Əsas Səhifə > Partiya, Güney Press > Ana Vətən Partiyası - 27

Ana Vətən Partiyası - 27


24-11-2017, 09:09
Ana Vətən Partiyası - 27
DİA.AZ: - 24 noyabr 2017-cı il Ana Vətən Partiyasının 27 yaşı tamam olur. DİA.AZ xəbər verir ki, bu münasibətlə partiyanın sədri, millət vəkili Fəzail Ağamalı partiya üzvlərini təbrik etmişdir.

Təbrikdə deyilir:

"Hörmətli Anavətənçilər!

Ana Vətən Partiyasının yaranması Azərbaycanda ziddiyyətli və siyasi proseslərin sürətlə inkişaf etdiyi bir dövrə təsadüf edir. Həmin dövr müxtəlif siyasi baxışları öz ətrafında birləşdirən AXC rəhbərliyi siyasi proseslərin önündə gedə və açıq siyasi iradə nümayiş etdirə bilmirdi. Məhz hadisələrin bu cür gedişi ilə razılaşmayan bir qrup ziyalı və tələbə 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasını təsis etdilər.

O, vaxtdan AVP Azərbaycan cəmiyyətinin siyasi sistemində ilk partiyalardan biri kimi aktiv fəaliyyətə başlamışdır.

AVP öz fəaliyyətini Azərbaycançılıq, Dövlətçilik, Demokratiya və Vətənkeşlik kimi təməl prinsipləri üzərində quraraq özünün başlıca vəzifəsini beynəlxalq hüquqi normalar əsasında Azərbaycanın əzəli ərazi bütövlüyünün təmin edilməsində, tarixi və coğrafi baxımdan vahid Azərbaycanın qurulmasında görmüşdür.

Partiyamız azərbaycançılıq məfkurəsini türkçülüyə qayıdışı, dünyəviliyə irəliləyişi özündə birləşdirən ideya olduğunu və dövlətçiliyimizə xidmət etdiyini qəbul etmiş, bu ideyanı təbliğ etməyi özünün proqram vəzifələrindən biri hesab etmişdir.

Ana Vətən Partiyası siyasi meydana qədəm qoyduğu andan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət qurmaq, onu nüfuzlu beynəlxalq subyektə çevirmək uğrunda ardıcıl mübarizə aparmışdır. Doğma Azərbaycanımızın müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, onu dünyanın yüksək inkişaf etmiş dövlətləri sırasına çıxarması yolunda mübarizə aparmaq bizim amalımız olmuşdur.

Əziz Anavətənçilər! Sizi partiyamızın 27 illiyi münasibətilə təbrik edir, sizə can sağlığı və pariyamızın amalları uğrunda mübarizədə yolunda yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə, AVP sədri və millət vəkili Fəzail Ağamalı"

Geri qayıt