Əsas Səhifə > Partiya, Güney Press > "Ölkə başçısı birmənalı şəkildə bildirdi ki..."
"Ölkə başçısı birmənalı şəkildə bildirdi ki..."16-11-2016, 08:38 |
Ölkə başçısının hərbi təlimlərlə bağlı cəbhə bölgəsinə səfəri ermənilərə və onların himayədarlarına mühüm mesaj idi. Bu sözləri Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri ilə bağlı Axar.az-a danışarkən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Millət vəkili bildirib ki, Dağlıq Qarabağ məsələsinin həll prosesinin uzadılması müharibə riskini artırır: “Prezident İlham Əliyevin hərbi təlimlərlə bağlı cəbhəyə səfəri ermənilərə və onların himayədarlarına mühüm mesaj idi. Ölkə başçısı birmənalı şəkildə bildirdi ki, Azərbaycan torpaqlarının işğalını davam etdirəcəklərinə inananlar yanılırlar. Baş verənlərdən dərs çıxarmayanlar Aprel hadisələrini təkrar yaşamalı olacaqlar, çünki Azərbaycan öz torpaqlarını heç vaxt güzəştə getməyəcək”. Politoloq Prezidentin cəbhə bölgəsinə səfərindən cəmi iki gün sonra Rusiyanın Ermənistanla birgə Vahid Ordu Bölmələri yaratmaq qərarına da münasibət bildirib: “Bu, reallıqda heç nəyi dəyişmir. Ona görə ki, rus ordusu onsuz da Ermənistanda yerləşib. Ancaq hamı üçün tamamilə aydındır ki, rus ordusu erməni generalının tapşırığını yox, əksinə, erməni generalı rus ordusunun tapşırığını yerinə yetirəcək. Hər halda Rusiyanın bu addımı tamamilə mənfi bir qərardır. Çünki Rusiya tərəfindən atılan belə addımlar ermənilərin iddialarını artırır”. Qeyd edək ki, Azərbaycan noyabrın 12-də, Konstitusiya günündə 60 min hərbçi, yüzlərlə ağır texnika və artilleriya qurğusunun iştirakı ilə irimiqyaslı hərbi təlimlərə start verib. Təlimlər noyabrın 18-dək davam edəcək. Eyni gündə Prezident İlham Əliyev Füzuli və Beyləqan rayonlarına səfər edib. Ordumuzun istənilən an düşmən hədəfini məhv etməyə qadir olduğunu bildirən ölkə başçısı vurğulayıb ki, əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasa, gələcəkdə Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq. Əməliyyatları izləyən düşmən Azərbaycan ordusunun təmas xəttində fəallığını artırmasından narahatlığını gizlətməyib. Geri qayıt |