Əsas Səhifə > Partiya, Güney Press > "Bu, Avropa İttifaqı üçün növbəti təhlükə ola bilərdi"

"Bu, Avropa İttifaqı üçün növbəti təhlükə ola bilərdi"


9-05-2017, 08:26
"Bu, Avropa İttifaqı üçün növbəti təhlükə ola bilərdi"
Fransada keçirilən prezident seçkilərində "Milli Cəbhə"nin lideri Marin Le Pen sürpriz etməyi bacarmadı. Gözlənildiyi kimi fransızlar 66.06 faiz səslə “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makronu özlərinə yeni prezident seçdilər. Bununla da 39 yaşlı Makron Fransanın ən gənc prezidenti kimi tarixə düşdü.

Maraqlıdır ki, Makron fəaliyyəti ilə də tarixə düşməyi bacaracaqmı?

Millət vəkili , politoloq Elman Nəsirov AzVision.az-a bildirib ki, Makronun prezident seçiləcəyi gözlənilirdi. Buna səbəb ikinci tura keçə bilməyən namizədlərin Le Pen dəstəkləməməsidir.

"Milli Cəbhə"nin lideri Marin Le Penə dəstək gəlmədi. Namizədlər seçicilərini Makrona səs verməyə çağırdılar. Belə məqamda onun seçiləcəyi gözlənilirdi. Maraqlıdır ki, Almaniya kansleri Angela Merkel də Makrona zəng edərək onu qələbə münasibətilə təbrik edib. Vurğulayıb ki, Makronun prezident seçilməsi Avropa dəyərlərinin qələbəsidir, Avropa İttifaqını gücləndirən amildir. Merkel Fransada keçirilən prezident seçkilərinin nəticəsinə belə qiymət verdi”.

E.Nəsirov hesab edir ki, Makron xarici siyasətdə AvroAtlantik məkana sadiqliq xəttini davam etdirəcək.

“Marin Le Pen bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə ölkəsinin Avropa İttifaqında qalması məsələsinə yenidən baxacaq. Bu, Avropa İttifaqı üçün növbəti təhlükə ola bilərdi. Bu baxımdan Makronun Avropa İttifaqının daha da gücləndirilməsi, AvroAtlantik məkanla, ABŞ-la əlaqələrin gücləndirilməsi siyasi xəttini tutacağını proqnozlaşdırmaq olar.

Bundan başqa hesab edirəm ki, Makron Le Penin ideyalarının əksini edəcək. Yəni, Le Pen daha çox irqçi, islamafob şüarlarla çıxış edirdi. Makron isə ümumbəşəri ideyaları müdafiə edəcək”.

Fransanın yeni prezidentinin Qarabağ münaqişəsinin həllinə dair hansı mövqedən çıxış edəcəyinə gəlincə, politoloq bildirib:

“Bu məsələ ilə bağlı Makronun sağ qüvvələrin təmsilçisi olmaması, islamafob, ksenofob mövqeyi ilə tanınmaması nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən hesab etmək olar ki, Makron sivil birgəyaşayış qaydalarına üstünlük verəcək və demokratik idarəçilik ənənələrinə sadiq qalacaq.

Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətində yeni prezidentin dövründə müəyyən canlanmanın olması mümkündür. Çünki, bu, Makronun özü üçün də əhəmiyyətldiir. Makron prezident seçilsə də, dünya miqyasında o qədər də tanınmış siyasətçi deyil. Bu baxımdan münaqişənin həllində fəal mövqe sərgiləmək ona müəyyən siyasi dvidentlər gətirə bilər. Hesab edirəm ki, Makronun prezident seçilməsi, münaqişələrin tənzimlənməsində Fransanın aktiv rolunun təminatı baxımından müsbət şərait təmin edə bilər”.

Politoloq Fikrət Sadıqovun fikrincə, Makron Le Penlə debatı zamanı xarici siyasətə dair planlarına çox az, cəmi 10 dəqiqə vaxt ayırması ilə diqqət çəkib.

“Hesab edirəm ki, bu çox az müddətdir. Çünki, Fransa kimi dövlətin xarici siyasət kursunun necə olmasının izahına daha çox vaxt ayırmalı idi. Bununla belə düşünmürəm ki, Makronun gəlişindən sonra Fransanın xarici siyasət kursunda hər hansı bir ciddi dəyişiklik olsun”.

Politoloq bildirib ki, Makronun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı radikal addım atacağı inandırıcı görünmür: “Bununla belə hesab edirəm ki, bu konteksdə iki mühüm məsələ var. Birinci, Makron sabiq prezident Fransua Ollanddan iradəli siyasətçidir. Bu, hiss olunmaqdadır. Çünki, Makronun prioritetləri var və bunu açıq şəkildə bəyan edir. İkinci, Makron Fransa siyasi arenasında yeni fiqurdur. Ona görə də, Makronun münaqişənin həlli ilə bağlı yeni ideya və fikirləri ortaya çıxa bilər”.

Fransa-Azərbaycan münasibətlərinin gələcəyindən danışan F.Sadıqov deyib ki, hər zaman olduğu kimi iki ölkə arasındakı iqtisadi-sosial, humanitar sahələrdə münasibətlər inkişaf edəcək.

“Bununla belə Azərbaycanın diplomatik addımlarından çox şey asılı olacaq. Biz Fransa ilə işləməliyik. Çünki, Makron cavan siyasətçidir, onu Azərbaycanla bağlı məsələlərə cəlb etmək, məlumatlandırmaq lazımdır”.

Geri qayıt