da parlament yolu ilə hakimiyyətə gəlib. Sarkisyan da bu gün Hitlerin maskalanmış variantıdır".
“Yeni Müsavat”

Geri qayıt