Əsas Səhifə > Partiya, Güney Press > "Dedi, mənə mütəxəssis verin, bir adam tapıb qabağına çıxara bilmədilər"

"Dedi, mənə mütəxəssis verin, bir adam tapıb qabağına çıxara bilmədilər"


10-07-2017, 08:47
"Dedi, mənə mütəxəssis verin, bir adam tapıb qabağına çıxara bilmədilər"
DİA.AZ Kulis.az-a istinadən Fazil Mustafa ilə müsahibəni təqdim edir.

- Fazil müəllim, mütaliəyə gündə nə qədər vaxt ayırırsınız?

- Gündə ən azı bir saat vaxt ayırıram. Görüşlərim, tədbirlərim, səfərlərim də çox olduğuna görə bəzən oxumağa imkan olmur. Ancaq ümumi götürəndə çalışıram ki, gün ərzində, heç olmasa, bir saat oxuyum.

- Adətən, mütaliə deyəndə bədii ədəbiyyat nəzərdə tutulur. Ancaq mən bildiyim qədəri ilə siz fəlsəfə, tarix və başqa sahələrə aid kitablar da oxuyursunuz...

- Əlbəttə, oxuduğum kitablar arasında bədii ədəbiyyat çox az yer tutur. Bədii ədəbiyyatı əvvəllər çox oxuyurdum. İndi mənim diqqətimi daha çox elmi-sosioloji əsərlər cəlb edir. Bədii ədəbiyyatı hazırda bədii zövqümün korşalmaması üçün oxuyuram, ancaq qazanc götürmək baxımından daha çox fəlsəfi, elmi ağırlığı olan ədəbiyyata üstünlük verirəm. Çünki düşüncə diapazonunun genişlənməsi üçün daha çox elmi ədəbiyyat oxumaq faydalıdır.

- Elmin populyarlaşması sahəsində bir sıra kitablar çıxır. Həmin nəşrləri də izləyirsiniz?

- Adətən, Rusiyaya, Türkiyəyə gedəndə kitab mağazalarına gedirəm, orda yeni nəşrlərə nəzər yetirirəm. Ancaq internetdən yeni nəşrlərlə tanışlığa çox da üstünlük vermirəm. Bəzən dostlarımın tövsiyələrinə qulaq asıram. Dediyim kimi, daha çox Türkiyəyə gedəndə kitab dükanlarını ziyarət edirəm.

- Yəqin hər dəfə Türkiyədən xeyli kitabla qayıdarsınız.

- Mən Türkiyədən hər dəfə azı iki çamadan kitabla qayıdıram. Türkiyədə vaxtım olan kimi kitab mağazalarını gəzirəm, türk müəlliflərindən çox xarici müəlliflərin əsərlərinə üstünlük verirəm.

- Elə o nəşrlərdən biri haqqında soruşmaq istəyirdim. Yəhudi əsilli müəllif Yuah Novalın “Heyvanlardan Tanrılara Sapiens” əsəri var. Ötən il Azərbaycanda da bu kitab xeyli populyar oldu. Oxumamısınız?

- Yox, oxumadım. Açığı o formada kitablara çox da üstünlük vermirəm. Məsələn, mən bu günlərdə ötən əsrin otuzuncu illərinin populyar nəşrlərindən biri olan Kollinqvudun (Robin Corc Kollinqvud - M.A.) “Tarix ideyası” əsərini oxudum. Cazibəsindən ayrılmaq olmur. Bu əsəri oxuyanda anlayırsan ki, niyə Azərbaycanda tarix elm olaraq inkişaf etməyib? Çünki tarix fəlsəfəsini bilməyən nə qədər adam ancaq arxiv sənədlərini araşdırmaqla, xronologiyanı bir-birinin ardına düzməklə elə bilirlər tarix budur. Tarix ilk növbədə fəlsəfi mühakimədir. Bu ideyanı anlamayan zehniyyətlə tarixi, sadəcə, ardıcıl bir mətn olaraq alınan sənədlər əsasında düzüb-qoşub təqdim etmək mümkündür. Kollinqvud deyir ki, bəzi mətnlər var, onlar Şumer həyatı haqqında təsəvvür yaradır, amma bu mətnlər heç də Şumer tarixi demək deyil. Çünki tarix ideyası Şumerdə görünmür. İlk tarix ideyası yunanlarda görünür, Herodotdan başlayır. Çünki yunan üçün tarix araşdırmaq və tanıtmaq mənasına gəlirdi. Demək istədiyim odur ki, yanaşma tərzinin doğru olması üçün tapdığın kitabların faydası üzərində çox düşünməlisən. “Heyvanlardan Tanrılara Sapiens” mənim də qarşıma çıxıb, ancaq almadım. Bir şeyi də deyim ki, kütləvilikdən qaçıram, harada kütləvilik varsa, orda ucuzluq var. Vaxtilə Əlibala Hacızadənin “İtkin gəlin”nini də oxuya bilməmişdim. “Ovod” hamının oxuduğu əsərdir, ancaq “Büq Jarqal”ı hamı oxumur.

