Əsas Səhifə > Partiya, Güney Press > "Ancaq biz bununla kifayətlənməli deyilik"

"Ancaq biz bununla kifayətlənməli deyilik"


8-07-2017, 09:34
"Ancaq biz bununla kifayətlənməli deyilik"
ABŞ-ın son günlərdə Alxanlıda baş verən hadisələrə biganə qalmaması Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, Azərbaycana xarici dövlətlərdən bu qədər dəstək gəlməsinin ilk dəfə olduğunu bildirib:

“Son hadisələr Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından çox prinsipial əhəmiyyətə malikdir. Çünki hələ də Ermənistanın vəhşiliklərini, işğalçı, təcavüzkar dövlət olduğunu dünya ictimaiyyətinin diqqətinə lazımi səviyyədə çatdıra bilməmişik”.

Q.Hüseynli ABŞ-ın son bəyanatlarından sonra Dağlıq Qarabağ həqiqətləri haqqında ictimai rəyin möhkəmləndirilməsi istiqamətində daha bir uğur əldə etdiyimizi vurğulayıb:

“Ancaq biz bununla kifayətlənməli deyilik. Dünya ictimaiyyətinə həqiqətləri düzgün çatdırmaq istiqamətində işlərimizi daha da inkişaf etdirməli, genişləndirməliyik. Bir sözlə, biz dünyanın bu bölgədə baş verən həqiqətləri düzgün şəkildə görməsinə nail olmalıyıq, təcavüzkar ilə təcavüzə məruz qalan dövləti göstərməliyik. Təcavüzkar dövlətin bizim torpaqlarımızda etdiyi özbaşınalıqları beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq. ABŞ-ın bu hadisələrə mövqeyini bildirməsi bizim üçün uğurdur. Gələcəkdə Azərbaycan qərbyönlü siyasətini daha da möhkəmləndirdikcə biz bu münaqişədə daha ciddi uğurlar əldə edə biləcəyik.

Ermənistan təcavüzkar dövlətdir. Onun üçün artıq meydan daralıb. Biz onun törətdiyi cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdıqca dövlətlərdə artıq ondan üz döndərir. Erməni uydurmaları, erməni təbliğatı fiaskoya uğrayır”.

Qeyd edək ki, ABŞ Alxanlı hadisələri ilə bağlı indiyə qədər 3 dəfə bəyanat verib. Bu bəyanatlardan birini ABŞ Dövlət Departamenti, ikisini isə ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Geri qayıt