Əsas Səhifə > Partiya, Güney Press > Qanuna ediləcək dəyişiklikləri siyasi partiyalar necə qarşıladı?

Qanuna ediləcək dəyişiklikləri siyasi partiyalar necə qarşıladı?


31-10-2017, 09:13
Qanuna ediləcək dəyişiklikləri siyasi partiyalar necə qarşıladı?
Azərbaycanda siyasi partiyaların və təşkilatların fəaliyyəti "Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. Lakin elə siyasi partiyalar var ki, ölkədəki siyasi prülarizmdən istifadə edərək qanunvericiliyin tələblərini pozur. Fəaliyyətində hesabatlılığı və şəffaflığı qorumayan partiyalar isə bir çox hallarda Azərbaycandakı siyasi sabitliyi pozmağa cəhd edən xarici qüvvələrin alətinə çevrilir. Məhz bu səbəbdən zaman keçdikcə digər qanunvericilik aktları kimi günün tələbinə uyğun olaraq "Siyasi partiyalar haqqında” qanunda da müvafiq dəyişikliklərin edilməsi zərurətə çevrilir. Artıq bu istiqamətdə addımlar atılmağa başlayıb. Belə ki, bu günlərdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlayıb. Dəyişikliklər əsasən, siyasi partiyaların şəffaflığının artırılması, yəni maliyyə mənbələri və əldə edilən vəsaitin haraya sərf olunması ilə bağlıdır.

Komitə sədri Siyavuş Novruzovun sözlrinə görə, Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər: "Bəzilər isə hesabatı düzgün vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir".

S.Novruzov bildirib ki, təkliflər İctimai birliklər və dini qurumlar komitəsində müzakirə olunacaq: "Müvafiq strukturlarla da bununla bağlı müzakirələr aparılır, komitədə müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə ediləcək".

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bildirdi ki, siyasi partiyalarla bağlı qanun 1992-ci ildə qəbul olunub və həmin dövrdən bu yana cəmiyyətimizdə çox böyük dəyişikliklər baş verib: "Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yollar və Prezident İlham Əliyevin bu strategiyanın davam etdirməsinin məntiqi nəticəsi olaraq, bu gün Azərbaycan demokratik prinsipləri, insan hüquqlarının qorunduğu və tolerantlığı ilə seçilən ölkələrdən biridir. Buna uyğun olaraq, siyasi proseslərdə və ümumiyyətlə cəmiyyətin özünün baxışlarında bir dəyişiklik var. Sosial baxışların dəyişməsi kontekstində siyasi partiyalarla bağlı qanunda dəyişikliklərin edilməsi də günün tələblərindən biridir. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında” qanunda partiyaların öz maliyyə mənbələri, xərcləri ilə bağlı şəffaflıq öz əksini tapmalıdır. Eyni zamanda bu ictimaiyyətə açıqlanmalıdır. Yeni Azərbaycan Partiyası bunun nümunəsini ortaya qoyub. Belə ki, partiya il ərzində bütün şəffaflığı ilə gəlir mənbələrini və xərc istiqamətlərini kütləvi informasiya vasitələrində elan edir. Fikrimcə, digər siyasi partiyalar da bu tərzdə hərəkət etməlidir. Bəzən, xüsusilə, seçki prosesindən sonra Mərkəzi Seçki Komissiyasının müəyyən tələbləri olur və bir çox partiyalar bu tələbləri pozur. Hesab edirəm ki, buna görə də maliyyə şəffaflığı məsələsi qanunda öz əksini tapmalıdır və bütün partiyalar maliyyə qaynaqlarını və xərclərini cəmiyyətə çatdırmalıdır”.

A.Hüseynov vurğuladı ki, bir çox partiyaların haradan maliyyələşməsi müəmmalıdır: "Ümumiyyətlə, həmin partiyaların büdcəsinin nəyin əsasında formalaşması hələ də məlum deyil. Ona görə də müəmmalı olan, cəmiyyətdən gizlədilən və açıqlanmayan maliyyə mənbələrinin deməli, qaranlıq məqamları var. Hesab edirəm ki, bu məsələ "Siyasi partiyalar haqqında” qanunda bu əksini tapmalıdır və mövcud qanunvericiliklə tənzimlənməlidir. Buna riayət etməyən partiyalar isə qanun qarşısında cavab verməlidir”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, "Siyasi partiyalar haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərdə hər bir məsələ aydın şəkildə göstərilib: "Yəni, hesabat verməyən partiyaların bağlanması ilə əlaqədar olaraq məsələ qaldırıla bilər. Təbii ki, bu proses məhkəmələr vasitəsilə olmalıdır. Çünki hər hansı bir partiyanın bağlanması prosesi hüquqi baxımdan ancaq məhkəmə vasitəsilə ola bilər. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi bununla bağlı iddia qaldırır və mübahisəli məsələ məhkəmədə araşdırılır. Əgər hansısa bir partiyanın fəaliyyətində müəyyən problemlər varsa, o zaman məhkəmə tərəfindən həmin siyasi quruma birinci dəfə xəbərdarlıq edilə bilər. Yaxud da bir neçə prosedurdan sonra həmin partiyanın bağlanması gerçəkləşdirilə bilər”.

F.Mustafa qeyd etdi ki, bu təklif parlamentdə dəfələrlə səslənib və görünür, indi qanunvericiliyə dəyişiklik edilməsi məqsədə müvafiq sayılıb: "Hər halda bu məsələ ilə bağlı müzakirələr olanda öz fikirlərimiz bildirəcəyik. Onu da qeyd edim ki, bu dəyişikliklər bütün partiyalara aiddir. Əgər qanunda tələb varsa, o istər parlamentdə təmsil olunan, istər olunmayan bütün siyasi partiyalar üçün məcburidir”.
\\kaspi.az\\
Geri qayıt