Əsas Səhifə > Partiya, Güney Press > “Siyasi proseslər inqilablarla deyil, təkamül yolu ilə, fərqli fikirləri ortaya atmaqla idarə olunur”

“Siyasi proseslər inqilablarla deyil, təkamül yolu ilə, fərqli fikirləri ortaya atmaqla idarə olunur”


24-10-2017, 09:27
“Siyasi proseslər inqilablarla deyil, təkamül yolu ilə, fərqli fikirləri ortaya atmaqla idarə olunur”
Seçkilərdə qalib gəlmiş Avstriyanın Xalq Partiyasının gənc lideri Sebastian Kurz sensasion bəyanat verib. Hazırda bu bəyanat dünya mediasının əsas xəbərləri sırasındadır.

Musavat.com xəbər verir ki, 31 yaşlı gənc və qalib lider milyarder iş adamı Corc Sorosa Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Soros Fondu) fəaliyyətini Avstriya ərazisində 28 gün ərzində dayandırmaq barədə ultimatum verib. Əks təqdirdə, hüquqi yola əl atacağına dair xəbərdarlıq edib. Musavat.com yournewsire.com saytına istinadən xəbər verir ki, S.Kurz fondun Avstriyadakı fəaliyyətini dayandırmadığı təqdirdə “Millətin demokratiyasına hücum” maddəsi ilə hüquqi işlər başladacağını qeyd edib. Sayt yazır ki, gənc lider C.Sorosun 24 milyardlıq sərvətinin 18 milyardını fonda bağışladıqdan sonra dərhal fəaliyyətə keçməyin vacib olduğunu bildirib. S.Kurz “Vəziyyət kritikləşib. Soros qlobal idarəetməni əldə saxlamaq üçün bütün fürsətləri ortaya qoyur. Yanlış məlumat və medianın manipulyasiyası bir gecədə daha da artdı. Biz narahatıq”, deyə vurğulayıb.

“Açıq Cəmiyyət İnstitutunu nə üçün qadağan etmək istəyirsiz?" sualına Kurz belə cavab verib: “Çünki 2017-ci ildir. Soros əlindəki pulu siyasətçiləri, jurnalistləri, ictimai sektoru ələ almaq və dünyada özünə imic yaratmaq üçün istifadə edir”.

Kurz dünyanın və Avstriyanın ən gənc siyasi lideri sayılır. Məlumatda deyilir ki, bir zamanlar media onun haqqında “Avstriyanın dahi çocuğu” deyə yazırdı. Hazırda 31 yaşı olan Avstriyanın yeni lideri 27 yaşında ölkəsinin xarici işlər naziri olub. Onun C. Sorosla baş-başa gəlməsi olduqca ilginc hadisədir.

Diqqətçəkən odur ki, bu hadisə dünyanın demokratik ölkələrindən birində baş verir. Belə görünür ki, demokratik, yaxud qeyri-demokratik olmasına baxmayaraq, dünyanın istənilən ölkəsində “rəngli inqilablar ixracatçısı” kimi tanınan Soros Fondunun mövcudluğu arzuedilən hesab olunmur.

“Soros” İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəri olan 87 yaşını adlamış yəhudi əsilli, Macarıstan doğumlu Corc Soros Amerikanın məşhur maliyyəçisi, investoru və iş adamıdır. “Açıq cəmiyyət” nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi “İngiltərə bankını dağıdan şəxs”dir. Nüfuzlu “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C.Sorosun sərvəti 29 milyard dollar məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib. C.Soros həmçinin ABŞ-ın Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C.Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.

Vaxtaşırı dünya mediasında dərc olunan materiallarda Corc Sorosun “siyasi fəaliyyət” göstərdiyi də iddia edilir. Belə ki, bir sıra qurumların və ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırılır. Hesab olunur ki, bunun ən bariz nümunəsi isə Gürcüstanda Eduard Şevardnadzenin devrilməsi ilə bağlı proseslərdir. Məhz onun gürcü müxalifətinə ayırdığı pulların sayəsində Gürcüstanda narıncı inqilab baş vermiş və prezident E.Şevardnadze hakimiyyətdən uzaqlaşdırılmışdı. Əvvəllər C.Soros bunu inkar etsə də, daha sonra başqa bir ölkənin daxili işlərinə müdaxilə etdiyini etiraf etmişdi. Ehtimallara görə, o, bu məqsədlə gürcü müxalifətinə 2,5-3 milyon dollar məbləğində köməklik göstərmişdi.

