Əsas Səhifə > Partiya, Güney Press > Ayaz Mütəllibovun baş nazirlik xəbərinə reaksiyalar
Ayaz Mütəllibovun baş nazirlik xəbərinə reaksiyalar8-09-2017, 08:33 |
Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibovun tərəfdarlarının 2018-ci il prezident seçkilərindən sonra onun yüksək posta təyin ediləcəyinə dair təbliğat apardığı haqda dünən “Yeni Müsavat”ın yaydığı xəbər geniş əks-sədaya səbəb olub. Hakimiyyətdə olduğu zamanlarda Ayaz Mütəllibovun qatı müdafiəçilərindən biri kimi tanınan Tövbə Cəmiyyətinin sədri Hacı Əbdül Mahmudov yayılan xəbərlə bağlı “Yeni Müsavat”a açıqlama verib. Hacı Əbdül bildirib ki, insanın sağlamlığı, bacarığı, savadı xalqa, dövlətə xidmət etməyə imkan verirsə, yaşının çox olması ikinci dərəcəli məsələdir: "Ayaz Mütəllibovun da bir Azərbaycan vətəndaşı kimi hüququ var ki, seçkilərdə istədiyi namizədi müdafiə etsin, seçilməsinə çalışsın. Buna heç kim qarışmamalıdır. Dünya tarixində bütün dövrlərdə Ayaz Mütəllibov yaşda, hələ ondan da yaşlı adamların dövləti, hökuməti idarə etdiyi bəllidir. Əgər bir şəxsin xalqa, dövlətə xidmət edə biləcəyi, dəyərli nə isə verəcəyi imkanları varsa, xalq, dövlət ondan niyə də istifadə eləməsin?! Bütün sağlam qüvvələr bunu arzu eləməlidir. Lazım olarsa xalq özü cənab prezidentə müraciət etməlidir ki, bu sağlam beyindən, ağıllı şəxsdən istifadə edilsin". Ayaz Mütəllibovun özü də dünən məsələyə münasibət bildirib. Eks-prezident moderator.az-a deyib ki, hansısa yüksək vəzifəyə getmək niyyətində deyil: "Belə informasiyaların heç bir əsası yoxdur. Bunlar hamısı heç bir əsası olmayan söhbətlərdi. İnanmaq lazım deyil. Mən həqiqətən deyirəm, burada başqa söhbət ola bilməz". “Yəni sizə baş nazir olmaq mövzusunda hansısa konkret heç bir təklif olmayıb ki” sualına cavabında eks-prezident bunları deyib: “Yox, yox... Vaxtaşırı belə söhbətlər yayılır. Amma bunların heç bir əsası yoxdur. İkincisi də artıq mənim o yaş dövrüm deyil ki, gedəm hansısa dövləti vəzifə tutam. Sadəcə, mən Mehriban xanım Əliyevanın namizədliyinin mümkünlüyü barədə öz fikrimi söyləmişəm. Və yadınızdadırsa, demişəm ki, əgər lazım gəlsə, məsləhət olsa, mən Mehriban xanımın namizədliyini dəstəkləyəcəm... Vəssalam...” A.Mütəllibov “Rusiyanın adamı” olması iddialarına da cavab verib: “İllərdir ki, məni ”Rusiyanın adamı" kimi qələmə verirlər. Axı niyə?! “Rusiyanın adamı” olsaydım, bu gün vəzifədə oturardım. Sığınacağımı Rusiyada tapmağımın da başqa səbəbi yoxdur. Əvvəla, o zamanlar SSRİ-də vəzifədə çalışmışdım. İkincisi, qonşu dövlət olaraq bizə ən yaxın Rusiya olub. Ona görə də canımı götürüb Rusiyaya üz tutmuşdum. Halbuki Rusiyaya üz tutanda heç də məni gül-çiçəklə qarşılamayıblar. O vaxtlar İngiltərəyə, Fransaya üz tutmayacaqdım ki! Məni “Rusiyanın adamı” adlandıran “siyasi xadimlərin” özləri daha çox “Rusiyanın adamı” olub". Geri qayıt |