Əsas Səhifə > Partiya, Güney Press > “Həmsədrlərin nəyi müşahidə etmək istədiyi bəlli deyil”

“Həmsədrlərin nəyi müşahidə etmək istədiyi bəlli deyil”


23-06-2017, 09:24
“Həmsədrlərin nəyi müşahidə etmək istədiyi bəlli deyil”
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana, Azərbaycanın işğal altında olan torpaqlarına və Bakıya son səfərilərindən sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli irəliləyiş əldə olunmadı.

Bütün diqqətlərini atəşkəs rejiminin qorunması və təmas xəttində gərginliyin azaldılmasına yönəldən diplomatlar həmişəki kimi münaqişənin həlli yolları ilə bağlı yeni bir şey təklif etmədi. Hazırda isə əsas məsələ Azərbaycan və Ermənistan prezidentlərinin görüşüdür.

Rusiyalı həmsədr İqor Popov da prezidentlərin danışıqlara hazır olduqlarını bildirib.

Görüş olduğu halda gözləntilərimiz nə olmalıdır? Prezidentlərin görüşü harada baş tuta bilər?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu barədə Modern.az-a danışıb.

“Həmsədrlərin nəyi müşahidə etmək istədiyi bəlli deyil”

Deputat bildirib ki, bugünkü şəraitdə həmsədrlər sülh planları gətirməkdən daha çox regiondakı gərginliyi bir qədər azaltmağa çalışırlar.

“Çünki aprel döyüşlərindən sonrakı mərhələlərdə ermənilər bir sıra hərbi taktiki dəyişikliklər həyata keçirib və ön cəbhəyə müxtəlif silahlar yerləşdiriblər. Eyni zamanda sonrakı mərhələdə alınmış “İsgəndər” raketi vasitəsilə cəmiyyətdəki xofu və qorxunu aradan qaldırmağa çalışırlar. Həmin raketin kölgəsində Azərbaycan əleyhinə bəyanatlar verib, Bakını hədəf seçəcəklərini, neft-qaz kəmərlərini partladacaqlarını, bununla da bölgə üçün böyük təhlükə törədəcəklərini söyləyiblər. Hətta həmsədrlərin bölgədə olduğu zaman da real olaraq cəbhə xəttində gərginlik olub, atışmaların intensivliyi müşahidə edilib.

Diqqət yetirsək, həmsədrlərin bu dəfə fərqli maşrut üzrə səfər həyata keçirdiyini görəcəyik. 12 iyunda Yerevanda olublar, daha sonra Qarabağa gəlib və buradan da bir az ətrafa addım ataraq Kəlbəcərə, Qubadlıya, o cümlədən də Laçına gediblər. Nəhayət 19 iyunda Bakıya gələrək əvvəlcə ölkə başçısı ilə görüşüblər, həmçinin balansı qorumaq üçün Dağlıq Qarabağın Azərbaycan İcmasının nümayəndələri ilə də danışıqlar aparıblar.
Kəlbəcər nə üçün xarici diplomatlar üçün elə önəmli olub? Orada nəyi müşahidə etmək istəyiblər? Bunlar bizə bəlli deyil.

Ömrünü-gününü Qarabağa həsr edən hərbi kəşfiyyatçı Anjey Kaspşik ATƏT-in baş ofisi Vyanaya mütəmadi olaraq məlumatlar çatdırır. Və yəqin ki, son vaxtlar verilən xəbərlər bölgədə silah kütləsinin real toqquşmaya yaxın bir duruma gətirildiyi, canlı qüvvələrin real hərəkətlər törətdiyi haqqında olub. Bu səbəbdən gərginliyin azaldılması ilə bağlı addımlar atıldı”.

