Əsas Səhifə > Partiya, Güney Press > “Biz hər hansı ölkənin diktəsi ilə oturub-duran deyilik”

“Biz hər hansı ölkənin diktəsi ilə oturub-duran deyilik”


6-09-2017, 08:31
“Biz hər hansı ölkənin diktəsi ilə oturub-duran deyilik”
Böyük Britaniya mətbuatında dərc olunan anti-Azərbaycan yazısı rəsmi Bakının, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının kəskin etirazına səbəb olub. Hakim partiyanın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində “Guardian” qəzetindəki məqaləni qərəzli saydığını bildirdi:

- Azərbaycanda olan iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi bir sıra ölkələri narahat edir. Bu gün Azərbaycan bir stabillik adasıdır. Görürsünüz ki, Azərbaycanda başqa ölkələrdən fərqli olaraq, kənd təsərrüfatı müşavirələri keçirilir, məhsuldarlıqla, insanların işlə təmin olunması, əhalinin gəlirlərinin artması ilə bağlı proseslər gedir. İstər-istəməz bu, erməni lobbisini, onların himayəçilərini narahat edir və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, dünyada səs-səda saldığı üçün bir mənfi imic formalaşdırmaq üçün canfəşanlıq göstərirlər. O baxımdan da müxtəlif ölkələrdə erməni lobbisinə qulluq edən, Azərbaycanda marağı olan, Azərbaycanın təbii sərvətlərindən güzəştli şəkildə istifadə etmək istəyən qüvvələr və Azərbaycanda möhkəm dövlətin, güclü liderin olmasını istəməyən qurumlar, təşkilatlar burada hər hansı bir zəif dövlətin, zəif bir hakimiyyətin olması arzusu ilə bu cür şayiələr yaymaqla məşğuldurlar. Buna da həm Administrasiya, həm cəmiyyət, həm ayrı-ayrı siyasi partiyalar, təşkilatlar, mətbuat orqanları özünün reaksiyasını veriblər və bundan sonra da davam olunacaq. Bu gün Ermənistanda yüz minlərlə insan aclıqdan, səfalətdən, iqtisadi vəziyyətin ağır olmasından, hərbi xunta rejimindən bezib ölkəni tərk edir. Bizi əhatə edən dövlətlər, Yaxın Şərq od-alovun içərisindədir. Amma Azərbaycan bu od-alov içərisində inkişaf edir, bu da təbii ki, müəyyən dövlətlərə sərf eləmir. İstər-istəməz onlar istəyirlər ki, Azərbaycanı da bu proseslərə qoşsunlar və Azərbaycanın bərabər şəkildə, hər bir dövlətlə siyasət qurmasını bunlar düzgün saymırlar. Hesab edirlər ki, Azərbaycan kiminləsə məsləhətləşməlidir, hansısa dövlətin himayəsində olmalıdır, onun diktəsi ilə oturub-durmalıdır və s.

- Siyavuş bəy, bu kimi təzyiqlər və təhdidlər Azərbaycanı Qərbdən uzaqlaşıb Rusiyaya üz çevirməyə vadar edə bilərmi?

- Biz ümumilikdə hər bir dövlətlə, beynəlxalq təşkilatla bərabər səviyyədə münasibətlərimizi qururuq və heç kimin diktəsi ilə oturub-durmuruq. Vaxtilə xatırlayırsınızsa, Azərbaycan prezidenti bəyanat vermişdi ki, Azərbaycanın ərazisindən İrana qarşı hər hansı bir hərbi müdaxiləyə, yaxud hərbi baza kimi istifadəsinə istifadə oluna bilməz. Yaxud Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunanda Bakı Moskva ilə münasibətlərini dəyişmədi. O cümlədən Qərblə bağlı məsələlərdə Azərbaycanın özünün tutduğu mövqe var. Əgər Qərbin hər hansı bir dövləti Azərbaycanla yaxşı münasibətdədirsə, onda Azərbaycan həmin dövlətlə yaxşı münasibət quracaq, o cümlədən ABŞ-la. Yox, əgər o münasibətlərdə qeyri-səmimilik varsa, bu məsələlər qarşılıqlı şəkildə tənzimlənəcək. O baxımdan biz hər hansı ölkənin diktəsi ilə oturub-duran ölkə deyilik. Azərbaycan öz siyasətini balanslaşmış şəkildə qurub və davam etdirir. Bu yaxınlarda ayrı-ayrı mətbuat orqanlarında Azərbaycan əleyhinə yazılar dərc etdirməyə başlayıblar. Təbii ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar bunlar bir az da artacaq. Biz bunların hər birinə gərək hazır olaq. Bilməliyik ki, burada maraq nədən ibarətdir.

- Azərbaycan əleyhinə rəyin formalaşdırılması sonucda sanksiya qərarlarına gətirib çıxara bilərmi?

