Əsas Səhifə > Partiya, Güney Press > "Bu sərəncamın verilməsi ailələrə işıq saçardı"

"Bu sərəncamın verilməsi ailələrə işıq saçardı"


26-12-2016, 08:05
"Bu sərəncamın verilməsi ailələrə işıq saçardı"
Yeni il öncəsi əfv sərəncamının olub-olmayacağı ilə bağlı müəmmalı vəziyyət yaranıb. Belə ki, bu ayın əvvəllərindən etibarən əfv olacağı ilə bağlı Əfv Komissiyanın üzvləri və hüquq müdafiəçiləri ümid dolu açıqlamalar versələr də, bunun ömrü qısa oldu.

Ayın ortalarından etibarən əfv məsələsi tamamilə gündəmdən düşdü. Ötən həftə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında sərəncamın ola bilməyəcəyinin anonsunu verdi. Hüquqşünas buna əsas kimi, bu ilin martında verilən əfv sərəncamını və yayda qəbul edilən amnistiya aktını əsas gətirib. Bununla belə o, ölkə başçısının müstəsna hüququ olduğuna görə, istənilən an əfvin veriləcəyini də istisna etmədi. Qeyd edək ki, müstəqillik dönəmində, demək olar ki, hər Yeni il ərəfəsində əfv sərəncamının verildiyinin şahidi olmuşuq.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı ümidini hələ də kəsmədiyini bildirdi: “Bu sərəncamı vermək cənab prezidentin səlahiyyətindədir. Son 23 il ərzində nadir hallarda olub ki - indi o illəri xatırlamıram - əfv sərəncamı verilməsin. Hətta deyərdim ki, 2-3 belə il olub. Baxmayaraq ki, o illər ərzində əfv sərəncamları verilmiş, amnistiya aktı qəbul edilmişdi. Yeni ildə mütləq nəsə olduğunun bu istiqamətdə az şahidi olmamışıq. Daha çox əfv verilən illər xatirimdədir. Hətta kimlərin hansı əfvlə çıxdığını belə unutmamışam. Əlimi yenə də üzmürəm. Bildiyiniz kimi, İşçi Qrupuna daxil olan bir hüquq müdafiəçisi olaraq, araşdırma aparmışıq, kimlərin azad olunub-olunmayacağını analiz etmişik. Bizim siyahıda elə şəxslər var ki, cəzalarının böyük hissəsini çəkiblər, elələri də var ki xəstədir. Bunları gözümüzün qarşısına alaraq, bu əfvi gözləyirik. İndiyə qədər hamının ümidsiz olduğu bir vaxtda əfvin verildiyinin də az şahidi olmamışıq. Əliməmməd müəllim Əfv Komissiyasının üzvüdür, komissiya daimi işləyir. Onun fikirlərində də haradasa həqiqətlər var. Hər şeyə rəğmən, əfv sərəncamı ola da bilər. Çox ümid edirəm ki, bu sevinc xəbəri ailələrə ilin sonunda ruh yüksəkliyi gətirəcək. İlimiz çox ağır oldu, itkilər verdik, sosial problemlər yaşadıq. Bu sərəncamın verilməsi ailələrə işıq saçardı. Humanizmin əsas götürülərək, bu sərəncamın veriləcəyinə çox ümid edirəm”.

Hüquq müdafiəçisi hazırda daha çox diqqətdə olan REAL sədri İlqar Məmmədovun da məsələsinə toxundu: “Müxtəlif şeylər danışırlar. Təsadüfi bir şey ola bilər ki, İlqar Məmmədov heç nə olmadan azadlığa çıxsın. Ümidimi itirmirəm. Çünki belə halların zamanında şahidi olmuşam. Yaxşı yadımdadır, 2003-cü ilin bu vaxtları heç kəsin ümidi yox idi ki, o insan azadlığa buraxılsın, siyahıda adı belə yox idi. Amma cənab prezident İsgəndər Həmidovun adını o siyahıya salaraq, onu azadlığa buraxmışdı. İsgəndər bəyə 14 il iş vermişdilər, o, 9 ildən sonra azad olundu. Yəni belə hallar olur. Hər şeyi gözləməliyik. Çox ümid edirəm ki, dekabrın 31-də Yeni ilə 1 dəqiqə qalmış belə bu sərəncam verilsin. Hüquq müdafiəçisi heç vaxt ümidini kəsməməlidir, daim işləməlidir. O insanların azad olunması üçün işimizi görməliyik. Beynəlxalq təzyiq etdilər, filankəs o təşkilatların təzyiqi ilə azadlığa çıxdı kimi fikirlər mənasızdır. Əgər iradə, istək, humanizm varsa, belə sərəncamlar verilir və həmin məhbuslar azad olunur. Beynəlxalq təşkilatlara siyahılar göndərmək populizmdən başqa bir şey deyil. Beynəlxalq təşkilatlara 160 nəfərlik siyahı göndəriblər. Orada elə şəxslər var ki, siyasi məhbus kriteriyalarına uyğun belə gəlmirlər. Bəzi şəxslərə lazımdır ki, siyahı geniş olsun. Çünki o halda onlar üçün daha yaxşıdır. Onlar bundan qazanırlar. Bunlara yol vermək olmaz”.

Geri qayıt