"Onlar kimdir? Bu, sual olaraq qalır"

Zahid Oruc xatırladıb ki, səfər zamanı Rusiyalı həmsədr İqor Popov söylədi ki, prezidentlər görüşə razılıq veriblər.
“Bu əlbəttə ki, fərqli mövqedir. Çünki aprel döyüşlərindən sonra erməni tərəfi ultimatumlar irəli sürürlər. İlk növbədə danışıqlara gəlməyəcəklərini bildirdilər. Daha sonra Vyana və Sankt-Peterburq görüşlərində Azərbaycanı cəzalandırmaqdan bəhs etdilər. Bu da reallaşmayanda üçüncü tezisə keçdilər.

Eyni zamanda son zamanlar bölgəyə müşahidəçi missiyası gəlməli olduğu fikrini qabardır və Kaspşikin idarəsinin tərkibinin genişləndirilməli olduğunu bildirirlər. Bildiyiniz kimi bir neçə gün öncə ATƏT sədrinin şəxsi nümayəndəsinin ətrafındakı adamların sayı 7 nəfərə qədər artırılıb. Hansı prinsiplə seçiliblər, kimdi onlar, hardan gəliblər, hərbi sistemə necə bağlıdırlar, funksiyaları nədir, hansı ərazidə yerləşirlər, onları kim maliyyələşdirir- bunların hamısı sual olaraq qalır. Ancaq prezident İlham Əliyev dirəniş göstərdi və ermənilər istədiklərinə nail ola bilmədilər.

Düşünürəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilən hadisədir. Çünki Rusiya regionda, xüsusilə Qafqazlarda yeni toqquşmaların qətiyyən əleyhinədir. Ən azından ön cəbhədə vuruşmaq o qədər asan deyil. Çünki regiona təsir imkanları məhz Moskvanın əlindədir. Onların Şimali Qafqazda da tank-topları, ordusu mövcuddur.

Yerdə qalan dövlətlərin min kilometrlərlə məsafə qət edib Ermənistan və Azərbaycan arasında tank-topunu yerləşdirməsi də mümkün deyil. Hələ ki buna inanmaq çətindir. Belə olan təqdirdə yəqin ki, dövlət başçılarının görüşü təşkil ediləcək. Ancaq bu müharibə ehtimallarını azaldacaqmı? Hansı məsələlər üzrə razılığa gəlinə bilər?
Söhbət sülh anlaşmasından getmir. Çünki artıq bunu masa üzərindən kənara qoyublar”.

“Prezidentlərin görüşü Avropa ölkələrinin birində keçiriləcək”

“Düşünürəm ki, prezidentlərin görüşü barədə Fransanın təşəbbüsləri nəzərə alınma ehtimalı var. Görüşdə Azərbaycan tərəfi ermənilərin son diversiya əməliyyatlarını kəskin şəkildə qabardacaq. Üç gün öncə ATƏT-in Minsk qrupunun verdiyi bəyanatın hər hansı qüvvəsi yoxdur və bununla vəziyyətə təsir göstərmək mümkün deyil.

Hesab edirəm ki, Azərbaycan tərəfi həmin danışıqları sonuncu ələ keçirilən erməni təxribatçısının timsalında quracaq. Minsk qrupu həmin şəxsin timsalında görməlidir ki, bütün bu təxribatlar Azərbaycanı hərəkətə gətirmək vasitəsidir. Eyni zamanda qarşı tərəf bununla bizi xarici təşkilatların tənqid hədəfinə çevirmək istəyirlər.

Yəni Müdafiə Nazirliyi tərəfindən ələ keçirilən həmin erməni kəşfiyyatçı danışıqların əsas predmenti olacaq. Söhbət subyektdən deyil, Ermənistanın həyata keçirdiyi tədbirlərdən gedir. Həmin şəxsin arxa cəbhəyə keçib nələr törədə biləcəyini təxmin etmək o qədər də çətin deyil.

Azərbaycan prezidenti hər zaman olduğu kimi bu dəfə də aprel döyüşlərindən sonra beynəlxalq idarələrin vəd etdiyi planların təkrar gündəmə qaytarılması və dəyişilmiş hərbi status-kvonun siyasi danışıqlara keçməsi məsələsini ortaya qoyacaq”.

Geri qayıt