Əsas Səhifə > Partiya, Güney Press > “Sistemli islahatlar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq”

“Sistemli islahatlar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq”


4-01-2017, 09:08
“Sistemli islahatlar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq”
Yanvarın 3-də Milli Məclisin deputatı Əli Məsimlinin 64 yaşı tamam oldu. Doğum günündə deputatla əlaqə saxlayıb onu təbrik etdik, fürsət düşmüşkən doğum günündən başlayan söhbətimizi ölkə iqtisadiyyatının mövcud durumdan xilas yollarına qədər davam etdirdik.

- Əli bəy, doğum gününüzü necə qeyd etdiniz? Sizi ilk təbrik edən kimlər oldu?

- Biz doğum gününü ailə üzvləri çərçivəsində qeyd etdik. İlk təbriklər gecə sosial şəbəkə vasitəsilə başladı. Səhər ailə üzvlərim, universitet yoldaşlarım, Elmlər Akademiyasındakı iş yoldaşlarım, Milli Məclisdəki həmkarlarım və digər dostlar təbrik etdilər. Hamıya təşəkkür edirəm.

- Anadan olduğunuz günü daha çox harada qeyd etməyi sevirsiniz, Bakıda, Şəkidə, ya xaricdə?

- Xaricdə ad günü keçirməyi təsəvvür belə edə bilmirəm. Çünki mən xaricə yalnız beynəlxalq tədbirlərdə iştirak etmək üçün gedirəm. Ad günü tarixində Şəkidə oluramsa da, ad günü keçirmirik. Heç yada düşmür. Yəni Şəkidə ad günü keçirməyə zamanım olmur. Başqa işlərlə məşğul olmağa üstünlük verirəm. Bakıda isə ailə üzvlərim mənə demədən nəsə hədiyyə alır və stol açır, axşam oturub qeyd edirik.

- Maraqlıdır, keçmiş cəbhədaşlarınızdan da təbrik gəldimi?

- Bəli, əvvəllər cəbhəçi dostlar telefonla zəng edirdilər, son illər sosial şəbəkə xətti ilə cəbhəçilərdən də təbriklər gəlir.

- Sizin doğum tarixiniz (1953-cü il-E.P.) nədənsə mənə Stalinin ölüm ilini xatırladır. Bu barədə nə vaxtsa düşünmüsünüz?

- Mənim üçün stalinizmin qurbanlarının itkisi daha ağrılı olduğundan, düzü, bu haqda düşünməmişəm. Amma bu barədə mənə çox-çox xatırladıblar ki, “ayağın düşmədi, sən anadan olan ili Stalin öldü”. (gülür)

- Əli bəy, 2016-cı ili bədbin əhval-ruhiyyədə başa vurduq və 2017-ci illə bağlı da nikbin proqnozlar demək olar ki, yoxdur. Bir iqtisadçı kimi bu illə bağlı gözləntləriniz nədir?

- 2016-cı il müstəqil Azərbaycan tarixinin ötən əsrin 90-cı illərinin birinci yarısını - 1991-1995-ci illəri əhatə edən transformasiya böhranından sonra ən ağır keçən böhranlı il oldu. Hazırkı şəraitdə iqtisadi böhrana qarşı mübarizədə nəzərəçarpan pozitiv dəyişikliklərə nail olunmasının magistral yolu cəmiyyət həyatının bütün sahələrində radikal və sistemli, həm də real nəticələri cəmiyyətə görünən islahatlardan keçir. Sistemli islahatlar aparılmayacağı təqdirdə, iqtisadiyyatımızın həm maliyyə, həm real, həm də sosial sektorlarında böhran dərinləşməkdə davam edəcək. Əgər sistemli islahatlar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq və Azərbaycan tədricən öz inkişafının yeni trayektoriyasına çıxacaq.

- Manatın taleyi ilə proqnozunuz necədir?

