Əsas Səhifə > Partiya, Güney Press > Deputatların maaşının artırılmasını istəyir

Deputatların maaşının artırılmasını istəyir


28-10-2017, 10:03
Deputatların maaşının artırılmasını istəyir
Milli Məclis gələn ay Azərbaycanın 2018-ci il üzrə büdcə zərfini müzakirəyə çıxaracaq. Artıq bəzi sahələr üzrə ayrılması nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb. Ancaq şübhəsiz ki, bunlar son rəqəmlər deyil və plenar iclasın müzakirələrindən sonra dəyişikliklər mümkündür. Bəs, Milli Məclis üzvləri necə, hökumətin iştirakı ilə keçiriləcək komitə və plenar iclasın müzakirələri zamanı deputat maaşının artırılması barədə təşəbbüslə çıxış edəcəklərmi? Xatırladaq ki, vaxtaşırı deputatların özləri də maaş azlığından şikayətlənir. Bu mənada devalvasiya, bahalığın tüğyan etdiyi şəraitdə onların özləri ilə bağlı məsələ qaldırıb-qaldırmayacağı maraq doğurur.

dia-az.life xəbər verir ki, deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, bu məsələnin gündəmə gətirilib-gətirilməyəcəyi barədə bilgili deyil: "Hazırkı maaş başqa ölkələrin parlamentləri ilə müqayisədə çox aşağı olsa da, müəllimin, həkimin, məmurun aldığı maaşın, təəqaüdçünün pensiyasının aşağı olması durumunda belə bir təkliflə çıxış etməyi məqsədəuyğun saymıram”.

Deputat Yevda Abramov hazırkı əmək haqqından razı deyil: "Açığını desəm, indiki maaş qane eləmir. Amma ətrafımızdakı digər insanların, kateqoriyaların ümumi əmək haqqı kontekstindən baxanda, mənə belə gəlir ki, bizim öz maaşımızla bağlı təklifi səsləndirməyimiz digər təbəqələri qıcıqlandıra bilər. Amma bəs eləmir. Mən ayda 4-5 dəfə Qusarda, 4 dəfə Qubada oluram. İndi özünüz fikirləşin, benzin, başqa məsələlər xərc tələb edir. Baxmayaraq ki, bizdə yüksək maaşdır. Amma oxucu bunu başa düşə bilmir. Deyirlər ki, biz acından qırılırıq, bunlar özlərinin problemlərinə necə yanaşırlar. O mənada mən bu məsələni qaldırmağa hardasa bir xəcalət hissi keçirirəm. Baxmayaraq ki, ehtiyacımız var”.

Y.Abramov dedi ki, aldığı maaş 1700 manat maaş alır: "Hələ mən komitə sədrinin müaviniyəm”.

Deputat dedi ki, deputatların vaxtaşırı xarici ölkələrə səfərlər etməsini də nəzərə almaq lazımdır: "Bu gün nəzərdə tutulan vəsait bir sıra ölkələrin mehmanxana xərclərini ödəmir. Məsələn, Yerusəlim şəhərində ən ucuz mehmanxana 400-500 dollardır. Burda verilən vəsait sənin yeməyinə və yatmağına bəs etmir. Amma elə ölkələr var ki, orda vəziyyət fərqlidir. Amma ümumilikdə nə edək, xalqın güzəranı bizdən də pisdir”.

Deputat büdcə müzakirələrində xalqın durumu ilə bağlı məsələ qaldıracağını istisna etmədi: "Nə vaxt olub ki, mən çıxışlarımda özümçün nə isə istəmişəm? Həmişə xalq üçün nələrsə deməyə çalışmışam. Bu dəfə də qismət olar, yazılarıq, danışarıq”.

"Bugünkü maaşım məni qane edir. Maaşım 1800 manatdır, bundan əlavə xərclər var. Ümumilikdə 2 minə yaxındır”. Bu fikirləri isə deputat Araz Əlizadə söylədi. Onun sözlərinə görə, indiki halda deputat maaşı qaneedicidir: "Bilirsinizmi, hər şey nisbətdə ölçülməlidir. Kimsə öz maaşını başqa ölkələrin deputatları, konqresmenləri ilə ölçürsə, bu, düzgün deyil. Onlar öz maaşlarını müəllimlər, həkimlər və s. müqayisə etməlidirlər”.

Geri qayıt