Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya Azərbaycana da “İsgəndər” verə bilər”
“Rusiya Azərbaycana da “İsgəndər” verə bilər”3-07-2017, 09:25 |
“Belarus yaxın zamanlarda Rusiyadan "İsgəndər" zenit-raket komplekslərinin alınması məsələsini nəzərdən keçirə bilər". Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfiri İqor Petrişenko məlumat verib. Onun sözlərinə görə, hazırda Belarusda əsas zenit-raket kompleksi kimi “S-300" sistemləri istifadə olunur. O əlavə edib ki, ”S-400" və “İsgəndər” raket-zenit komplekslərinin alınması məsələsi yeni silahların və ölkədə təkmilləşdirilmiş sistemlərin olması baxımından nəzərdən keçirilə bilər. Belarus səfirinin bu sözləri Azərbaycanın da şimal qonşumuzdan bu silahları ala biləcəyi, eləcə də, alarsa ölkəmiz adına nə kimi müsbət nəticələrinin ola biləcəyi kimi məsələləri gündəmə gətirib. Hərbi ekspertlər silahın əhəmiyyətindən söz açaraq, rəsmi Bakını bu istiqamətdə hərəkətə keçməyə çağırırlar. Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında “İsgəndər” zenit-raket komplekslərini almaq üçün Azərbaycanın şanslarının kifayət qədər yüksək olduğunu bildirdi: “İsgəndər” raketləri gerçəkdən böyük əhəmiyyəti, dağıdıcılıq gücü yüksək olan silahlardır. Bu silahlara malik olmaq hər bir ölkənin hərbi imkanlarını qat-qat artırır. Sovetlərin çöküşündən sonra beynəlxalq aləmdə silahlanma prosesinə müdaxilə qat-qat aşağı düşüb. Vaxtilə konkret silahlanma ilə bağlı məhdudiyyətlər mövcud idi. Orada göstərilirdi ki, hər bir ölkə konkret hansı silahlara malik ola bilər və onun limiti nə zaman bitir. “İsgəndər” raketləri Cənubi Qafqazın əhəmiyyətini necə dəyişə bilər? Bu çox ağır bir sualdır. Razılaşmaq lazımdır ki, hər bir silahın özünəməxsus üstünlükləri var. O cümlədən, müəyyən obyektləri və yerləri dağıtmaq üçün də “İsgəndər” raketlərinin əhəmiyyəti danılmazdır. Bununla yanaşı, bunun siyasi, humanitar riskləri kifayət qədər böyükdür. Kütləvi qırğın silahları sırasında belə raketlər gerçəkdən təhlükəli silahlar kimi beynəlxalq miqyasda qəbul olunmaqdadır. Rusiya bu silahlarla konkret hədəf müəyyən etməklə öz gücünü beynəlxalq aləmdə sübut edib. Biz də daim təhlükə qarşısındayıq. Belə güclü və vurma bucağı 350 kilometrdən yuxarı silahlara malik olmalısan. Bu da hazırkı halda “İsgəndər” silahlarıdır. Azərbaycanın belə silahlara malik olmasını çox arzulayırıq - baxmayaraq ki, biz beynəlxalq miqyasda sülhü təbliğ edir, daha çox bunu stimullaşdırırıq. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas yerə çevrilməklə sülhü təbliğ etdiyini göstərir. Amma reallıqdır ki, biz burada İsveçrə kimi neytrallıq saxlaya bilmərik. Biz hərbi balansı bərpa etməliyik. Ermənistan guya Azərbaycanın qarşısını almaq üçün bu raketləri Bakıya doğru tuşlayıb. Amma diqqət yetirsəniz görərsiniz ki, onların son zamanlar mediaya çıxardığı şəxslər dəyəri bir milyarddan artıq olan obyektlər və bu tipli yerlərin hədəfdə olduğunu deyirlər. Azərbaycan işğal olunmuş ərazilərimizi beynəlxalq aləmdə önə çəkməklə bu silahları ala bilər. Rusiyanın da bu silahları Azərbaycana satması mümkündür. İndiki şəraitdə Rusiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Artıq Bakının güclü silahlara malik olmasını Kremlin çevrəsində olan strateqlər özlərinə təhlükə saymırlar. Çünki 90-cı illərdən fərqli olaraq, ölkəmiz anti-Rusiya bloklarında yer almır". Deputat onu da qeyd etdi ki, bu silahların Rusiya tərəfindən Azərbaycana satılması Dağlıq Qarabağ münaqişəsində düşmən ölkə üçün çəkindirici amil ola bilər: “Silahları almağımız Rusiyanın neytral mövqeyini ortaya qoyar, Bakının hərbi çəkisini artırar, beynəlxalq gücləri masa ətrafına gətirər. Bu raketin əlbəttə coğrafiya üçün əhəmiyyətini yaxşı anlayıram. Unutmamalıyıq ki, Naxçıvandan İrəvana cəmi 42 kilometrdir. Ermənilər bəzən Bakını Azərbaycan əraziləri olan Dağlıq Qarabağdan deyil, digər əraziləri üzərindən təhdid edirlər. Hava hücumları baxımından Rusiya "İsgəndər" raketlərini regionda ən çox verə biləcəyi ölkə Azərbaycandır". Geri qayıt |