Əsas Səhifə > Partiya, Güney Press > Türkiyə vətəndaşlarının işğal altındakı ərazilərə səfəri Azərbaycan-Türkiyə münasibətlərinə uyğun gəlmir
Türkiyə vətəndaşlarının işğal altındakı ərazilərə səfəri Azərbaycan-Türkiyə münasibətlərinə uyğun gəlmir2-10-2017, 08:07 |
Bir qrup Türkiyə vətəndaşının özünü "ziyalı" adlandıraraq Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmələri Azərbaycan - Türkiyə strateji əməkdaşlıq, dostluq-qardaşlıq münasibətlərinə uyğun gəlmir. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, bu hərəkət Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salır: "Bu həmçinin Azərbaycan cəmiyyətində də anlaşmazlıq yaradır. Bu gün Türkiyə ilə Azərbaycan münasibətləri bütün dünya ölkələrinə nümunədir. Lakin özlərini "Türkiyə ziyalısı" adlandıran bir qrup şəxsin belə hərəkəti Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır. Türkiyənin Ermənistanla sərhədləri bağlamasının əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır. Belə bir halda Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfər etməsi anlaşılan deyil və bu, birbaşa cinayət əməlidir. Azərbaycanın Baş Prokurorluğu haqlı olaraq həmin məsələ ilə bağlı cinayət işi başlayıb və həmin insanlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər". Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. Geri qayıt |