- Herodotun adını çəkdiniz, tarix ideyasından danışdınız. Daniel Defo da “Taun illərində qeydlər” adlı gündəliyində deyir ki, bu məsələdə ona görə təfərrüata varıram ki, sonrakı nəsillərin mənim başıma gələnlərdən nəticə çıxarmasını istəyirəm. Defo sanki gələcək qarşısında məsuliyyət hiss edir. Və ya düşərgədə ölmüş 16 yaşlı Anna Frankın gündəlikləri bütün dünyada əks-səda doğurur. Avropada böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, demək olar, hər kəs gündəlik tutur. Bəs niyə bizdə gündəlik yazmaq ənənəsi belə geniş yayılmayıb?

- Bizdə də var, sadəcə, bizdə problem təfəkkür məsələsindədir. Baxın, Jül Renarın gündəliyi də fəlsəfi yorumdur. Mən memuar ədəbiyyatına çox önəm verirəm. Son vaxtlar Ordubadinin, Yusif Vəzirin, Əziz Şərifin, Həmidə xanımın və başqalarının xatirələrini təkrar oxuyuram. Ordubadinin xatirələri məndə dövr haqqında tamamilə başqa bir təsəvvür yaratdı.

Memuar yazmaq birinci növbədə məsuliyyət hissiylə bağlı məsələdir. Avropalının da gücü ondadır ki, onun alimi də, yazarı da ildırımötürən məsuliyyəti daşıyır. Bizdə ildırımötürən funksiyası daşıyan adamların sayı çox deyil. Mirzə Cəlil ildırımötürəndir. Bir nəsildən o biri nəslə nəyisə verməyi özünün borcu sayan, o ağır enerjini alıb, özünü yandıraraq başqa bir enerjiyə - işığa çevirib cəmiyyətə verən adamdır. Ancaq indiki dövrdə bu funksiyanın qarşısını alan titullardır. Qərbdə titul yarışı olmadığına görə orda ancaq ədəbiyyat-mədəniyyət yarışı gedir. Biz sovet dövründən çıxdığımız üçün sənət adamları arasında titul davası var. Mən hərdən diqqət edirəm, hətta hər cür maddi imkana malik yazıçılarımız, musiqiçilərimiz, aktyorlarımız belə titul yarışına çıxırlar. Görəsən, bu adamlar xalq yazıçısı olmasalar, nə olar? Xalq artisti olmasalar, nə olar? Titul davasına girmək yazarı adilərin yarışına qoşur. Həmin sənət adamı artıq ədəbiyyatı, sənəti unudur, artıq sənət davası getmir.

Bu yaxında Nobel mükafatçısı Əziz Səncər Bakıya gəlmişdi. Bir dəfə də hansı titulun sahibi olduğunu demədi, biz bilmədik o professordur, akademikdir, ya nədir. Ancaq qabağında sıra-sıra akademiklər oturmuşdu. Çıxın, biriniz iki kəlmə danışın görüm, danışa biləcəksiz? Dedi, mənə mütəxəssis verin, bir adam tapıb qabağına çıxara bilmədilər. Niyə? Çünki əksəriyyəti laborantın yazdığının altına öz adını yazıb akademik olub. Bu şeylər hamısı ona gətirir ki, xaricdə “Sənət sənət üçündür” prinsipi ilə hərəkət edirlər. Bizdə sovet dövründəki sosialist realizmi getdi, yerinə bazar realizmi gəldi. Sənət üçün çalışmaq əzmi çox arxa planda qalıb. Baxın, Tolstoy ona görə qalıcı ola bildi ki, sənət üçün fədakarlıq etməyi bacardı. Kim ki, sənət qarşısında məsuliyyət daşıya bilmir, cəzasını çəkir. Deyək ki, Səməd Vurğun hansı mövzuda yazmağından asılı olmayaraq, böyük istedaddır.

- Ancaq Səməd Vurğuna qarşı münasibət birmənalı deyil. Belə fikir var ki, repressiya illərində donos yazıb...

