Əsas Səhifə > Partiya, Güney Press > Petrosyan İlham Əliyevlə görüşə bilərmi

Petrosyan İlham Əliyevlə görüşə bilərmi


31-03-2017, 08:55
Petrosyan İlham Əliyevlə görüşə bilərmi
Levon Ter-Petrosyan çox yaxşı bilir ki, Ermənistan ilk növbədə insan resursuna görə Azərbaycana uduzub. O, Dağlıq Qarabağda əhali resursunun azalması fonunda bir azdan səngərdə real əsgər qüvvələrini tapmağın çətin olacağını anlayır.

Bu sözləri Axar.az-a Ermənistanın eks-prezidentinin son çıxışlarına münasibət bildirən Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, bugünkü dönəmdə Ermənistan siyasi həyatında Petrosyanın daha realist baxışlarının mövcudluğu müsbət haldır:

“Çünki maksimalizm, millətçilik ideologiyasına bürünmək, regional çevrədə təhlükəsizlik amillərini qəbul etməmək və hər bir dövlətə qarşı ərazi iddialarında bulunmaq Ermənistanın hazırkı həyatında yer alan əksər siyasi qüvvələrə xasdır. Petrosyan uzun müddətdir ki, Azərbaycanla normal münasibətlər tərəfdarı kimi çıxış edir. Özünün də söylədiyi kimi, hər 18 ildən bir sanki bu itkilər, yeni məhrumiyyətlər Ermənistanın qisasında özünü göstərməkdədir. Petrosyanın 20 il öncə söylədiyi bu fikir uzaqgörənliklə özünü təsdiq edir. “Biz indi imtina etdiyimiz şərtləri gələcəkdə yalvarıb qaytara bilməyəcəyik” mesajı həmin şəxsin və onun çevrəsində olan qüvvələrin əsas ideologiyasını təşkil edir. Yəni yeddi rayonun qaytarılması Qarabağ üçün hər hansı bir üstün siyasi hüquqa və ya statusa səbəb ola bilər. O, əks halda sanskiyalardan danışıb. Kəlbəcərdən tutmuş Cəbrayıla, Füzuliyə qədər böyük ərazilərdə, yalnız ön cəbhədə keşiş çəkməklə vətən qurmaq, Qarabağı əsas iqtisadi münasibətlərin, normal təsərrüfat əlaqələrinin şəbəkəsinə çevirmək olmaz. Eyforik şəkildə bildirirlər ki, guya hər il bu ərazilərə 1 milyon turist gəlir. Bu, mümkün deyil. Qarabağ yalnız Azərbaycan ərazisi kimi sülh şəraitində cəlbedici ola bilər”.

Millət vəkilinin sözlərinə görə, Petrosyanın mövqeyi Azərbaycanın siyasi, iqtisadi və hərbi fəaliyyəti nəticəsində daha da sabitləşir:

“Bu gün Ermənistanda seçkilərə yönəlik kampaniyalarda yenə Qarabağla bağlı müxtəlif bəyanatlar səslənir. Ancaq bu, 90-cı illərdəki kimi insanları öz ətrafında birləşdirə bilmir. Petrosyan da məhz bunları elmi cəhətdən təhlil edir. Bu mənada hətta çox arzulayırdım ki, Petrosyan Azərbaycan dövlət başçısı ilə görüş istəsin. Siyasi müxalif qrupun təmsilçisi olmağına baxmayaraq, o, beynəlxalq məkanda tanınmış insandır. Ermənistanda belə realist mövqe sahiblərinin hakimiyyətdə təmsilçiliyinin tərəfdarıyıq. Bir çoxları dərhal düşünür ki, o, erməni mühitinə məxsusdur, işğalda iştirak edib, üstəlik, bu adam Sərkisyandan fərqli oaraq ağıllıdır, siyasi həyat təcrübəsinə malikdir, Qərblə yaxşı münasibətlər quracaq ki, bu da Azərbaycanın ziyanına inkişaf edəcək. Mən belə düşünmürəm. Hazırkı dövrdə erməni əsgərinin səngərdən çəkilməsini istəyən hakimiyyət bölgədə sülh üçün mühüm addımlar atmış ola bilər. Ola bilsin, bu, müəyyən bir xaos doğursun və Rusiyanın həmin hakimiyyət qüvvələrinə qarşı təzyiqlərini artırsın. Ancaq Türkiyə və ya Şimali Qafqazda yaşayan ermənilərin real düşüncələrindən məlumatlıyıq. Hesab edirəm ki, bu siyasəti Azərbaycan öz xarici kursunda ifadə etməlidir”.

Millət vəkili onu da qeyd edib ki, aprelin 2-dən yeni bir siyasi konfiqurasiya yaranası deyil:

“Bəli, bu gün hərbi xunta prosesə bütövlükdə nəzarət edir və parlamentdə yerlərin böyük əksəriyyətini götürməyə çalışacaq. Ancaq erməni milli ideologiyasında dəyişiklik mühüm bir tarixi hadisədir. Petrosyan bunu addım-addım həyata keçirməkdədir”.

Geri qayıt