Əsas Səhifə > Partiya, Güney Press > “Qərb Türkiyədə hakimiyyətə öz ”uşaqlarını" gətirmək istəyir"

“Qərb Türkiyədə hakimiyyətə öz ”uşaqlarını" gətirmək istəyir"


30-09-2017, 09:51
“Qərb Türkiyədə hakimiyyətə öz ”uşaqlarını" gətirmək istəyir"
Qərbin Kürdüstan dövləti yaratmaq planlarının gerçəkləşdirilməsi istiqamətində addımlar atılmasının Türkiyənin gələcəkdə əlavə problemlərə üz-üzə qoyulmasına hədəfləndiyi bildirilir. Rəsmi Ankara və əksər siyasi şərhçilər açıq şəkildə bəyan etməkdədir ki, dünya güclərinin bu projesi Türkiyəyə qarşı qurulan böyük planın detallarından biridir. Türkiyənin nədən hədəfə alındığı, dünya güclərinin bu ölkədən nə istədiyi günün aktual suallarından birinə çevrilib.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, bu gün müşahidə elədiyimiz tarixi prosesdir. İkinci Dünya müharibəsindən sonrakı soyuq müharibə bitib, yeni dünya düzəninin qurulması çox ağrılı gedir: “Soyuq müharibədə qalib gələn dövlətlər öz liberal sistemlərini qurmaq istəyirlər. Soyuq müharibədə uduzmuş tərəf olaraq Rusiya və Çin başda olmaqla bu yeni düzənə mane olmağa çalışırlar, yeni düzəndə özlərinə yer tələb edirlər. Təbii ki, qaliblər də bununla razı deyil. Eyni prosesdə Türkiyə də iştirak edir. Türkiyə soyuq müharibə dövründə beynəlxalq münasibətlər sistemində tutduğu yerlə razılaşmaq istəmir. Geopolitik, geostrateji, geoekonomik baxımdan gücləndiyini hiss edir və uduzduğu coğrafiyaya yenidən dönmək istəyir. Təbii ki, bu da yeni dünya düzəni quranları qane etmir və ona görə Türkiyəyə qarşı hücum siyasəti aparılır. Yəni əslində baş verənlər normal bir prosesdir. Düzən quranlar isə çalışırlar ki, hərəni öz yerində oturtsunlar və özlərinə tabe etdirsinlər. İndi də ABŞ və Avropa Birliyi, Amerikanın müttəfiqləri çalışırlar ki, Türkiyəni də yerində oturtsunlar. Türkiyə də əvvəlki yeri ilə razılaşmaq, barışmaq istəmir. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Dünya gücləri bu istəklərinə nail ola biləcəklərmi” sualına S.Əkbər belə cavab verdi: “Çox təəssüf ki, Türkiyə imperiyasını itirdikdən sonra bir neçə qırılma yaşandı, siyasətdə davamlılıq müşahidə olunmur. Bu da strateji düşüncənin yetərli olmamasından irəli gəlir. Əgər Türkiyə zamana, məkana bir bütöv olaraq baxacaqsa, uzunmüddətli yüz illik bir strategiya işləyib ortaya qoya biləcəksə, yeni dünya nizamında öz yerini özünə layiq şəkildə tuta biləcək və onu hədəfə alanların planlarını həyata keçməsinə mane olacaq. Əgər konyukturaya uyğun, yəni strateji səviyyədə deyil operativ taktiki səviyyədə öz siyasətini quracaqsa, keçici ittifaqlar qurmaqla vəziyyətdən çıxmağa çalışacaqsa uduzacaq. Yəni burada strateji düşüncə, strateji baxış, strateji uzunmüddətli plana ehtiyac var. Bunu qurub davamlı olaraq həyata keçirəcəyi halda Türkiyə güclənib yeni dünya düzənində daha ciddi yer tuta və öz regionunda oyunları pozmağı bacarar”.

AzDP sədrinin sözlərinə görə, Avropanın və ABŞ prezident Ərdoğanı bəhanə edərək əslində Türkiyəyə hücuma keçiblər. Məqsəd Türkiyəni soyuq müharibə dövründə olduğu kimi kənardan idarə olunan bir “dövlət” halına gətirməkdir: “Bunun üçün də ABŞ, İsrail, Avropanın iri dövlətləri çalışırlar ki, soyuq müharibə dövründə olduğu kimi Türkiyədə hakimiyyətə öz "uşaqlarını" gətirsinlər. Ərdoğan da türk xalqı və dərin dövlətlə bir yerdə bu planı pozub. Ərdoğan türk xalqını mobilizasiya edə biləcək, ətrafında toparlayıb müqaviməti təşkil edə biləcək bir lider olduğu üçün qeyd etdiyim güclər qəzəblənirlər. Onlar düşünürlər ki, Ərdoğan olmasaydı ötən ilin 15 iyulunda çevriliş baş tutacaqdı və onlar üçün Türkiyə adlı problem də qalmayacaqdı. Təbii ki, Ərdoğanın müəyyən demokratiyaya uyğun olmayan addımlarını biz tənqid edə bilərik, amma bu əsas strateji məqsəd deyil. Strateji məqsəd, hədəf Ərdoğanın regionla geoploitik planını pozmasıdır. İkinci dünya müharibəsindən sonra ilk dəfədir ki, Türkiyə dərin dövləti, xalqı və siyasi lideri bu qədər birlik nümayiş etdirir. Bu bir sıra gücləri narahat edir".

Geri qayıt