“Avstriyada yeni hökumətə rəhbərliyə sağ qüvvələr gəlib. Seçki mübarizəsi zamanı sol qüvvələri ənənəvi olaraq Soros Fondu dəstəkləyib. Mənə elə gəlir ki, bu qərarda əsas məqsəd qalib gəlmiş tərəfin öz rəqiblərinin maliyyə dəstəyinə zərbə endirməkdir”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. O qeyd etdi ki, Soros Fondu Avropanın bir sıra ölkələrində, hətta ABŞ-da öz siyasi baxışlarından, iqtisadi maraqlarından irəli gələrək addımlar atır: “Bu da təbii ki, rəqiblərdə qıcıq yaradır. Mənə elə gəlir ki, bu, Avstriyadakı siyasi mübarizədə qaliblərin rəqiblərə endirdiyi yeni zərbəsidir”.

Azərbaycana gəldikdə, A.Mollazadə Sorosun Azərbaycandakı hansısa çevrələrlə əlaqələrinin olub-olmadığı barədə konkret fikir bildirə bilməyəcəyini vurğuladı: “Sadəcə olaraq, bilirəm ki, proqramlar dayandırılıb və bu, hansısa təzyiqlər, yaxud Azərbaycan hökumətinin istəyi əsasında olmayıb, Soros Fondunun özünün qərarıdır”.

A.Mollazadə bildirdi ki, artıq dünyanın bir çox yerlərində inqilablar real siyasi mübarizədə ənənəvi olmayan siyasi qüvvələrin qələbələri ilə yekunlaşır: “Yəni proseslər artıq inqilablar deyil, məhz təkamül yolu ilə fərqli fikirləri ortaya atmaqla idarə olunur. Bu, ABŞ-da da baş verdi - ənənəvi siyasətçi deyil, qeyri-ənənəvi, ancaq öz xalqının dəstəyini qazanan siyasətçi hakimiyyətə gəldi. Avstriyada da bu baş verdi. Digər ölkələrdə həm sağdan, həm soldan yeni qüvvələr siyasi meydana çıxır. Mənə elə gəlir ki, xalqda ideologiyalara inamın müəyyən qədər itməsi də ənənəvi siyasi qüvvələri meydandan çıxarır”.

Soros Fondunun “inqilablar ixrac edən” qurum kimi tanınmasına və Azərbaycanla bağlı hansısa planının olub-olmamasına gəldikdə, deputat bunları bildirdi: “Hansısa qüvvələrin arxasında Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr dayana bilər və bu, ola bilər ki, ənənəvi inqilabi formada olmasın. Amma digər formalarda mən bunu istisna etmirəm. ”Rəngli inqilabları" ixrac etmək istəyən, imperiyanın yenidən bərpasında Azərbaycana yer tapmağa çalışan qüvvələr var. İstisna deyil ki, onların fəaliyyəti bu istiqamətdə Azərbaycanda da “beşinci kolon” yaratmaq istəyi ola bilər və onlar belə qüvvələri dəstəkləyib öz məqsədləri üçün istifadə edə bilərlər".

Yeri gəlmişkən, bir neçə il əvvəl Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (Soros Fondu) Azərbaycanda fəaliyyətini rəsmən dayandırdığını bəyan edib. Rəsmi açıqlamada deyilirdi ki, qrantların verilməsi vasitəsilə Azərbaycanda 15 il demokratik islahatlar və vətəndaş cəmiyyətinin inkişafına çalışan Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (ACİYF-Azərbaycan) 2012-ci ildən etibarən qrantların verilməsi fəaliyyətini dayandırır və əməliyyat və struktur yenilənməsi prosesinə başlayır. “Fondda baş verən bu dəyişikliklə əlaqədar, ACİYF-nin tərkib hissəsi olduğu Açıq Cəmiyyət Fondları Azərbaycanda açıq cəmiyyət səylərinin dəstəklənməsini ölkədən kənar həyata keçirəcək” - deyə rəsmi açıqlamada vurğulanırdı. Sonrakı dönəmlərdə Sorosun hansısa yollarla ölkədəki müəyyən qüvvələrə maliyyə dəstəyi verdiyi barədə məlumatlar da tirajlanıb.

Geri qayıt