- Azərbaycana qarşı sanksiya tətbiq etmək üçün bunların əllərində heç bir əsası yoxdur. Əgər o dövlətlərin hər birinin ərazisində baş verən hadisələrə nəzər salsaq, görərik ki, onlarda on qat artıq şəkildə bu məsələlər əks istiqamətə yönəlib. Məsələn, insan hüquqlarının qorunmasından söhbət gedirsə, bütün günü insan hüquqları pozulur, milli azlıqlara qarşı çox böyük ayrı-seçkiliklər var. Dini azlıqlara qarşı çox böyük ayrı-seçkilik mövcuddur. Azərbaycanda bütün dinlər bərabər fəaliyyət göstərir, kimin nə deməsi, hansı kilsəyə getməsi, hansı məsciddə namaz qılmasına heç bir qadağa yoxdur. Amma biz şahidiyik ki, Avropa İttifaqının üzvü olan ölkələr niqab qadağası qoyur. Hətta geyimə qadağa qoyurlar. Tarixdə hansı dünya ölkəsində müəyyən olunub ki, parlamentlər geyim haqqında qərar qəbul edir? Yaxud da görürük ki, müxtəlif məscidlərə basqınlar olunur, İslam təriqətinin daşıyıcıları aşağılanır və s. O cümlədən insan hüquqlarının pozulmasının, irqi ayrı-seçkiliyin şahidi oluruq. Emiqrantlara qarşı münasibətdə görürük ki, ən aşağı insan hüquqları təmin olunmur, həmin insanları sanki konslagerdə saxlayırlar. Belə ölkələr hansı dövlətdəki insan hüquqları haqqında bəyanat verə, fikir söyləyə bilər? Heç biri! Yaxud söz və mətbuat azadlığı ilə bağlı onlardakı vəziyyətə baxın. Bizdə mətbuat nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün onlara mənzil hədiyyə olunur, kimliyindən, hansı mətbu orqanın nümayəndəsi olmasından asılı olmayaraq. Onlarda hansı formada bu məsələlərə yanaşılır? Götürək bizi əhatə edən ölkələrdə, yaxud Qərb dövlətlərində...

- Bu gün Qərb “Turan”agentliyinin direktoru Mehman Əliyevin həbsindən Azərbaycana qarşı geniş istifadə edir. Bir sıra həmkarlarınız da həbs qətimkan tədbirinin daha humanist tədbirlərlə əvəzlənməsini təklif edirlər. Siz bununla bağlı nə deyə bilərsiniz? Azərbaycana təzyiq üçün bəhanə verən həbs tədbirini girov müqabilində yüngülləşdirmək olmazmı?

- Mən sizə deyim ki, Amerikada ən ağır cinayətlərdən biri vergidən yayınmaqdır. Çünki hesab olunur ki, vergidən yayınmaq vətəndaşın cibinə girməkdir və digər vətəndaşların sosial hüquqlarının pozulmasıdır. Yəni bu, ən ağır cinayətlər silsiləsinə daxil olan cinayətlərdən biri hesab olunur. O baxımdan indi bu, hüquq mühafizə orqanlarının işidir. Hüquq mühafizə orqanına hansısa bir dövlətin göstəriş verməyə ixtiyarı yoxdur. Bu gün həmin hüquq mühafizə orqanı hesab edir ki, bu cür mövqe seçmək daha məqsədəuyğundur. Onun əsaslandırılmasını istəyiriksə, yazılı şəkildə müraciət edə bilərik, qoy onlar öz arqumentlərini qeyd etsinlər, desinlər nəyə görə həbs qətimkan tədbiri seçiblər, yaxud başqasını seçməyiblər. Biz şahidik, vaxtilə Leyla və Arif Yunusa belə maddələr tətbiq olunanda bunların xaricdə oturan havadarları məsələ qaldırdı ki, bunlar müalicəsini davam etdirməlidir və s. Nəticəsi bu gün göz qabağındadır. Bunlar hüquq mühafizə orqanları qarşısında durub hesabat vermək əvəzinə, xaricdə öz villalarında oturub Azərbaycan əleyhinə işlər aparırlar.

- Amma Mehman Əliyevin vətənpərvərliyinə, Azərbaycana bağlı olmasına şübhə edənlər yoxdur...

- Allah hamının qapısını açsın, hamının işini avand eləsin! Bu, sırf hüquq mühafizə orqanlarının işidir. Onlar hesab edirlər ki, bu, belə olmalıdır. İndi əgər kimsə bunun əleyhinədirsə, hüquq müdafiə təşkilatları, digər qurumlar var, müraciət etsinlər ki, bu addımı nəyə əsasən seçmişiniz?

- Yuxarıda dediklərinizdən belə aydın oldu ki, Qərb mətbuatındakı bu yazılar həm də 2018-ci il seçkiləri ərəfəsində Bakıya təzyiq xarakterlidir. Paralel olaraq şimaldan da təzyiqlər var. Belə çıxır həm Rusiya, həm də Qərbdən təzyiqlər var. Bir-birinə qarşı olan bu paytaxtların Azərbaycanda “stavka” elədiyi adamlar kimlərdir?

- İstənilən ölkə istəmir ki, öz yaxınlığında, ətrafında və dünyada iqtisadi cəhətdən güclü, potensiallı, imkanlı dövlətlər olsun və öz təbii sərvətlərini müstəqil şəkildə öz xalqının maraqlarına yönəltsin. Biz İraq, Liviya hadisələrində və digər dövlətlərin nümunəsində bunun şahidi olduq. Onlar deyir ki, bu məsələlərlə biz məşğul olmalıyıq. Yəni dünyanın yenidən bölüşdürülməsi siyasəti var ki, hər əsrin əvvəlində bu, baş verir, bəzi dövlətlər də bu iddialara düşürlər. O baxımdan istər-istəməz müxtəlif vasitələrlə təsir mexanizmlərini işə salacaqlar. Amma təbii ki, Azərbaycanda hakimiyyətin mənbəyi olan xalq özü öz hakimiyyətini müəyyən edir. Zəif ölkələrdə və xalqla iqtidar arasında anlaşılmazlıq olduqda kənardan hər hansı müdaxilələr baş verə bilir. Azərbaycan xalqı bütövlükdə Azərbaycan prezidentini dəstəklədiyi üçün bu cür addımlar mənasızdır.

Geri qayıt