Əsas Səhifə > Partiya, Güney Press > Elçibəyin ailəsi onun 80 illik yubileyinə hazırlaşır

Elçibəyin ailəsi onun 80 illik yubileyinə hazırlaşır


22-06-2017, 10:39
Elçibəyin ailəsi onun 80 illik yubileyinə hazırlaşır
İyunun 24-də Azərbaycan Xalq Cəbhəsinin lideri və ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Universiteti bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır.1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə xalq hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub.1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Elçibəy ailəsinə yaxın olan Çingiz Özgür "Yeni Müsavat”a bildirib ki, bu il hər hansı bir tədbir keçirməyi düşünmürlər: "Qızı da, oğlu da hazırda Bakıdadır. Doğum günü onun məzarını ziyarət edəcəyik. Tədbirə gəlincə isə bu il yox, gələn il Bakıda və Kələkidə silsilə tədbirlər keçirməyi planlaşdırmışıq. Çünki gələn il həm də Elçibəyin 80 illik yubileyidir”.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirib ki, bu il ənənəvi olaraq tədbir keçirəcəklər: "Əbülfəz Elçibəyin doğum günü-Türklük günündə biz səhər saat 10-da Fəxri Xiyabana yollanıb, onun məzarını ziyarət edəcəyik. Orada bizim bir anım tədbirimiz olacaq. KXCP-nin rəhbərliyi və milli azadlıq hərəkatının üzvləri ilə birlikdə tədbir keçirəcəyik. Media nümayəndələrini, ictimai şəxsləri də həmin tədbirə dəvət edirik. Eyni zamanda rayon, şəhər şöbələrimizə də tapşırıqlar vermişik ki, Əbülfəz Elçibəyin doğum günü ilə bağlı tədbirlər hazırlansın. Yəni ənənəvi olaraq silsilə tədbirlərimiz gözlənilir”.

Geri qayıt