Əsas Səhifə > Partiya, Güney Press > İşləməyən partiya sədrləri, funksionerləri nə ilə dolanırlar?

İşləməyən partiya sədrləri, funksionerləri nə ilə dolanırlar?


13-06-2017, 10:55
İşləməyən partiya sədrləri, funksionerləri nə ilə dolanırlar?
Bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və Gürcüstanda mühacir həyatı yaşayan Əfqan Muxtarlı həbs edildi. Rəsmi məlumatlara görə, AXCP sədrinin müavini G.Bayramlı son bir il ərzində 41 dəfə Gürcüstana gedib və son olaraq 12 min ABŞ dollarını gömrük orqanlarına bəyan etmədiyi üçün saxlanılıb. Eləcə də Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən saxlanılıb və üzərində 10 min avro məbləğində pul aşkarlanıb. Hər iki faktla bağlı mediada, xüsusilə sosial şəbəkədə müzakirələr açıldı, bu şəxslərin anti-Azərbaycan şəbəkəsində yer almaları, radikal müxalifətin maliyyələşdirilməsi prosesinin iştirakçısı olduqları barədə fikirlər irəli sürüldü.

Bir müddət əvvələ qədər bəzi siyasi partiyalar öz üzvlərinin və ya onlara "simpatiyası” olan şəxslərin rəhbərlik etdiyi qeyri-hökumət təşkilatları vasitəsilə xaricdən qrantlar əldə edirdilər. Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklərdən sonra siyasi partiyalara gizli yönləndirilən bu cür qrantların qarşısı alındı. Təbii ki, belə olan halda maliyyə sarıdan "əziyyət çəkən” partiya sədrləri və onların xaricdəki himayədarları "yeni yol” axtarmağa başladılar. Bu yol şəbəkənin maliyyəsinin Gürcüstandakı banklara gəlməsi, ordan isə qeyri-qanuni yollarla Azərbaycana çatdırılması idi.

Son həbslərdən sonra da müxalifətçilər bu versiyanı qəbul etmək istəmirlər. Belə olan halda, haqlı olaraq sual meydana gəlir ki, uzun illərdir heç bir yerdə işləməyən bəzi siyasi partiya sədrləri necə olur bahalı avtomobildə gəzir, övladları ödənişli əsaslarla xaricdə təhsil alır, müəyyən mülklərə sahib olur, hətta cangüdən saxlayırlar? Ümumiyyətlə, həmin partiyaların sədrləri və onların ətrafındakı şəxslər necə dolanırlar, ən azından, gündəlik xərclərini necə çıxarırlar?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bildirdi ki, son proseslər bəzi partiyaların haradan maliyyələşdiyini göstərdi: "Xüsusi qüvvələr var ki, onlar hüquq-mühafizə orqanlarına məlumdur. Biz bunu çoxdan deyirdik, amma bu gün faktlarla təsdiq olundu ki, belə siyasi təşkilatların əsas maliyyəsi Gürcüstan üzərindən ötürülürmüş. Müxalifət təmsilçiləri xəstəlik adı ilə Gürcüstana gedir və pulları Azərbaycana gətirirdilər. İndi məlum olur ki, "xəstə” dediyimiz adam Gürcüstanda görüşlər keçirir və əsas da Bakıya pul daşıyırmış. Çünki heç bir normal adam qısa bir müddət ərzində 41 dəfə başqa ölkəyə getməz. Camaatın gəlini heç ildə beş dəfə atası evinə getmir, amma bunlar başqa ölkəyə dəfələrlə gedib pul gətirirlər. Sadəcə, partiya rəhbərliyi düşünüb ki, sərhəddə xanım üçün istisna var. Yəni, Gözəl Bayramlı xanım olduğuna görə yoxlanılmaz və yaxud da ki, bunların bu həyasızlığı, vay-şüvənliyi işlərinə yarayar. Amma hüquq, qanun hamı üçün eynidir”.

E.Musayev əlavə etdi ki, digər saxlanılan Əfqan Muxtarlının dilindən səslənən təhqirlər, söyüşlər, iftiralar, qarayaxmalar çox nadir insanın ağzından çıxa bilərdi: "Bunlar sosial şəbəkələri üfunətə çevirmişdilər. Hesab edirəm ki, Əfqan Muxtarlı da, Gözəl Bayramlı da layiq olduqları cəzanı alacaqlar. Bəzi partiya sədrlərinin bahalı maşınlarına, evlərinə gəlincə, əslində burada şübhəli və qeyri-adi məqam yoxdur. Aydın məsələdir ki, bu gün Əli Kərimli öz ətrafından yalnız vasitə kimi istifadə edir. Ona görə də hamıdan fərqli olaraq özü kefdədir. Təhsil haqqı 100 min avro olan universitetdə bu gün özündən deyən adamlar övlad oxutdura bilmir, amma bu, edir. Londonda böyük bir malikanəsi var, bütün ailəsi orada yaşayır. Buna necə sahiblənib, yəqin ki, bunu bir özü bilir, bir də ətrafındakılar. Hesab edirəm ki, bunlar ifşa olunmalıdır və qanun qarşısında cavab verməlidir”.

Azərbaycan Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli qeyd etdi ki, bəzi partiyalar adətən cəmiyyətə şəffaflıq təlqin edirdilər, leqal fəaliyyətin tərəfdarı kimi çıxış edirdilər: "Əvvəllər bu insanlar qeyri-hökumət təşkilatları təsis edib, yaxınlarını bura rəhbər qoyurdular. Daha sonra Soros və digər bu kimi fondlardan maliyyələşirdilər. Elə oldu ki, bu sahədə dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirildi, hesabatlılıq və şəffaflıq artırıldı. Mərkəzi ofisləri xaricdə olan qeyri-hökumət təşkilatlarının Azərbaycana etdikləri yardımların hesabatlılığı tələb edildi. Nəticədə əvvəlki qaydada işləmək artıq mümkün olmadı. Çətinlik yaranandan sonra həmin təşkilatlar, xüsusilə həmin partiya sədrləri qanunsuz maliyyə fəaliyyətinə keçdilər. Bunların əsas maliyyə mənbələri Azərbaycan hakimiyyətini daimi təzyiq altında saxlamaq və tələblər irəli sürmək istəyən xarici təşkilatlar və böyük dövlətlərdir”.

T.Kərimlinin sözlərinə görə, bu günlərdə bir daha aşkar olundu ki, Açıq Cəmiyyət İnstitutu, Milli Demokratiya İnstitutu və digərləri Ukrayna, Qırğızıstan və Gürcüstanda "məxməri inqilabları” maliyyələşdiriblər: "Bu fakt sənədlərlə sübut olunub. Təbii ki, Azərbaycana və başqa dövlətlərə də belə təzyiqlər etmək niyyətindədirlər. Belə olanda isə özlərinin "5-ci kalon”larından istifadə edirlər, siyasi partiyaların liderləri ilə müəyyən münasibətlər qururlar və onları maliyyələşdirirlər. Siyasi təşkilatların rəhbərlərinin hesabatlılığı olmadığı halda isə bahalı maşınları, evləri ortaya çıxır və maliyyə mənbələri də gizli saxlanılır. Bu cür partiyaların sədrləri özlərini deqradasiyaya məruz qoyurlar. Əqidə daşıyıcısı olan partiya sədri maliyyə üçün hər şeyi qurban verirsə, əqidəsini satmış olur və kriminal fəaliyyətə keçir. Ona görə də Azərbaycan hakimiyyəti belə hallar olduqda tədbirlər görür”.

Geri qayıt