Əsas Səhifə > Partiya, Güney Press > Bu, Azərbaycanın növbəti diplomatik uğurudur...

Bu, Azərbaycanın növbəti diplomatik uğurudur...


31-05-2017, 09:53
Bu, Azərbaycanın növbəti diplomatik uğurudur...
Xəbər verdiyimiz kimi, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən hazırlanan "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd ötən həftə BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb. Həmin hüquqi rəy Azərbaycan tərəfinin müraciəti əsasında məşhur beynəlxalq hüquqşünas, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının 1997-ci ildə sədri, 1990-2011-ci illərdə üzvü olmuş, "Université Paris Ouest Nanterre La Défense”-in fəxri professoru Alan Pelle tərəfindən hazırlanıb.

Ermənistanın qeyri-qanuni əməllərini ört-basdır etmək və beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edərək üzərinə düşən öhdəlik və məsuliyyətdən yayınmaq cəhdlərini nəzərə alaraq, Azərbaycan münaqişənin həlli, ölkəmizin ərazilərinin işğalına sol qoyulması və Ermənistanın təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün beynəlxalq hüququn aliliyinin təmin olunmasının xüsusi önəm kəsb etməsinə dair mövqeyini davamlı şəkildə ortaya qoyur.

Həmçinin BMT-nin baş katibinə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı müfəssəl hesabat təqdim edilib. Hesabatda faktlar, rəqəmlər və statistik məlumatlarla sübut olur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yürütdüyü siyasət və həyata keçirdiyi əməllər beynəlxalq hüququn pozuntusudur, münaqişənin siyasi həllinə nail olmaq cəhdlərini pozur və regionda sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdiddir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Aydın Mizəzadə bildirdi ki, belə bir sənədin BMT-də yayılmasının Azərbaycan üçün mühüm əhəmiyyəti var: "Bu hüquqi sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılmasının vacibliyi beynəlxalq təşkilatlar qarşısında qoyulub. Hesab edirəm ki, Azərbaycan bu addımı ilə öz hüquqlarını ciddi şəkildə qorumaq əzmində olduğunu və heç bir zaman hansısa bir dövlətin onun ərazi bütövlüyünü pozmasına, onun suveren hüquqlarının şübhə altına alacağına göz yummayacağını ortaya qoyub. Ölkəmiz demokratik, beynəlxalq hüquq normalarına hörmət edən bir dövlətdir. Bu gün Azərbaycan dövlətinin mövqeyi dünya dövlətləri tərəfindən qəbul edilir. İldən-ilə beynəlxalq diplomatik siyasətdəki müvəffəqiyyəti, beynəlxalq tədbirlərin keçirildiyi məkan olması, dünya səviyyəli idman yarışlarına ev sahibliyi etməsi Azərbaycanın uğurundan xəbər verir. Xaricdə yaşayan bir çox insanlar Bakıda IV İslam Həmrəyliyi Oyunlarının ötən il Rioda keçirilən yay Olimpiya Oyunlarından daha gözəl və dolğun keçirilməsi barəsində fikirlər yürüdürlər. Ümumən götürəndə, Azərbaycanın BMT-də yaydığı sənədin həm məzmunu, həm də forması, düşünürəm ki, gələcəyə yönəlməsi baxımından çox əhəmiyyətlidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin yeni baş katibi Antonio Quterreş ilə görüşüb, fikir mübadiləsi aparıb və bir daha Qarabağ münaqişəsi barədə məlumat verib: "Yəqin ki, BMT-nin vaxtilə qəbul etdiyi 4 qətnamə də yeni baş katibə xatırladılıb. Daha sonra BMT-də Azərbaycanın Daimi Nümayəndəliyinin yaydığı sənəd ondan xəbər verir ki, işğala son qoyulmalıdır və burada BMT-nin önəmli rolu olmalıdır. Amma çox təəssüf ki, BMT bu məsələnin həllində çox passivdir. Azərbaycan diplomatiyası hər dəfə çalışır ki, Qarabağ məsələsi BMT müstəvisində də müzakirəyə çıxarılsın. Lakin bu qurum hər zaman ünvan kimi ATƏT-i və Minsk qrupunu göstərir. Halbuki nə ATƏT, nə də Minsk qrupu münaqişənin həllini sürətləndirə bilmir və ya istəmirlər. Bu mənada, 4 qətnaməni ATƏT yox, BMT qəbul edib. Deməli, bu qurum həmin qətnamələrin icrasına görə də məsuliyyət daşıyır, lakin bundan çəkinir. Prezident İlham Əliyev də haqlı olaraq bir fikri vurğulayır ki, lazım gələndə BMT bir günün içərisində qətnamə qəbul edir və eyni zamanda onun icrasını həyata keçirir. Burada söhbət Liviyadan gedir. Azərbaycanla bağlı qətnamələrin qəbulundan 25 ildən artıq vaxt keçib, ancaq heç bir irəliləyiş yoxdur. Heç mövqe də bildirmirlər. Bizim üçün maraqlı olardı ki, BMT baş katibi, bu qurumun rəsmiləri problemlə bağlı mövqe bildirəydilər. Əgər bu qətnamələri siz qəbul etmisinizsə, niyə icrasını da təmin etmirsiniz? Bununla bağlı suallar açıq qalır və cavab verən yoxdur”.

E.Şahinoğlu söylədi ki, BMT-də Azərbaycanın haqlı mövqeyinin yer aldığı sənədin yayılması yaxşı haldır: "Amma hesab etmirəm ki, bu cür sənədlər münaqişənin həllinə təsir edə bilsin. Çünki Qarabağla bağlı çoxsaylı bəyanatlar, açıqlamalar var, sənədlər də qəbul edilib. Həmin sənədlərin böyük əksəriyyəti Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Onu qeyd edim ki, tək BMT-nin deyil, AŞPA-nın, Avropa Parlamentinin də Qarabağla bağlı qəbul etdiyi qətnamələr var və orada da Azərbaycanın mövqeyi dəstəklənir. Təəssüflər olsun ki, bütün bu qətnamələr münaqişənin həllini sürətləndirmir.

Qeyd edim ki, erməni tərəfi bu sənədlə bağlı hansısa addımlar atmayacaq və onlar BMT-də buna cavab olaraq başqa bir sənədin qəbul edilməsinə çalışmayacaqlar. Çünki onlar bilirlər ki, BMT bu münaqişənin həllində rol oynamasa belə, Ermənistanın mövqeyini müdafiə edən deyil. Faktiki olaraq, status-kvo uzanır və bu məsələdə ermənilər Rusiya kimi dövlətdən dəstək alırlar”.

Geri qayıt