Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan buna imkan verməyəcək
Azərbaycan buna imkan verməyəcək8-03-2017, 08:30 |
Bu məsələni siyasiləşdirmək cəhdi yolverilməzdir. Çünki cinayət məcəlləsinin qərarı ilə vaxtaşırı onlarla, yüzlərlə insan məhkəmədən keçir. Ancaq nədənsə, o insanların müdafiəsinə heç kəs qalxmır, siyasi məhbus elan etmir və hakimiyyətdən bu insanların azad olunmasını tələb etmir. Bu sözləri Axar.az-a son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar tərəfindən Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlara münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, görünür, kimlərsə Mehman Hüseynovun həbs edilməsindən çox narahatdır: “Özünü beynəlxalq təşkilat adlandıran, əslində isə ayrı-ayrı ölkələrin QHT-si olan insanlar onun azadlığa buraxılmasını tələb edirlər. Harada görünüb ki, hansısa bir QHT-nin tələbi ilə həbs edilmiş insan heç bir hüquqi əsas olmadan azad olunsun? Qanun qarşısında hamı bərabərdir və hər kəs bilməlidir ki, tutduğu vəzifədən, yaşından, siyasi fəlaiyyətindən asılı olmayaraq, qanunlara riayət etməlidir. Mehman Hüseynov qanunu pozub və buna uyğun olaraq cəzasını alıb. Azərbaycan öz vətəndaşlarının həm hüquqlarının qorunmasını, həm də cinayət əməli törədərsə, onun cəzalandırılmasını həyata keçirən demokratik hüquqi dövlətdir. Hesab edirəm ki, bu cür hərəkətlər ölkənin müstəqilliyinə, hüquqi dövlət kimi fəaliyyət göstərməsinə qarşıdır, ona görə də xaricdən bəzi dairələrin təzyiqi yolveriməzdir. Azərbaycan heç bir halda buna imkan verməyəcək”. Qeyd edək ki, M. Hüseynov saxlandığı Nəsimi Rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, bloggerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Məhkəmənin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |