Əsas Səhifə > Partiya, Güney Press > ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...

ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...


12-06-2017, 08:36
ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...
İraq Kürd Regional Hökumətinin Kürdüstan dövlətinin elan olunması üçün sentyabrın 25-nə referendum təyin etməsinə İraq hökuməti, Türkiyə, İran və bir sıra dövlətlər etirazlarını ortaya qoyub. Belə görünür ki, referendum məsələsi elə də asan keçməyəcək. Dövlətlər bu məsələyə öz mövqelərini bildirməkdədirlər.

Azərbaycan dövlət olaraq bu məsələyə hələ heç bir rəsmi münasibət bildirməyib. Bəzi ekspertlər Azərbaycanın Kürdüstan dövlətinin qurulması məsələsinə münasibətdə qarışmamaq xətti tutmasını doğru hesab edirlər. Bir çoxları isə Azərbaycanın Türkiyənin yanında olmasının vacibliyini bildirirlər.

Deputat Zahid Oruc “Yeni Müsavat”a bu mövzuda şərhində bildirdi ki, kürd məsələsi Yaxın Şərq hadisələri kontekstində deyil, yüz illərdir mövcuddur: “Hətta Osmanlı İmperiyası dövründən, 15-ci əsrin zamanından bu ətrafda müxtəlif diskussiyalar gedib, o cümlədən real hərbi əməliyyatlar aparılıb, o dövrün tarixi şəraitinə uyğun mübarizələr olub. O baxımdan hadisəyə miqyas etibarilə və yaxud hazırkı dövrün qlobal savaşları səviyyəsində olan tabloda baxılması yanlış nəticələrə aparıb çıxarar. Bu məsələnin keçmişi var və özünün inkişaf fəlsəfəsinə, müəyyən bir ssenariyə malikdir. Odur ki, biz yalnız desək ki, Kürdüstan dövlətinin qurulması Qərbin istəyidir, bu, məsələyə çox bəsit münasibət olar. Reallıq ondan ibarətdir ki, kürd xalqının tarixi taleyində onların dövlət qurmaq istəklərinə baxmayaraq, bu istək gerçəkləşdirilə bilməyib. Həmin düşüncələr, mübarizələr tarixin ayrı-ayrı mərhələlərində müxtəlif dövlətlər tərəfindən istifadə olunub. Bu gün də belədir. O üzdən 7 milyona qədər İraqın tərkibində, 14 milyona qədər Türkiyədə, 2 milyona qədər Suriyada, 1 milyondan artıq İranda məskunlaşmış kürd xalqının etnomilli, etnosiyasi bir coğrafiya verərək onları dövlət kimi, beynəlxalq hüquq subyekti səviyyəsinə gətirib çatdırmaq istəkləri mövcuddur. Yaxın Şərq planı bütövlükdə yeni xəritə deməkdir. Bunun nə qədər böyük qanlar hesabına başa gələcəyini təsəvvür etmək çətin deyil. Hələ indi yalnız siyasi rejimlər və ayrı-ayrı hakimiyyətlərin dəyişdirilməsi prosesi gedir. Ərəb baharı 1 milyona yaxın insanın həlak olmasına səbəb olub. Şimali Kürdüstan dövləti layihəsi də eyni qanlı əməliyyatlardan keçəcək. Türkiyənin məsələyə münasibətinə gəlincə, prezident Ərdoğan iqtidarı ötən illər ərzində Bərzani iqtidarı ilə işlədi, onların Türkiyə əleyhinə olan separatizmini xeyli neytrallaşdırdı, iqtisadi əlaqələr qurdular, silahlanmış kürdlərin bir qismini siyasi vasitələrlə silahsızlarşdırdılar. Amma böyük bir qismi isə bu gün də Türkiyənin gücünü sarsıtmaqla məşğuldurlar. Kürd xalqı ilə türkləri toqquşdurmaq müxtəlif dövlətlərin planında mövcuddur. Özü də bu təhlükə təkcə Türkiyəyə qarşı deyil. Ona görə də haqqında söhbət gedən referendumun Katalonyanın müstəqillik hərəkatı, yaxud da Şotlandiyanın Britaniyadan ayrılmasının siyasi yolu ilə eyniləşdirilməsi çox yanlış olar. Çünki böyük sayda kürdlər silahlandırılıblar. Kürdüstan dövləti məsələsi əslində referendumun nəticəsindən asılı olmayacaq, beynəlxalq razılaşmaların necə olmasından asılı olacaq. Azərbaycan bu məsələdə Türkiyənin zərər çəkməməsi, bölünməzliyinin tərəfdarı olmalıdır”.

Azərbaycan Kürdləri İctimai Birliyinin sədri Tahir Süleyman isə bildirdi ki, Azərbaycan Kürdüstan dövlətinin elan edilməsi üçün keçiriləcək referenduma müsbət yanaşsa, daha düzgün addım atmış olar: “Kürdüstanda referendum keçirilməsi məsələsini kimlərsə Dağlıq Qarabağ məsələsi ilə eyniləşdirib məsələyə bu prizmadan yanaşılmasını təklif edirsə, bu, yanlışdır. Çünki bu iki məsələ tamamilə fərqli məsələlərdir. Dağlıq Qarabağı ermənilər silah gücünə işğal ediblər. Amma Şimali İraq Kürdüstan Muxtariyyəti İraq parlamentinin qərarı ilə federativ bir qurum kimi qanunla İraqın tərkibində fəaliyyət göstərir. Vaxtilə Çexoslovakiyadan dövlətlər ayrıldığı kimi, Kürdüstan da demokratik şəkildə İraqdan ayrılmaq istəyir. İran, Türkiyə və başqa bir sıra dövlətlərin buna qarşı olmasına baxmayaraq kürdlər bunu istəyir. Əgər İraq hökuməti ilə kürdlər öz aralarında razılığa gələcəklərsə, buna başqa hansısa dövlətin qarışması düzgün deyil. Çünki bu, İraq dövlətinin daxili işidir”.

T.Süleyman hesab edir ki, Kürdüstan müstəqil dövlət elan olunduqdan sonra Azərbaycanla Kürdüstan arasında normal əlaqələr qurulacaq: “Ən azından nəzərə alınmalıdır ki, orada 3 milyon türkmən qardaşlarımız yaşayır. Kürdüstan dövləti türkmənlərin də dövləti olacaq. Çünki onlarla kürdlər min illərdir birgə yaşayırlar, qaynayıb-qarışıblar. O cümlədən azərbaycanlılarla kürdlər arasında yüz illərə dayanan qardaşlıq münasibətləri var. Bu gün Azərbaycanda kürdlər tam hüquqlu vətəndaşlardır və onlara heç bir ayrı-seçkilik yoxdur. Kürdüstan dövləti qurulacaqsa, Azərbaycanda kürdlərin haqları tanındığı kimi, Kürdüstanda da türkmənlərin haqları tanınacaq. Bu iki qardaş xalqların birliyi labüddür”.

Geri qayıt