Əsas Səhifə > Partiya, Güney Press > “Deputatlar zəhmət çəkib kəmərlərini bir az bərkitsinlər”

“Deputatlar zəhmət çəkib kəmərlərini bir az bərkitsinlər”


18-11-2016, 11:40
“Deputatlar zəhmət çəkib kəmərlərini bir az bərkitsinlər”
"Dövlətimiz ilk öncə müəllimlərin və həkimlərin maaşlarını qaldırmalıdır." - Tahir Süleymanov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədovun “Deputat maaşı ilə dolana bilmirəm. Çünki maaş 2200 manatdır” açıqlaması cəmiyyətdə, xüsusilə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Müəyyən bir təbəqə 2200 manatın onlar üçün əlçatmaz olmasını, başqa bir təbəqə isə illik maaşlarının bu qədər olmadığını bildirib. Bəzi deputatlar isə həmkarının səsinə səs verib. Məclis üzvlərindən olan Aqil Abbas və Fazil Mustafa da əmək haqqlarının az olmasından şikayətləniblər.

Millət vəkili Fəzail Ağamalı AzNews.az -a açıqlamasında deputatların maaşlarının artırılmasının məqbul hesab etmədyini bildirib:

“Buna ehtiyac da yoxdur. Deputatların maaşı yüksək katiqoriyaya daxildir. Danışanda bunu nəzərə almaq lazımdır. Hər bir deputatın təklif vermək hüququ var və o tanınıb, hörmət edilməlidir. Mən də öz hüququmdan istifadə edib deyirəm ki, maaşların artırılmasının tərəfdarı deyiləm. Deputatlar da zəhmət çəkib kəmərlərini bir az bərkitsinlər. Bu da mənim təklifim”.

Milli Məclisi üzvü, deputat Tahir Süleymanov isə qeyd edib ki, bu gün cəmiyyətdə ziyalıların, səhiyyə işçilərinin, müəllimlərin və başqa sahələrdə çalışanların əmək haqqları azdır:

“Belə vəziyyətdə hər hansı bir deputatın əmək haqqlarının qaldırılmasından danışmağa dəyməz. Əvvəlcə yuxarıda sadaladığımız sahələrin əməkdaşlarının maaşları qaldırılsın. O ki qaldı çatışmazlığa, əlbəttə deputatın da özünün xərcləri, hər birimizin qayğıları, seçicilərimiz var. Vaxtaşırı seçicilərlə görüşməliyik. Dövlətimiz ilk öncə müəllimlərin və həkimlərin maaşlarını qaldırmalıdır. Lap sonda da deputatların maaşlarına baxılmalıdır.”

Şair Rüstəm Behrudi isə 2200 manatın deputatlar üçün çox olduğunu vurğulayıb:

“Əgər doğrudanda hər hansı bir deputat bu gün maaş azlığından danışırsa, hesab edirəm ki, aldıqları pul onlara çoxdur. Bu gün xalqın 70-80 %-I çox aşağı dərəcəli maaşala dolanır. Bunu görən və bilən hansı deputat maaş azlığından danışa bilər? Onların deputat maaşları yetərlidir. Bu açıqlamanı verən deputat Azərbaycan xalqının ziyalı təbəqəsinin, həkimlərin, müəllimlərin aldığı maaş cədvəlinə baxmalıdır. Əsl deputat o zaman utanmalıdır. Hesab edirəm ki, bu səhv düşüncədir”.

Geri qayıt