- 2016-cı ilin sonlarına manatın rəsmi kursu 1dollar = 1,75 manat ətrafında “rəqs” elədi. Amma “qara bazar”da manatın məzənnəsi hazırkı zaman üçün real kurs hesab olunan həddə - yəni 2 manata yaxınlaşdı. İqtisadiyyatımızda böhran davam etdiyi müddətdə manat bundan sonra da ucuzlaşmaqda davam edəcək. Məsələ bundadır ki, manat ətrafında çox paradoksal bir vəziyyət yaranıb. Bir tərəfdən tam üzən məzənnəyə keçmək labüddür, digər tərəfdən isə iqtisadiyyatımız və maliyyə sektorumuz tam üzən məzənnəyə keçməyə hazır deyil. Belə şəraitdə manatın nə qədər ucuzlaşması aidiyyatı orqanların davranışlarından asılı olacaq. “Strateji Yol Xəritəsi”ndə deyildiyi kimi, 2017-ci ildə tam üzən məzənnəyə keçilsə və valyuta siyasəti də buna uyğun dəyişdirilsə, onda manatın dollara nisbətdə kursu sıçrayışli şəkildə aşağı düşə bilər. Tədiyyə balansındakı vəziyyət düzəlməsə, kapital axını səngidilməsə və həm də indiki ssenarı davam etdirilsə, dollara nisbətdə manat hələ bir neçə il orta hesabla 12-15 faiz dəyər itirəcək.

- Sizin və deputat həmkarınız Vahid Əhmədovun hökumətə təqdim etdiyiniz təkliflər açıqlanan “Yol xəritələri”ndə nəzərə alındımı?

- Bizim təklif etdiyimiz təkliflər tam olmasa da, müəyyən məqamları hökumətin siyasətində nəzərə alınır.

- Bu arada Azərbaycanın xarici borcları artır, gəlirləri azalır. Siz xaricdəki ehtiyatlarla bağlı nə təklif edirsiniz?

- Bizim xaricdəki valyuta ehtiyatları ilə bağlı təkliflərimiz yenə də eynidir. Yəni 2-3 milyard dollarlıq vəsaitdən, həmin maliyyə vəsaiti yırtıcıların yeminə çevrilməsin deyə, ciddi nəzarət mexanizmi yaratmaq şərtilə qeyri-neft sektorunun perspektivli sahələrinə yönəltmək lazımdır. Bununla yanaşı, müxtəlif yollarla ölkədən çıxarılan pullar da ölkəyə gətirilməlidir. Onda nisbətən qısa zaman kəsiyində ölkədə güclü, şaxələnmiş və rəqabətə davamlı qeyri-neft sektoru yaratmaq, deməli, manatın nisbi sabitliyini etibarlı şəkildə təmin etmək, çoxsaylı iş yerləri açmaq, regionları qaldırmaq və həyat səviyyəsini yüksəltmək olar.

- Bu yaxınlarda mətbuatda qeyd olunmuşdu ki, Norveçin 900 milyardlıq valyuta ehtiyatları olsa da, beynəlxalq yarışlara ev sahibliyi etməkdən imtina edir. Necə bilirsiniz, Azərbaycan da gələcəkdə belə yarışlardan imtina etməlidirmi?

- Azərbaycan yetərincə sayda iri beynəlxalq tədbirlərə ev sahibliyi edib və hələ bir neçəsinə də etməlidir. Azərbaycan, valyuta gəlirləri çox olan vaxtlar qəbul etdiyi öhdəliklərə təbii ki, əməl etməli və həmin tədbirlərdən sonra isə fikrimizcə, ta iqtisadiyyatımız özünə gələnə qədər iri məbləğlı xərcləmələr tələb edən tədbirlərə ev sahibliyini öz üzərinə götürməməlidir.

- Gözləntilər var ki, fevral-mart aylarında vitse-prezidentlər təyin olunacaq. Siz bu təyinatlardan sonra nə gözləyirsiniz? O zaman yenə də indiki komanda iş başında olacaq, ya tərkib yenilənəcək?

