Əsas Səhifə > Partiya, Güney Press > “Allahşükür Paşazadə də orduya yardımlar etmişdi”
“Allahşükür Paşazadə də orduya yardımlar etmişdi”4-04-2017, 09:05 |
Bütün ermənilərin katolikosu II Qaragün və katolikos I Aram Dağlıq Qarabağa qanunsuz səfərə gediblər. Katolikoslar səfər zamanı hər biri ayrılıqda erməni ordusuna yarım milyon dollar pul veriblər. Səfərlə bağlı yayılan xəbərlərdə deyilir ki, onların orduya verdikləri pullar kilsəyə verilən ianələr hesabına formalaşıb. Bu xəbər yayılandan sonra sosial və populyar mediada Qafqaz Müsəlmanları İdarəsinin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycan ordusuna yardımlar edib-etməməsi müzakirə mövzusuna çevirilib. Söz yox ki, bu gün Azərbaycan ordusu kənar maliyyələşmənin ümidinə qalmayıb ki, yığılan ianələr hesabına köməkliyə ehtiyacı olsun. Hazırda ordumuzun maddi-texniki baxımdan təminatı dövlət büdcəsi hesabına artıqlaması ilə qarşılanır. Dəfələrlə vurğulanıb ki, Silahlı Qüvvələrimizin büdcəsi bütövlükdə Ermənistanın büdcəsindən böyükdür. Bununla belə, Azərbaycan müstəqillik qazanandan sonra yenicə formalaşan Azərbaycan Milli Ordusuna dəstək üçün Müdafiə Fondu fəaliyyətdə olub. Həmin fonda vətəndaşlar, ictimai birliklər, iş adamları, cəmiyyətin ən müxtəlif kateqoriyalarının təmsilçiləri ianələr veriblər. Bu şəxslər sırasında Allahşükür Paşazadə olubmu? Azərbaycanın o dövrdə - ordumuz yeni formalaşan illərdə baş nazir postunu tutmuş Pənah Hüseyn sorğumuza cavab olaraq dedi ki, Müdafiə Fonduna əksər vətəndaşlar yardımlar edib: “Bu sırada Qafqaz Müsəlmanları İdarəsinin, ayrılıqda sədrinin də olub-olmadığını bilmirəm. Amma o dövr belə idi ki, hər kəs orduya əlindən gələn köməkliyi edirdi”. Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov bildirdi ki, Allahşükür Paşazadə həmin dövrdə orduya cəmiyyətdən gələn dəstəkdən kənarda olmayıb: “Allahşükür Paşazadə də orduya yardımlar etmişdi. Məbləğ dəqiq yadımda deyil. Şeyxülislam həmin proseslərdən kənarda deyildi. O dövr belə idi ki, hər kəs orduya kömək etmək istəyirdi, orduya dəstək kütləvi idi. Çox zaman yardım, dəstək üçün müraciətə də ehtiyac yox idi. Hər kəs öz təşəbbüsü ilə orduya kömək edirdi. Kimin əlində nə imkan vardısa, nəyə gücü çatırdısa, o şəkildə də köməklik edirdi”. O illərdə daxili işlər naziri olmuş İsgəndər Həmidov da təsdiqləyir ki, Azərbaycan ordusu yeni yaranan illərdə cəmiyyətdən yardımlar edilib: “Allahşükür Paşazadənin cəmiyyətin bir çox üzvləri kimi orduya yardım etməsi təbii idi. Amma konkret nəsə deyə bilmərəm”. Qeyd edək ki, Şeyxülislam dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. Allahşükür Paşazadə hazırkı postuna 1980-ci ildə təyin olunub. Ötən əsrin 90-cı illərində yaradılan Müdafiə Fondu 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondu adı ilə fəaliyyətini davam etdirib. Silahlı Qüvvələrə Yardım Fonduna 2016-cı il mayın 1-nə qədər 73 milyon 95 min 369 manat, 212 min 373 dollar, 2 min 993 avro və 5 min rubl daxil olub. 2002-ci ildən bu günə qədər o vəsaitdən 1 qəpik də olsun, xərclənməyib. Sadəcə, pul ehtiyatı kimi yığılır.(musavat.com) Geri qayıt |