Əsas Səhifə > Partiya, Güney Press > Deputat sol qüvvələrlə əməkdaşlığın üstündən xətt çəkdi:

Deputat sol qüvvələrlə əməkdaşlığın üstündən xətt çəkdi:


6-01-2018, 12:32
Deputat sol qüvvələrlə əməkdaşlığın üstündən xətt çəkdi:
Siyasi partiyalar və siyasi partiyaların bloku ölkədə keçirilən seçkilərdə və referendumda özünəməxsus yeri olan çox mühüm seçki subyektlərindəndir. Mövcud qanunvericilik seçkilər zamanı siyasi partiyaların öz məqsəd və məramına uyğun olaraq bloklarda birləşmək, vahid platforma ilə çıxış etmək, namizədlər irəli sürmək imkanlarını tanıyır.

Bu il ölkəmizdə Prezident seçkiləri keçiriləcək. Bununla bağlı artıq bir neçə partiya hazırlıq işlərinə başlayıb.

Maraqlıdır, seçki ərəfəsində sol qüvvələrin birliyi alına bilərmi?

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə Modern.az-a açıqlmasında bildirib ki, seçki ərəfəsində sol qüvvələrin birliyi alına bilməz.

“Çünki biz özümüzlə birləşməyəcək ki? Kommunistlərə qalanda isə, üç-dörd kommunist var ki, onlar öz aralarında birləşmirlər, qaldı ki bizimlə birləşmək.

Ümumiyyətlə, kommunistlərlə birləşmək yatanda heç yuxuma da girmir. Çünki onlar pərakəndə qüvvədir. İkincisi, sabaha yox, dünənə köklənmiş qüvvədir. Ən əsası biz artıq iki kommunist partiyası ilə bir qrupda olmuşuq. Vaxtilə 1990-cı illərin sonlarında “Sosialist azərbaycanlı” bloku var idi. Lakin biz müstəqil Azərbaycanının siyasi partiyasıyıq”

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov isə saytımıza açıqlamasında deyib ki, hər hansı blokun yaradılması mümkündür:

“Təbii ki, hər bir seçki öncəsi müəyyən bloklar, birliklər yaranır. Bu da normaldır. Hesab edirəm ki, sol qüvvələrin də belə bir birliyi yarana bilər. Yəni iş birliyi istisna deyil. Hər bir şey şəraitdən və zamandan asılıdır. Açığı, bu barədə danışmaq hələ tezdir. Ancaq belə bir şey mümkündür”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan Kommunist Partiyası ölkənin milli maraqlarına xidmət edən bütün siyasi partiyalarla əməkdaşlıq etməyə həmişə hazır olub və hazırdır:

“Vaxtilə Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Kommunist Partiyası “Sosialist azərbaycanlı” blokunda birləşib, müəyyən qədər bir yerdə fəaliyyət göstərmişdi. Lakin hadisələr necə cərəyan edəcək və şərait nəyi tələb edəcək - bu, gələcəyin işidir. Yəni qeyd etdiyim kimi hər hansı partiya ilə əməkdaşlıq etmək istisna deyil.

Amma bizim partiyamız son dövrlərdə bütün parlament, prezident seçkilərində heç bir siyasi partiya ilə müttəfiqlik etməyib, heç bir bloka daxil olmayıb. Partiyamız bütün seçkilərdə müstəqil iştirak edib. Buna baxmayaraq bu gün nəyisə dəqiq demək mümkün deyil, hər bir şey ola bilər”.

Geri qayıt