Əsas Səhifə > Partiya, Güney Press > "Onlar Azərbaycanda şəriət modelli ölkə arzulayırlar"

"Onlar Azərbaycanda şəriət modelli ölkə arzulayırlar"


9-01-2018, 09:10
"Onlar Azərbaycanda şəriət modelli ölkə arzulayırlar"
Son illərdə ölkənin müxalifət düşərgəsinin, xüsusilə Əli Kərimlinin kontrolunda olan Milli Şuranın dini camiənin dəstəyindən maksimum istifadə etmək yolu seçdiyi açıq görünür. Belə iddialar da var ki, son 10 ildə Amerika başda olmaqla, Qərb ölkələri tərəfindən bu düşərgəyə dəstəyin sürətlə azalması müxalifətin narazı dini elektorata qarmaq atmasına səbəb olub.

Bu sırada demokratik düşərgənin öndə olan siyasi qurumlarından olan, əsasən AXCP-dən ibarət Milli Şura daha fəal görünür. Bunu qurumun keçirdiyi mitinqlərdə açıq şəkildə görmək mümkün olmuşdu. Belə ki, aksiyadakı iştirakçıların demək olar çox hissəsini dindarlar təşkil edirdi. AXCP sədri Əli Kərimlinin çıxışlarında da dindar camiəyə xitabən verdiyi mesajlar da bir çox mətləblərdən xəbər verir. Əksəriyyət Qərbdən gələn dəstəyin azalmasına, elektoratının tam əksəriyyətinə itirdiyinə görə, demokratik düşərgənin bu siyasəti yürütdüyünü düşünür.

Deputat Zahid Oruc öncəliklə Qərb ölkələri deyərkən onların vahid siyasi xəttindən, xüsusi razılaşdırılmış tarixi siyasət kursundan danışmağın çox çətin olduğunu bildirdi: “Bu ölkələrin maraqları nəinki uzlaşmır, əksər hallarda tam müxtəliflik təşkil edir. Həmin dövlətlərdə din cəmiyyət həyatının ayrılmaz hissəsi kimi qəbul edilsə də, orada dövlət yönləndirilmir. Yeganə istisnanı Katolik mərkəzi təşkil edir. Vatikan kilsəsi dini mərkəz olaraq, dünyada bir milyarddan artıq katolikləri yönləndirir, onların müxtəlif vasitələrlə ağıllarına, şüurlarına təsir edir. Eyni zamanda siyasi mərkəz olaraq da qalır. Təəssüflər olsun ki, son illərdə hakimiyyətlərə təzyiq vasitələri üçün Qərb dairələri imkanlarından hərtərəfli yararlanmağa çalışırlar. Müxtəlif şəxslər vasitəsilə hakimiyyətlərlə mübarizə aparıb, maraqlarını təmin etməyə çalışıblar. Fərqinə varmayıblar ki, bir dini toplumu gücləndirərkən bunun nəticəsi region dövlətlərindən hər hansı birinin mövqelərini gücləndirmək olacaq. Qərbin sadəlövh olub baş verə biləcək situasiyanı əvvəlcədən görmədiyini tam demək də çətindir. Tarixdən keçib gəlmiş və bərkimiş İslamdan istifadə edən qüvvələrə Qərbin əlini qoyması nə qədər ziddiyyətli görünsə də, bizim hazırkı reallığımızdır. Bəli, bu gün məscidlər ayrı-ayrı qüvvələrin, şəxslərin gözündə hakimiyyətə qarşı mübarizədə düşərgədir, qaladır... İrandakı prosesləri izlədik. Belə məsələlərə yanaşmalar Azərbaycan tipli ölkələrə də cızıla bilər. Milli Şuranın İrandakı son hadisələrə yanaşmalarında da bir çəkincəklik, ehtiyatlılıq var idi. Nədənsə bu məsələdə Vahid Azərbaycan və bu kimi məsələlər yada düşmədi. Bugünkü reallıq ondan ibarətdir ki, Əli Kərimli demokratik siyasi platformanı təmsil etməkdən daha çox çıxışlarında dini lider kimi xitab edir. Onun çıxışlarına diqqət etsəniz bunu görərsiniz. Bu baxımdan düşünürəm ki, ”yaşıl inqilab" bu şəxslərin də düşüncələrində qərarlaşıb. Açığı, həmin şəxslərin qara rəngi təmsil etdikləri düşüncəsi ilə baxıram. Yaşıl bayraq qaldırıb, inqilab etmək niyyətindən bizə böyük təhlükə yoxdur. Çünki ölkənin mütləq əksəriyyəti malik olduğu inanclara baxmayaraq, Azərbaycanda din dövləti qurmağın əleyhinədir. Biz qətiyyən dini dövlət deyilik. İnanclı insanların tam əksəriyyəti iqtidarla normal münasibətdədir. Amma bunların içərisində cüzi bir radikal hissə var. Onlar Azərbaycanda şəriət modelli ölkə arzulayırlar. Tale Bağırzadənin timsalında onlara verilən cəzaları önə çəkərək, az qala onları qurban kimi qələmə verməklə bu şəxsləri vaxtilə həbsdə qalan Afrika liderlərinin timsalında təbliğ edirlər. Bunun üzərindən düşünürlər ki, bəlkə hakimiyyətə gedən yol açıldı. Bu, çox yanlış və təhlükəli bir yoldur. Əminəm ki, Azərbaycan insanının böyük əksəriyyəti buna qarşıdır, qətiyyən buna şübhəm yoxdur".
“Yeni Müsavat”

Geri qayıt