- Bilirsiz, şairləri siyasətə alət eləmək yanlışdır. Şairlər inqilabçı, hansısa dövrün müdafiəçisi deyillər. Şairlər sözün müdafiəçisidirlər. Şairin belə bir öhdəliyi yoxdur. Amma totalitarizmdə şair ya ət maşının içində olub çəkilməlidir, ya da maşından kənarda qalıb onun dişlərinə ilişməməlidir.

- Bu da adətən mümkün olmur...

- Bunun üçün də müəyyən şeyləri güzəştə getməlidir. Hətta Hüseyn Cavid kimi nəhəng şair güzəştə getdi. Hüseyn Cavidin “Azər”i geri çəkilmədi, “İblisin intiqamı” geri çəkilmədi. Demək istədiyim odur ki, şairə gərək siyasi standartlarla yanaşmayasan. Füzuli ən böyük şairimizdir. Amma Füzuli həm də cəhalətin təbliğatçısıdır. Füzuli Azərbaycanda mərsiyə janrının yayılmasının təməlini qoyanlardan biridir.

- Mərsiyə janrını bəyənmirsiz?

- Mərsiyə janrı insanı dini ideologiyanın quru təbliğatçısına çevirməkdir. Bu gün Füzulinin bəşəri, humanist ideyalar aşılayan əsərləri yaşayır, amma o əsərlər yox.

- Amma o əsərlər də bədii cəhətdən mükəmməldir...

- Təkcə Füzuli yox, Şah İsmayıl Xətainin də şeirləri mükəmməldir, ancaq ideologiyaya xidmət edir. Hə, estetik, dil baxımından bu sizi maraqlandırırsa, əla! Düşüncə, təfəkkür baxımından maraqlandırırsa, bu şeirlərin heç bir qalıcı dəyəri yoxdur.

- Deyirsiniz ki, Şah İsmayılın şeirləri ideologiyaya xidmət edir, heç kəsə lazım deyil. Ancaq indinin özündə də Şah İsmayılın şeirləri Türkiyədə ələvilər arasında dillər əzbəridir...

- Söhbət ondan gedir ki, sən hansı düşüncənin yanındasan. Bu çox önəmlidir. Mirzə Cəlilin yanında durduğu düşüncə Füzulinin yanında durduğu düşüncədən bugünkü toplum üçün daha faydalıdır.

- Xətaini bu cür silmək olmaz axı...

- Yaradıcılıq baxımından Xətainin əsərləri çox əladır:

Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə.

Gördün bir dərdə aşina,
Hər nə dersən öz başına,
Yol daşını yol quşuna
Atma, qardaş, kərəm eylə.

Görürsüz, nə gözəldir! Ancaq söhbət ondan gedir ki, bizə təkcə gözəllik lazım deyil. Eyni məsələ Quran məsələsində də ortaya çıxır. Quranın avazımı gözəldir, mənasımı? Milyonlarla insan Quranın avazını dinləyir, mənasına baxmır. Bu da sabah kimi yetişdirir? İŞİD-çi yetişdirir. Ancaq Allah Quranı göndərəndə deməyib ki, avazını dinləyin. Onun mənasını bilmədən cibinizdə gəzdirməyin, şifonerə qoymağın nə mənası var? Yəni deməyim odur ki, şeir də belədir. Mətn estetik cəhətdən bizim xoşumuza gələ bilər, ancaq ideoloji cəhətdən də bəşəri, humanist olmalıdır. Məsələn, Jorj Sandı götürək. Onun əsərlərindəki əxlaqi mesajları bəlkə bu dövrdə qəbul edə bilmərik, ancaq estetik cəhətdən gözəldir. Özü də bu kriteriyanı təkcə ədəbiyyata aid etmək lazım deyil. Götürək elə Çarlz Darvini...

- Yəqin təkamül nəzəriyyəsini qəbul etmirsiz...

- Qəbul edib-etməmək məsələsi deyil. Təkamül nəzəriyyəsi öz təsdiqini tapmadı. Ancaq bu o qədər də bəsitləşmiş məsələ deyil. “Növlərin mənşəyi” əsəri olduqca ciddi araşdırmadır.

- Axı hələ ki, Darvinin təkamül nəzəriyyəsini üstələyən bir nəzəriyyə yoxdur...

- Nəzəriyyə yoxdur, amma ehkam var. Dini ehkamın ortaya qoyduğu postulatlar daha inandırıcı və daha məntiqli qəbul olunur, nəinki insanın hansı bir heyvan formasından çevrilərək yaranması...

- Ancaq müasir tibb və başqa sahələr darvinizmin prinsipləri üzərində qurulub.

