Əsas Səhifə > Partiya, Güney Press > “Qərbi Azərbaycandan qovulan 300 min türkün məsələsi gündəmə gətirilməlidir”

“Qərbi Azərbaycandan qovulan 300 min türkün məsələsi gündəmə gətirilməlidir”


2-02-2017, 10:18
“Qərbi Azərbaycandan qovulan 300 min türkün məsələsi gündəmə gətirilməlidir”
AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov vaxtiylə ermənilərə verilən İrəvan və toplam 9 min kv.km-lik ərazinin geri tələb edilməsinin zəruriliyini vurğulayıb. Həmin torpaqların ermənilərə müəyyən şərtlərlə verildiyini, lakin ermənilərin bu şərtlərin heç birinə əməl etmədiyini vurğulayan tarixçi alim, məsələnin Milli Məclisdə müzakirəsinin vacibliyinə toxunub.
Maraqlıdır, Azərbaycan Qarabağla yanaşı, İrəvan və digər torpaqların da geri qaytarılması məsələsini gündəmə gətirməlidirmi? Ölkəmizin bunun üçün yetərli diplomatik-hərbi gücü və beynəlxalq dəstəyi varmı?
Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli indiki məqamda bu tələbin siyasi gündəmə gətirilməsinin məqsədəuyğun olmadığını bildirib:
“Əgər Yaqub müəllim bunu bir alim, bir tarixçi kimi deyibsə, bu, başqa məsələdir. Lakin əgər Milli Məclis üzvü kimi deyibsə, bu, tamam başqa məsələdir. Bizim BMT-də öhdəliklərimiz var. Biz BMT-dən ərazi vahidlərimizə uyğun olaraq həm hörmət istəyir, həm də hörmət gözləyirik. Cənubi Qafqazda sərhədlərin yenidən qurulması ciddi şəkildə fəsadlar verə bilər. Dünyanın dəyişdiyi, etnik, regional, dini gərginliklərin artdığım bir zamanda bu cür məsələləri siyasi gündəmə daşımaq, bundan bəhrələnmək sadəcə olaraq mümkün deyil. Lakin bu ola bilər ki, Tarix İnstitutu müəyyən konsepsiyalar hazırlayıb müvafiq dövlət qurumlarına versin.
Baxın, biz Qərbi Azərbaycandan – Ermənistandan qovulan 300 min türkün məsələsini siyasi leksikonumuza daxil etmişikmi? Bu bizim xarici siyasətimizdə önəm daşıyırmı? Xeyr. Bu məsələnin qaldırılması məntiqli və ağıllıdır. Tarixi türk torpaqlarından türklərin deportasiyası məsləsini, onların öz yurdlarına qayıtması məsələsini siyasi gündəmə gətirməklə real nəticələrə nail ola bilərik. Təəssüflər olsun ki, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların geri dönmə məsələsi siyasi gündəmdə yoxdur. Halbuki, bu məsələni qaldırmaq gerçəkliklə daha çox uzlaşar.
Azərbaycanın ərazisi bir zamanlar bir milyon kv.km-in üstündə olub. Bu məsələəlri də qaldıra bilərik. Tarix bu günkü gerçəkliyi dərk etmək üçün spekulyasiya mənbəyi olmamalıdır. Tarix hazırkı real vəziyyətdə milli məsələlərimizin həll olunmasına dəstəkçi olmalıdır.
Bu gün əsas problemimiz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın bərpa edilməsidir. Bu gün Yaqub müəllim Milli Məclis üzvü olaraq konkret şəkildə Azərbaycanın suverenliyini ehtiva edən Anar adlı jurnalistimizin işdən qovulması məsələsinə münaibət bildirməlidir.
Biz onun qoyduğu məsələləri gündəmə daşımaq gücündəyikmi? O Milli Məclis, o akademiya sistemi bu cür məsələlərin arxasında durmaq gücündədirmi? Mən bu məsələlərlə bağlı nikbin fikir söyləyə bilmərəm. Ona görə ki, bu təfəkkür, bu zehniyyət o cür məsələlərin arxasında ola bilməz.
Azərbaycanın akademiya sistemi, o cümlədən ölkənin siyasi sistemi Borçalı məsələsinin arxasında dururmu? Əsla yox. Bu zehniyyət milli məsələlərimizin önə getməsində bir tormozlayıcı qüvvədir.
Göyçə, Zəngəzur və s. bizim tarixi ərazilərimizdir. Lakin 90-cı ildən başlayaraq artan deportasiya faktları siyasi gündəmə daşınarsa və bizim diplomatiyamızda əsas silahlardan birinə çevrilərsə, buna siyasi uğur deyərəm. Əgər Dağlıq Qarabağ ermənilərinin haqlarından söhbət gedirsə, 300 minlik deportasiyaya uğramış soydaşlarımızın hüquqları harda qaldı? Bu suala cavab tapmaq həm Tarix İnstitutumuzun, həm də digər qurumların borcudur”.

Geri qayıt