Əsas Səhifə > Partiya, Güney Press > "Bizim əksər problemlərimiz özümüzə dəyər verməməyimizlə bağlıdır"
"Bizim əksər problemlərimiz özümüzə dəyər verməməyimizlə bağlıdır"14-07-2017, 10:27 |
"Sağlamlıq üçün gəldiyin yerdə ancaq kabab infrastrukturuna rast gəlirsən." Moderator.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa feysbuk statusunda yazıb: "Radiodan iki gün öncə dinlədim ki, Azərbaycan əhalisi qonşu ölkələrə nisbətdə daha az balıq yeyir və daha az üzgüçülük vərdişlərinə yiyələnirlər. Həqiqətən də müçahidələrimiz, həyat təcrübəmiz göstərir ki, bizdə qoyun-quzu, dana ətinə təlabat daha çoxdur və balıq məhsullarına ən azı Türkiyədəki qədər həvəslilik yoxdur. Səbəb yalnızca balığın qiyməti və ya əlçatan olması deyil, sadəcə balıq məhsulları daha faydalı olduğu üçün bizim faydalılığa qarşı əks immunitetimizlə bağlıdır. Elmdə, sağlamlıqda, təhsildə, dində necə faydalı olana qarşı total mənfi davranış sərgiləyirik, yeməyimizdə də bu hiss olunur. Üzgüçülüyü öyrənmək məsələsində də həqiqət payı var. Bu cür dənizə çıxış imkanı hansı xalqda olsaydı, ondan necə faydalanardılar, sahilində hər səhər necə həvəslə idman edərdilər, təsəvvürə gətirmək olar. Doğrudur, təhsil müəssisələrimizdə üzgüçülük hovuzu yoxdur, kasıb əhali üçün ümumiyyətlə üzgüçülük hovuzları əlçatan deyil və bu idmana həvəsləndirmə də sıfır vəziyyətindədir. Rusiyada uşağı gəlib məktəbdən yalvarıb aparırlar üzgüçülüyə, ləvazimatlarını da alıb verirlər ki, həvəslənib sağlamlıqlarının qeydinə qalsınlar, bizdə isə bu sahədə məqsədyönlü çalışmaların şahidi olmursan. Bununla belə, ən azı dəniz, göl, çay kimi nemətlərimiz var və valideynlər uşaqların üzmək vərdişinə yiyələnməsi üçün vaxt ayırmağa borcludurlar. Dənizdə, göldə, çayda boğulanların statistikasının artması da əsasən bununla bağlıdır. Biz vaxtilə pioner düşərgələrinə getdiyimizə görə şanslıyıq, dağ çaylarının qarşısında bir genişlik tapıb suyun qarşısını daşlarla kəsib çimərdik və üzməyi öyrənərdik. Burada həm də bədənin sağlamlığından, boyun artışından söhbət gedir. Dəfələrlə demişəm, Bakı şəhərində, digər alababat şəhərlərimizdə boy artımına faydalı olan basketbol meydançaları tapmaq mümkün deyil. Çimərliklərdə nadir hallarda normal futbol, voleybol meydançasına rast gəlirsən, hər şey yalnız qarın üçün düşünülür, sağlamlıq üçün gəldiyin yerdə ancaq kabab infrastrukturuna rast gəlirsən, hərə bir qarpızı qoltuğunu vurub gəlir, gedəndə də bir çoxları qabığını öz ədəbsizliyindən xatirə olaraq sahildə qoyub gedir. Dərindən düşünsəniz, görərsiniz ki, bizim əksər problemlərimiz ATƏT-lə, rusla, erməni ilə bağlı deyil, özümüzə dəyər verməməyimizlə bağlıdır. Odur ki, yeməyinizə, sağlığınıza, beyninizə özünüz diqqət yetirin ki, sabah kimsəni bəhanə olaraq göstərməyəsiniz. Dünyanın bütün xəstəxanaları azərbaycanlılarla doludur, pullarımız ora-bura axır, mədə, qara ciyər, ürək-damar problemləri böyük əksəriyyəti girinc edib, ancaq sağlığını vaxtında qorumaq barədə düşünənlər cəmiyyətimizin həddən artıq az faizidir. Sevindim ki, radioda bu cür problemlərin qabardılması baş verir, ən azı durum dəyərləndirməsini təkrar aparmaq fürsətimiz yaranır." Geri qayıt |