- İnsanın DNT-sinin donuzun DNT-sinə uyğun gələn xüsusiyyətləri var. Ancaq bu, insanın heyvandan çevrilməsi mənasına gəlmir. Təkamülçülər də bu mövzuda heç nəyi sübut edə bilmirlər. Canlıların hamısında bəlli bir yaradılış uyğunluğu var. Amma bunu təkamül olaraq birinin digərinə çevrilməsi kimi göstərmək düzgün deyil. Təbii ki, o elmi araşdırmalar bir dövr üçün fəlsəfəyə, elmə böyük qatqılar vermişdi. Bunu unutmaq olmaz, silib atmaq da olmaz. Darvini öyrənmək lazımdır. Mən təkamül nəzəriyyəsinin Türkiyədə dərsliklərdən çıxarılmasının əleyhinəyəm. Ancaq qəti şəkildə “İnsan əmək nəticəsində meymundan insana çevrilib” yazılmasının da əleyhinəyəm.

- Sovet dövründə dərsliklərdə bu cür yazılırdı, deyəsən, indi də belə yazılır...

- Bəli, heç nə dəyişməyib, o cür yazılır. Bu da cəfəngdir, üç-dörd alternativi vermək lazımdır ki, din belə deyir, Darvin elə deyir, başqa filosoflar da başqa cür deyir.

- Fazil müəllim, sizin üçün dünyanın yaradılış modeli necədir?

- Daha çox dini doktrini ağlabatan hesab edirəm.

- Adəmin palçıqdan yarandığını, Həvvanın günahına görə cənnətdən Yer üzünə sürgün edildiklərini, insanlığın Adəm və Həvvadan törədiyini düşünürsünüz?

- Bəli. Çünki bu, inancla bağlı məsələdir. Əgər inanclısansa, bunu qəbul etməlisən, yalnız bundan sonra elmi əsaslandırmanı dini qəlibin üzərində qurmalısan.

- Axı bu, heç bir elmi konsepsiyaya sığmır...

- Dinin ehkamları elmi konsepsiya ilə irəli sürülmür. Dinlə elmin fərqi də budur; din buna ehkam deyir, inanırsansa, heç bir isbatsız, sübutsuz qəbul etməlisən. Elm isə isbat olunana əsaslanır, deyir bu faktdır. Fəlsəfə də buna ziddiyyətlər məsələsi kimi yanaşır, deyir ki, bunu təfəkkürün, ağlın mühakiməsinə buraxmaq lazımdır.

- Din deyir ki, Adəm yer üzünə hardasa 7-8 min il əvvəl gəlib. Yəhudilər öz təqvimlərini bu cür hesablayırlar, müsəlman dünyasının verdiyi tarix də bundan o qədər fərqlənmir. Ancaq elm neçə milyon əvvəllərə gedib çıxır. Siz hansını əsas götürürsüz? Dinin dediyini, yoxsa elmin dediyini?

- Elmin daşıyıcıları kimlərdir, insanlar, insanların yaradılışı kimə aiddir? Allaha. Deməli, elmin özü də Allahın kontrolu altındadır, Allah "ol!" dedi, olur, "bil!" dedi, bilirsən. Allahın bizə verdiyi ən böyük nemət ağıldır. Onun müəyyənləşdirdiyi hüdudlar çərçivəsində ağıllıyıq. Məsələn, deyək ki, heyvan oruc tutmur, namaz qılmır. Ancaq o da canlıdır axı, niyə ibadət eləmir, çünki ağlı yoxdur. Allah kimə ağıl veribsə, o da məsuliyyət daşıyır. Niyə İbn Sina, Eynşteyn hər şeyi kəşf eləmədi? İnsan ağlının hüdudları hər şeyi kəşf eləməyə yetərli olmur. Yaradanın nəzarətindən kənarda fövqəlinsan varsa, o insan əvvəl-axır çox şeyləri yekunlaşdırmalı idi. Deməli, yekunlaşmayıb. Ancaq dinin də məsuliyyəti ağlın nəzarəti üzərində qurulmalıdır. Ağıldan kənarda din artıq vəhşilikdir, əxlaqsızlıqdır, məktəb bağlamaqdır, qızları məktəbdən çıxarmaqdır. Bunlar hamısı ağlın istifadə olunmadığı dindir. Siz diqqət edirsinizsə, Şərq aləmində məhz ağıldan istifadə olunmadığına görə bu cür fəlakətlər yaşayırıq. Qəzalinin “Kimyaül-səadət”, “Filosofların tutarsızlığı” əsərlərini oxuyanda baxırsan burda kəlam fəlsəfədən yuxarı qoyulur. Əslində böyük müsəlman aləmində yaradıcı məntiq elmi məntiqdən yüksəkdə olduğuna görə uğur qazandı. Bu, həm də Şərq dünyasında ağlın çöküşünə gətirib çıxardı. Ondan sonra Şərqdə gələn alimlər faktiki olaraq fasiq, dindən çıxmış elan edildi. Baxın, Qərb Volterin, Russonun, başqalarının köməyi ilə inkvizisiyanın ağrılarını unuda bildi, Şərq unutmadı. Bu, ədəbiyyatda da özünü göstərdi. Ona görə də bizim müasir ədəbiyyatımızın müasir inkişafı Rusiyanın işğalı ilə başladı. Ondan əvvəl Vaqif vardı, ancaq Vaqif estetikası, dünyagörüşü ilə dünya ədəbiyyatına çıxmaq mümkün deyildi. Bu axtarış artıq Axundovda, Mirzə Cəlildə oldu.

