Əsas Səhifə > Partiya, Güney Press > “AXCP-dəki radikal antimilli qüvvələr “beşinci kolon”durlar”

“AXCP-dəki radikal antimilli qüvvələr “beşinci kolon”durlar”


27-12-2016, 08:39
“AXCP-dəki radikal antimilli qüvvələr “beşinci kolon”durlar”
Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şuranın radikal fəalları Nardaran hadisələri ilə bağlı həbs olunan şəxslər barəsində Azərbaycan dövlətçiliyinə qarşı "piar" kampaniyalarına başlayıb. Onlar Hacı Tale Bağırzadə və digərlərinin günahsız yerə həbs olunduğunu iddia edirlər. Eləcə də xaricdən maliyyələşən bəzi qüvvələr Azərbaycanın məhkəmə sistemi və digər strukturlarına qarşı iftira dolu bəyanatlar səsləndirməklə məşğuldur.

Millət vəkili Elman Nəsirov hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura antimilli qüvvələrdir. Səbəb odur ki, onlar indiyə qədər Azərbaycanın dünya əhəmiyyətli, böyük uğurlarına sevinməyiblər:

“Yadınızdadırsa, 2015-ci ildə ölkəmizdə Birinci Avropa Oyunları keçirildi. Həmin yarışlarda Azərbaycan komandası medalların sayına və əyarına görə Rusiyadan sonra ikinci yeri tutdular. Nə AXCP, nə də Milli Şura üzvlərindən bir nəfər bu haqda xoş bir söz demədi. Ölkədəki ictimai sabitliklə bağlı bir dəfə də olsun dillərinə xoş söz gətirməyiblər. Onlar görmürlərmi ki, regionumuzda, dünyada nələr baş verir. Hər yan od-alov içindədir, AXCP üzvləri isə ölkəmizdəki bu təhlükəsizlik mühitini nədənsə görmək istəmirlər. Məhz bütün bunlara görə, onları antimilli qüvvələr hesab edirəm. Onlar hər zaman bu ölkəyə qarşı qarayaxma kampaniyası aparıblar. Həmin adamların özləri bu cür hərəkət etsələr dərd yarıdır. Təəssüf ki, həmin AXCP və Milli Şura üzvləri antiAzərbaycan kampaniyası aparan beynəlxalq güclərin əllərində alət olublar. Dünyada bundan aşağılayıcı hal ola bilməz. Azərbaycanı sevməyən qüvvələrin əlində alət olmaqdan aşağı nəsə varmı?!”.

Millət vəkilinin sözlərinə görə Milli Şura və AXCP üzvlərinin Azərbayacanda məhkəmə sistemlərinə və dövlətçiliyə qarşı təbliğat aparmasının bir neçə səbəbi var:

“Onlar çalışırlar ki, Nardaran hadisələri ilə bağlı özlərinə xal toplasınlar. Nardaranda ekstremizm meyilləri hökm sürürdü. Təbii ki, orada 100 faiz xarici qüvvələrin iştirakı var idi. Belə qüvvələr olmadan Nardaranda dövlətə və dinə qarşı hərəkətlər baş verməzdi. Oraya xaricdən müəyyən maliyyə yardımları da olunurdu. Belə bir vəziyyətdə özünü radikal hesab edən AXCP və Milli Şura üzvləri xaricdəki havadarlarının dirijor çubuğu altında Nardaran hadisələrinə rəng qatmaq istəyirlər. Başqa məna verməyə çalışırlar. Eyni zamanda, dövlətçilik əleyhinə təbliğat və təşviqat işləri aparmaqla məşğuldurlar. Ən başlıcası isə həmin antimilli qüvvələr konkret cinayət əməlinə görə məhkəmə prosesinə cəlb edilmiş insanların müdafiəçisi statusuna iddialıdırlar. Onlar özlərini demokrat hesab edirlərsə, bilməlidirlər ki, bu cür insanları ancaq və ancaq məhkəmənin qərarı ilə həbs etmək olar. Ölkə daxilindəki anti-milli qüvvələr bununla da “beşinci kalon” funksiyasını həyata keçirirlər. Xalqımızsa bunu görüb. Onların 1 illik hakimiyyətləri dövründə nəyə qadir olduqlarını çoxdan duyub. Xalq onlara üz tutan deyil. AXCP və Milli Şura xalq içindəki dayaqlarını çoxdan itirib”.

Geri qayıt