Əsas Səhifə > Partiya, Güney Press > Siyavuş Novruzovun söz atdığı deputat kimdir...

Siyavuş Novruzovun söz atdığı deputat kimdir...


2-11-2017, 08:46
Siyavuş Novruzovun söz atdığı deputat kimdir...
Milli Məclisin sonuncu plenar iclasında “Azəri-Çıraq-Günəşli” üzrə yeni sazişin ratifikasiyası zamanı YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov maraqlı bir çıxış etdi. Təsdiq olunan layihənin önəmindən bəhs edən hakim partiya təmsilçisi Bakı-Tiflis-Ceyhan neft kəmərini də xatırlatdı və bəzi həmkarların mesaj verdi.

“Vaxtilə bu layihəni xəyal adlandırırdılar, layihənin gerçəkləşəcəyinə inanmırdılar. Amma tarix bu fikirlərin xülya olduğunu göstərdi. O zaman bu müqaviləni bəyənməyənlərdən hazırda Milli Məclisin iclasında oturanlar da var, sazişi dəstəkləyirlər. Digərləri də zamanında başa düşəcəklər” - S.Novruzov qeyd etdi.

S.Novruzovun çıxışından sonra deputatlardan kimsə onun sözlərinə reaksiya vermədi. Hər halda, YAP təmsilçisinin bu sözləri deyərkən kimləri nəzərdə tutduğu maraqlıdır. Çox güman ki, o, vaxtilə müxalifət sıralarında olan həmkarlarını nəzərdə tutub. Odur ki, keçmiş cəbhəçi deputatlara müraciət etdik.

Fazil Mustafa: “Siyavuş Novruzov hardasa, nəyisə qarışdırıb”
Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, onun bu mövzuda çıxışı olmadığı üçün bu eyhamın özünə ünvanlandığını düşünmür: “Ümumiyyətlə, o vaxt Xalq Cəbhəsində birmənalı fikir bu idi ki, Bakı-Tiflis-Ceyhan yaxşı layihədir. O zaman daha çox etirazlar Azərbaycanın MDB-yə qoşulmasına qarşı idi. Bakı-Ceyhanla bağlı hər hansı etiraz, narazılıq bildirilməyib. Deməli, Siyavuş Novruzov hardasa, nəyisə qarışdırıb”.

Tahir Kərimli: “Heç vaxt ”Əsrin müqaviləsi"nə zidd fikirlər səsləndirməmişəm"
Deputat Tahir Kərimli isə qəzetimizə bunları söylədi: “Düzdür, mən iclasda çıxış elədim. Amma sonradan öyrəndim ki, bu fikirlər mənə ünvanlanmayıb. Özü də mən heç vaxt ”Əsrin müqaviləsi"nə zidd fikirlər səsləndirməmişəm. Düzdür, vaxtilə olduqca radikal, hədsiz müxalifətçi olmuşam, iqtidar təmsilçiləri ilə təmasları qəbul etməmişəm. Amma “Əsrin müqaviləsi”ni dəstəkləmişəm. Çünki bu müqavilə özünü doğrultdu, maliyyə imkanlarımızı artırdı. Əsas gözləntim bu olub ki, ölkəyə daxil olan vəsait sosial ədalət gözləməklə xərclənsin. Məhz bu layihənin sayəsində ölkədə böyük işlər görülüb, iri infrastruktur yaradılıb. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, 90-cı il səviyyəsində ümumdaxili məhsulu bərpa edə bilib".

Çıxışında kimi nəzərdə tutduğunu öyrənmək üçün S.Novruzovla da əlaqə saxlamağa çalışdıq. Ancaq gün ərzində YAP funksioneri ilə əlaqə yaratmaq mümkün olmadı.

Geri qayıt