- Hazırda komandanın bir hissəsi prezidentin islahatlar paketini həyat keçirməklə məşğuldur. Bir hissəsi isə gözləmə mövqeyindədir. Bu baxımdan hazırda Nazirlər Kabinetinin fəaliyyətinin ən qüsurlu cəhəti onda deyil ki, bu kabinetə daxil olanların bir hissəsi Azərbaycan iqtisadiyyatının problemlərinin həllini günün tələbləri səviyyəsində görmürlər. Bəla ondadır ki, onların bir hissəsi hələ də Azərbaycan iqtisadiyyatının neft gəlirlərinin gəlhagəlli vaxtının nostaljisinin təsirindən çıxa bilmədiklərindən, “bəlkə də qayıtdı” hisslərinə qapılıb iqtisadiyyatımızın ciddi böhran yaşadığı dövründə də heç bir problem görmürlər. Problem görmürlərsə, həllinə də yetərli səviyyədə girişmirlər.

Bu isə ölkəni daha dərin böhranlara, sistem böhranına apara bilər. Ona görə də Nazirlər Kabinetinin bundan sonra da fəaliyyətini bu cür davam etdirməsini dövlətçiliyimiz üçün təhlükəli hesab edirik. İslahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, itkilərimizi minimuma endirməklə, yenidən sürətli inkişaf trayektoriyasına çıxa bilək. Azərbaycanın buna potensial imkanı yetərincədir. Çatışmayan yeganə məqam isə islahatçı, mobil və çevik hökumət modelinə keçidin sürətləndirilməsidi ilə bağlıdır. Vitse-prezidentlər institutunun uğurlu formalaşdırılması buna impuls verə bilər. Hazırkı dövrün problem, təhlükə və çağırışlarına adekvat cavab verə bilən, islahatçı, optimal ölçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla tətbiq etməyi bacaran, çevik hökumət modelinə keçidi sürətləndirmək lazımdır. Yalnız bu halda 2017-ci il qeyd etdiyimiz kimi, Azərbaycanda son böhran ili olacaq və iqtisadiyyatımız iqtisadi artımım keyfiyyət və səmərəlilik göstəricilərinin yüksəlməsi ilə müşayiət olunan inkişafın yeni trayektoriyasına yön alacaq.

- Ölkədə bahalaşma davam edir. Ekspertlərsə deyir ki, bu, qlobal bir məsələ deyil. Deyək ki, Yeni Zelandiyada 2-3 manata olan kərə yağı bizdə 12 manatdır. Bəs, bu vəziyyəti necə dəyişmək olar?

- Qiymət artımını səngitməkdən ötrü çox iş görmək lazımdır. İlk növbədə inhisarçılığı aradan qaldırmaqla ölkədə yerli istehsalı inkişaf etdirmək, xaricdən gətitilən malların mümkün hissəsinin istehsalını ölkəmizdə təşkil etmək, qeyri-neft sektorunun eksport imkanlarını genişləndirmək və əlavə valyuta qazanmaqla bazara böyük həcmli valyuta çıxaranların sayını artırmaq və beləliklə də manatın nisbi sabitliyinə nail olub, idxal inflyasiyasını zəiflətmək lazımdır.

- Əli bəy, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün vaxtaşırı təkliflər verirsiniz. Maraqlıdır, sizə hökumətdə hansısa vəzifəni tutmaqla bağlı təklif olubmu? Əgər olmayıbsa və bundan sonra təklif gəlsə, mandatı vəzifəyə dəyişərsinizmi?

- Xeyr, hökumətdən mənə vəzifə təklif olunmayıb. Bizim üçün vəzifə yox, ölkənin böhrandan çıxarılması daha böyük önəm daşıyır. Antiböhran tədbirlərini həyata keçirən islahatçı komanda formalaşsa, belə komandaya istənilən məqbul formada və vəzifə tutmadan dəstək verə bilərik.

Musavat.com

Geri qayıt