Əsas Səhifə > Partiya, Güney Press > “Həmsədrlərin ikinci bəyanatı daha məzmunlu və konkretdir”
“Həmsədrlərin ikinci bəyanatı daha məzmunlu və konkretdir”8-07-2017, 09:39 |
Ermənistan silahlı birləşmələri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması, nəticədə 1-i azyaşlı olmaqla iki dinc sakinin həlak olması, 1 nəfərin yaralanması hadisəsindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış edib, tərəfləri atəşkəsə riayət etməyə səsləyiblər. Ötən gün həmsədrlər 2-ci bəyanat da yayıblar. ATƏT Daimi Şurasının iclasında Fransa nümayəndəsinin Minsk qrupu həmsədrlərinin adından səsləndirdiyi bəyanatda həmsədrlər tərəfindən 4 iyulda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunub. Bildirilib ki, iyulun 4-də baş verən ciddi insident sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçirilir. Həmsədrlər tərəflərə Cenevrə konvensiyaları əsasında mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini də xatırladıblar. Münaqişə tərəflərinə xitabən gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşmalara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırış edilib. Bəyanatın sonunda bir daha qeyd olunub ki, Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır. Həmsədrlərin ikinci bəyanatını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, sözügedən sənəddə təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur. Belə ki, son bəyanatda Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib. Nazirlik rəsmisi həmsədrlərin bu qiymətləndirməsini bölüşərək qeyd edib ki, Alxanlıdakı insident Ermənistanın təxribatı olaraq danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanmışdı: "Aparılan araşdırmalar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki obyektlər hədəfə alınıb. Ermənistan mülki insanların öldürülməsinə görə məsuliyyəti öz üzərindən atmaq üçün guya kənddə atəş nöqtələrinin olması barədə saxta propaqanda aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər hərbi məntəqə olmayıb. Azərbaycanda akkreditə olunan ABŞ, Çin Xalq Respublikası, Pakistan İslam Respublikası, Türkiyə, Rusiya Federasiyası, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşeləri və Almaniya Federativ Respublikasının səfirliyinin diplomatı, beynəlxalq media nümayəndələri 6 iyul tarixində Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi oldular”. H.Hacıyev 2016-cı ilin aprel, eləcə də Alxanlı hadisələrini Ermənistan tərəfindən sistematik şəkildə Cenevrə konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması kimi dəyərləndirib. Bu baxımdan o, həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durulmasına dair çağırışlarını təqdir edib. Millət vəkili, politoloq Hikmət Məmmədov da "Kaspi”yə açıqlamasında bildirib ki, həmsədrlərin ikinci bəyanatı əvvəlki ilə müqayisədə daha məzmunlu və konkretdir. O, xüsusən də Ermənistan silahlı birləşmələrinin hərəkətlərinin təxribat kimi təqdim edilməsini müsbət hal kimi qiymətləndirib: "Baş verənlərdən ATƏT-in Minsk qrupunun həmsədrləri özləri üçün nəticə çıxarmalıdırlar ki, 1994-cü ildə atəşkəsin əldə edilməsi münaqişənin sülh yolu ilə həll edilməsi üçün idi. Lakin indiyə qədər problem həllini tapmayıb. Deməli, həmsədrlərin də iştirakı ilə davam etdirilən sülh danışıqları prosesi müsbət nəticələnməyib, əsas məqsədə nail olunmayıb. Ona görə də həmsədrlərin ikinci bəyanatında yer alan müddəalar müsbət qarşılansa da, bizi tam qane etmir. Çünki həmsədrlərin əsas funksiyası təmas xəttindəki gərginliyi xatırlatmaq, tərəfləri danışıqlara səsləməklə yekunlaşmır. ATƏT-in Minsk qrupunun, həmsədr dövlətlərin əsas vəzifəsi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. Bunun üçün yeri gəldikcə işğalçı tərəfə təzyiq göstərmək də zəruridir. Ancaq indiyə qədər işğalçı Ermənistana həra hansı təzyiq göstərilməsini müşahidə etməmişik. Ona görə də rəsmi İrəvan danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirir, yaxud cəbhə bölgəsində təxribatlar törətməklə bütövlükdə danışıqlar prosesini pozmağa çalışır. Bütün bunları nəzərə alaraq, həmsədrlərin ikinci bəyanatını əvvəlkilərlə müqayisədə irəliyə doğru atılan bir addım kimi qiymətləndirsək də, bununla qənaətlənmək qeyri-mümkündür. Çünki problem hələ də həllini tapmayıb. Problemin həllini tapması üçün isə işğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir”. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bizimlə söhbətdə beynəlxalq təşkilatların sanki qorxu içində olduqlarını dilə gətirib. Qeyd edib ki, 4 iyul hadisəsindən sonra beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, siyasətçilər, deputatlar insidentlə bağlı bəyanatlar versələr də, bütün bunlar münaqişənin həllinə xidmət etmir: "Əgər həmin bəyanatlarda münaqişənin həlli üçün konkret hansı addımların atılması əksini tapsaydı, fikirləşərdik ki, beynəlxalq qurumlar, vasitəçilər yaşananlardan ciddi narahatlıq keçirir, müharibə başlamasın deyə, problemin sülh yolu ilə həllini istəyirlər. Ancaq biz bunu görmürük. Bəyanat müəlliflərinin böyük əksəriyyəti sadəcə narahatdırlar ki, Azərbaycan qisas əməliyyatına başlaya bilər. Necə ki, artıq işğalçıların mövqelərinə hərbi birləşmələrimiz tərəfindən müəyyən zərbələrin endirilməsi, Ermənistan ordusunun itkilər verməsi barədə xəbərlər yayılır. Biz düşmənin heç bir əməlini cavabsız qoymuruq və qoymayacağıq. Ötən ilin aprel döyüşləri bunu əyani şəkildə göstərdi”. Geri qayıt |