- Axundovun ideyalarını bütünlükdə qəbul edirsiniz?

- Axundovu qəbul edirəm, ona Azərbaycan ədəbi dilinin qurucusu kimi baxıram. Əslində bu gün modern Azərbaycanın dirçəlişi Axundov obrazı ilə bağlıdır. Yəni bu xalq dilini ədəbi dilə gətirərək, bir də rus işğalının verdiyi imkanlardan doğru faydalanaraq Azərbaycanda fəlsəfi mətn ənənəsini yaratdı. Axundov “Kəmalüddövlə məktubları” kimi əsər yazan nəhəng simadır.

- Axı o əsərdə Axundov Məhəmməd peyğəmbər haqqında dilə gətirilməyəsi şeylər yazır.

- Axundovun dinlə bağlı gəldiyi nəticələr sağlam nəticələr deyildi. İslam axtardığını bir vasitə olaraq dindən götürməyə çalışırdı. İmansız elm bilirsiz ki, terrora gətirən elmdir. Axundov elmli hökmdar ideyasını qoyurdu, ancaq imanlı hökmdar ideyasına yaxın düşmürdü. Buna görə də “Kəmalüddövlə məktubları”ında problemi çözə bilmədi. Axundovun İslama nifrəti anlaşılan nifrətdir. Normal adam, misal üçün, Danabaş kəndində Zeynəbi görən adam bu islama nifrət etməlidir.

- Mirzə Cəlildə, Sabirdə mollaların, xurafatın tənqidi başadüşüləndir. Ancaq Axundovun tənqidi bunlara bənzəmirdi. Axundov birbaşa Məhəmməd peyğəmbərin özünü, həyat tərzini, oğulluğunun arvadını boşatdırıb almağını, Aişə ilə bağlı məsələləri tənqid edirdi...

- Axundov bu fəlsəfi traktatında Məhəmməd peyğəmbərlə bağlı, Aişəylə bağlı məsələlərə diletant şəkildə yanaşıb. Ona görə bu diletantlığı bir tərəfə buraxmaq lazımdır. Peyğəmbərin islahatçı obrazını tuta bilməyib. Mən Axundovun bu yazdıqlarını öz dövründə gördüyü İslama kinli reaksiyası kimi baxıram. Ancaq bilirsiniz, mollaya görə məsciddən küsməzlər. İnsanın din anlayışı fərdi anlayışdır. Axundov dinin mahiyyətinə toxunmadan dinin praktikada tətbiqi üzərinə getsəydi, daha böyük fayda verərdi və toplumla arasında uçurum yaratmazdı. Axundov bunu tutmadı. Məsələn, Seyid Əzim də cəhalətə, xurafata qarşı mübarizə aparan nəhəng simalardan biri idi. Təəssüf ki, Seyid Əzim klassik ədəbiyyatın cazibəsindən qurtula bilmədiyinə görə özünü yaxşı tanıda bilmədi.

- “Kəmalüddövlə məktubları”nın indiki dövrdə çapına, dindarların onu oxumasına necə baxırsınız?

- Bir dindar Məhəmməd peyğəmbərin əleyhinə olan bir mətni oxumaqdan imtina edirsə, demək, Məhəmməd peyğəmbərin özü haqqında oxumayıb. Peyğəmbər onu təhqir eləsələr də, humanizm sərgiləməyə davam edirdi. Ona görə də biz təbii ki, “Kəmalüddövlə məktubları”nı oxumalıyıq. Orda cəhalətə qarşı kəskin fikirlər yer alıb. Biz o fikirləri qəbul etməliyik. Amma Axundovun fikirləri bizim üçün ehkam deyil.

Geri qayıt