Əsas Səhifə > Partiya, Güney Press > “Hətta həmkarlarım arasında iclas zamanı ortalıqda gəzişənlər də var”
“Hətta həmkarlarım arasında iclas zamanı ortalıqda gəzişənlər də var”16-06-2017, 11:50 |
Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin növbədənkənar plenar iclasında "İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlara xəbərdarlıq edib. Vitse-spiker bəzi deputatların iclasda sakitliyə riayət etməmələrinə irad tutub: "Kimin özəl söhbəti varsa, çölə çıxsın. Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli isə "Şərq”ə açıqlamasında Bahar xanımın xəbərdarlığının əsaslı olduğunu və öz adına tövsiyələrindən nəticə çıxaracağını deyib: "Gəlin, obyektiv danışaq! Həqiqətən də biz deputatlar qanun layihələrinin müzakirəsinə qoşulmaq, layihələri dəyərləndirmək əvəzinə, gah telefonla danışır, gah da həmkarlarımızla söhbətlər edirik. Nəticədə isə ciddi məsələlər diqqətimizdən yayınır. Görün, bu hallar nə qədər təkrar olunubsa, vitse-spiker xəbərdarlıq etmək məcburiyyətində qalıb. Axı, necə deyim ki, Bahar xanımın bu iradı haqsızdır? Düz deyir. Hətta həmkarlarım arasında iclas zamanı ortalıqda gəzişənlər, kənar işlərlə məşğul olanlar da var. Millət vəkili olaraq biz Milli Məclisdə müzakirəyə çıxarılan məsələlərə ciddi yanaşmalı və öz fikirlərimizi əsaslandırmalıyıq. Ancaq başımız söz-söhbətlərə o qədər qarışır ki, bir də görürük ki, artıq səsvermədir. Şəxsən öz adıma Bahar xanımın iradlarını qəbul edirəm və onun tövsiyəsindən nəticə çıxarıb, bundan sonra iclas zamanı zalı tərk etmədən müzakirələrə ciddi yanaşacağıma söz verirəm”. Geri qayıt |